İdolu Eskobar olan narkotacir


Bizdə bir  sosial-psixoloji mərəz də var - təqlidçilik. Özümüzə uzaq ellərdən bir etalon, kumir, idol seçər, ona pərəstiş edər, bənzəməyə çalışarıq.

Məsələn, biz uşaq olanda idolumuz Pele idi. Yayda-yazda qızmar günəşin altında 3-4 saat futbol oynamaqdan qaralıb kösövə dönmüş, dəri rəngi baxımından idolumuza yaxınlaşmışdıq. Futbol köynəyimizin kürəyinə onun formasının nömrəsini, bəzən də adını yazırdıq (yeri gəlmişkən, dünən bəzi saytlar Peleni “öldürmüşdülər”, amma yaxşı ki, bu dizinformasiya (mən diz üstə yazılan saxta informasiyalara belə ad qoymuşam) təsdiqlənmədi).

Sonra Maradona çıxdı, Pelenin krallığının yarısını əlindən aldı. Onu da bizdən sonrakı nəsillər özünə kumir seçdi. Sadəcə, Diyeqonun narkomanlığı ümummilli kumir olmasını əngəlləyirdi. 

Bu saat axtarsaq, məlum olacaq ki, gənc və yeniyetmə futbolsevərlərimizin də idolu Messi və Ronaldodur. Düzdür, arada bir haçalanma var, amma çoxları məhz (yarı-yarıya bölünərək) onlara bənzəmək, onlar kimi oynamaq, onlar qədər qazanmaq istəyir. Amma necə deyərlər, xəyallar “Barsa”, reallıq - “Zirə”.

Yazıçılarımızın da öz kumiri var - Markes, Kafka, Prust, Murakami, Pamuk və başqaları (bu, bir az zövq, bir az da ədəbi ambisiya, lap dəqiq desək, höcətlik məsələsidir, bir yazıçı o birinin kumirinə, pis çıxmasın, tamah salmaz - az qala hər yazıçının öz idolu var).

Düzdür, bəzi müğənnilərimiz Rihanna, Beyons, Ledi Qaqa kimi dünya ulduzlarını bəyənmir, hətta “biz bu paltarı onlardan qabaq geyinmişik” kimi cümlələr qururlar, amma hiss edirsən ki, onların da bu xüsusda öz dünyaca məşhur kumirləri var - gizli-gizli pərəstiş edirlər.

Bir dənə kriminal sektorumuzdakı fəalların öz idolları barədə açıqlama vermələri qalmışdı, şükür ki, o da oldu. Srağagün yaxalanan və üstünə “narkobaron” adı qoyulan narkotik maddə alverçisinin kumirinin məşhur kolumbiyalı qanqster, narkobaron Pablo Eskobar olduğu ortaya çıxdı.

Yəqin ki, bu ölkədə əlinə “Kazbek” götürən istənilən adam, eləcə də qəzet-kitab oxuyan hər kəs Eskobarı tanıyır. Adam sağlığında dünya şöhrəti qazanmışdı, indi də əfsanəyə çevrilib. Hətta dünya şöhrətli yazıçı Qabriel Qarsia Markes də romanlarından birində (“Qaçırılmışlar”) öz şöhrətli eloğlusundan bəhs edib.

Söz yox, Eskobar gerçəkdən narkobaron olub, adam təkcə ABŞ-a təyyarələrlə, gəmilərlə tonlarla heroin, kokain göndərib, tonlarla dollar əldə edib, əlinin altında minlərlə silahlı döyüşçü olub. Zamanında o, hökumətlərlə hökumətlik edib, hətta bir ara tutub türməyə salıblar, türmənin faktiki rəisi özü olub, bezəndə təzədən qaçıb, axırda isə anası ilə telefonda iki dəqiqə artıq danışdığına görə yeri təsbit edilib və vurulub.

Bizdə isə cibində şəxsi istehlak miqdarından 3-4 “baş” artıq şey çıxan adama “narkobaron” deyirlər. Türmədə bu cür “yetim-yesir narkobaronlar” çoxdur. Onlar bu adları ilə qürur duya bilərlər, amma “quru bəylik” kimi, bu da quru narkobaronluqdur. Adama deyərlər, narkobaronsansa, hanı sənin şəxsi təyyarən, şəxsi gəmin, silahlı batalyonların, milyardların və s.

Görünür, özünə “Eskobar” ləqəbi götürən və sinəsinə iri hərflərlə “Pablo Eskobar” döyməsi həkk etdirən həmvətənimizin də belə bir arzusu olub ki, gün gəlsin, o da inkişaf edib Eskobar kimi şan-şöhrətli və qüdrətli narkobarona çevrilsin. Amma necə deyərlər, bu da qismət işidir. Xəyallar Medelin, reallıq - Kürdəxanı...

Nə edəsən, bu sevgidir... İnsanlar kumirsiz yaşaya bilmir. Sadəcə, idolun əldə etdiyi nailiyyətləri qazanmaq, onu təkrarlamaq mümkün deyil. Bu ölkədə kosmonavt olmaq istəyən yeniyetmələrin 99 faizi nəinki kosmonavt və ya təyyarə pilotu ola bilmədilər, əksəriyyəti heç sərnişin kimi təyyarəyə də minə bilmədilər.

İndi xətaili “Eskobar” da qol qoyduğu xətalı əməllərə görə gedib türmədə yatacaq, bəlkə o da kolumbiyalı idolu kimi türmədən qaçmaq istəyəcək, amma yəqin ki, bu da xəyal olaraq qalacaq. Çünki bu işdə çox çətindir. Türmədən qaçanları keçən il gördük, üç aydan sonra ili olacaq.

Samir SARI
Tarix: 17-04-2019, 08:37
Xəbəri paylaş





Xəbər lenti