“Əxlaqi mutant”lar kimdir və onlar nə istəyir?..


Sözünə etibar ediləsi yazar az qalıbdır. Çox az. Odur ki, bəzən bu və digər hadisə haqqında yazarkən başqaları ilə müqayisədə gecikirəm;  inandığım yazarların münasibətini gözləyirəm ki, hər şey doğru-dürüst olsun, qaş qayıran yerdə göz çıxarmayım.

Balaca məktəbli qızın faciəli, dəhşətli intiharı ilə bağlı da belə oldu - demək olar ki, bu xüsusdakı yazıları və məlumatları bircə-bircə oxudum. Həqiqətən də dəhşətdir və deməyə sözüm yoxdur...

Bircə onu deyəcəm ki, əslində bu hadisə Avropa Birliyilə saziş imzalayacığımız bir ərəfədə bizim necə quruluş, ələlxüsus da necə bir  cəmiyyət olduğumuzu nümayiş etdirdi aləmə...

Söhbət ondan getmir ki, başqa yerlərdə intiharlar olmur. Olur, o cümlədən də yeniyetmələr və gənclər arasında. Məsələ bunda deyil, ondadır ki, bəs bizə -yaşlı insanlara nə olub, niyə ürəklərimiz bu qədər daşlaşıb, niyə pul və vəzifə bu qədər gözlərimizi tutubdur? Niyə onların  naminə faktiki olaraq cani olmağa belə hazırıq?..

Düşünmürəm ki, bunun yerli-yataqlı bir “izah”ı, “bəraət”i olsun. Axtarsan, burada quruluş-filan da günahkar deyil, biz toplum olaraq həmişə belə olmuşuq və indi də beləyik. Odur ki, bir-iki ay bundan əvvəl hazırda mühacirətdə yaşayan yazarımızın bir cümləsi düşür yadımıza; “Orta statistik azərbaycanlı çox şeydir, amma 21 -ci əsrin insanı deyil”...

Qərəz, elə bütün bunları götür-qoy edirdim ki, Rusiya saytlarından birində bir professorun yazısı gözümə sataşdı. Keçid dövrünün əxlaqi tiplərindən yazmışdı - əlbəttə ki, öz prizmasından və bunu ayrıca qeyd etmişdi ki, bunlar mənim subyektiv qənaətimdir, ola bilsin ki, sizin fərqli  yanaşmanız-baxışınız var. Elə biz də həmin yazıdan bəzi məqamları bu məntiqlə qabaradırıq, başqa iddiamız yoxdur. 

Yazıda bir-iki detal diqqətimi çəkdi. Bilirsiniz, onlar olduqca maraqlıdır. Belə məlum olur ki, dünyada 101 milyarderlə beşinci yerdə olan bu ölkədə yalnız 2018-ci ildə multimilyonerlərin, xüsusi halda sərvəti 30 milyon dollardan çox olan insanların sayı düz 7 faiz artıbdır.

Amma maraqlısı nədir? Eyni zamanda rəsmi məlumatlara görə 2012-ci ildən bu tərəfə Rusiyada orta statistik vətəndaşın gəlirləri 12 faizə qədər azalıb və yoxsulların sayı 14 milyondan 22 milyon nəfərə qədər artıbdır!

Olduqca təzadlı statistikadadır, deyilmi? Bir nəfər varlanır, bunun əvəzində minlərlə adam yoxsullaşır! Amma ziddiyyət-filan axtarmayın, əslində hər şey məntiqli və izah olunandır. Məsələ bundadır ki, bu ölkənin varlıları kasıbların və orta təbəqənin hesabına varlanırlar. Odur ki, multi-milyonerlərin də sayı artır, yoxsulların da - pul minlərlə ciblərdən onlarla cibə axır; bəli, bu məsələnin riyaziyyatı-hesabı budur...

Elə bu səbəbdən müəllif əxlaqa, mənəvi dəyərlərə diqqət çəkir: Görünür, bədbəxt oğlu vəziyyətin digər üsullarla düzələcəyinə tamamilə  inamını tamam itiribdir.

Bir az əvvəldə yazdım ki, o, bir neçə əxlaqi, davranış tipi müəyyən edib. Onlardan bizim üçün diqqət çəkəni “əxlaqi mutant”lar oldu.

Bu adamlar həyatlarıının önəmli hissəsini fərqli siyasi, mənəvi dönyagörüşü hökm sürən sistemlərdə yaşayıblar, amma müvafiq keçid dövründən sonra özlərini tamam, diametral dərəcədə əks bir dəyərlərin tərəfdarları elan ediblər. Ən əsası isə budur ki, bu insanlar bütün situasiyalarda vəzifəyə, sərvətə və hakimiyyətə iddialıdırlar...

Bunları oxuyanda kiçicik Azərbaycanı təsəvvür etməyə çalışdım və birdən dəhşətə gəldim. İlahi, bizdə, bizim kiçik ölkəmizdə nə qədər belə insan var!

Bunlar üçün əslində heç zərrə qədər fərqi yoxdur ki, müstəqil, yaxud asılı ölkədə, demokratik, yaxud da totalitar bir dövlətdə, dindar, yaxud da ateist cəmiyyətdə yaşayırlar - əsas odur ki, öndə bunlar olmalıdırlar, hər şey bunların əlində olmalıdır; sərvət də, vəzifə də, şöhrət də...

Bəli, bunun üçün hər şeyə hazırdırlar. Hətta can üstündə olan, yaralı uşağı təcili xəstəxanaya çatdırmaq əvəzinə sorğu -suala da tuta bilərlər.

Odur ki, biz azca əvvəl dediyim sözlər yadıma düşür: Vallah, düz deyibdir ki, biz çox şeyik, amma 21-ci əsrin insanları deyilik. On illərdir ki, düzü-dünyanı ikili standartlara görə ittiham edirik, amma bir suala cavab vermirik ki, qardaşlar, bacılar, gəlin görək, özümüzün heç olmasa, hər hansı bir standartımız varmı?..

Hüseynbala Səlimov
Tarix: 16-04-2019, 09:28
Xəbəri paylaş





Xəbər lenti