"Pul verirdi ki, Rəsul Quliyev prezident seçilsə..." - DTX-nın həbs etdiyi jurnalistin cinayət işi


DTX-nın həbs etdiyi jurnalist hakim qarşısına çıxarılıb. O, reketlik etməkdə ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zakir Hüseynov ifadə verib. O, deyib ki, əvvəllər məktəb direktoru olub, sonra isə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri olub və indi də həmin vəzifədə çalışır.

Zakir Hüseynov söyləyib ki, İkram Rəhimovu məktəb direktoru olduğu zamandan tanıyıb. Bildirib ki, İkram Rəhimov məktəbə jurnalist kimi gəlirmiş: "2000-ci ilin əvvəllərində barəmdə yazı yazdığına görə tanışlığımız yaranmışdı. 2014-cü ildə bir dəfə zəng elədi ki, maşını qırılıb, yolda qalıb. Mən də pul verdim. Sonra da mütəmadi olaraq pul istədi. Barəmdə yazı yazacağını bildirdi".

Zakir Hüseynov suallara cavabında deyib ki, İkram Rəhimov əvvəlcə "Hürriyyət" qəzetində işləyib və ilk yazını da orada yazıb: "Mən Gəncədə məktəb direktoru idim. Həmin ərəfədə məktəbdə görülən abadlıq işləri ilə bağlı şantaj xarakterli yazı yazdı. O zamandan mən İkramı tanıdım. O zaman yazdığı yazıya görə 20 manat verdim ki, davam etdirməsin".

İkram Rəhimov isə həmin zaman manatın dövriyyəyə buraxılmadığını deyib. Zakir Hüseynov fikrinə düzəliş edib və İkram Rəhimova 20 şirvan verdiyini söyləyib. Zərərçəkmiş deyib ki, sonra dəfələrlə İkram Rəhimov məktəbə gəlib və ona müəyyən məbləğlərdə pul verib.

İkram Rəhimov zərərçəkmişin dediklərinə etiraz edib. Bildirib ki, zərərçəkmiş kimi tanınan Zakir Hüseynov "Hürriyyət" qəzetinə abunə olub, pulu da buna görə verib: "Həmin ərəfədə - 2003-cü ildə prezident seçkiləri ili idi. "Hürriyyət" qəzeti də Rəsul Quliyevin idi. Bu adam da qəzetin Rəsul Quliyevin olduğunu bilirdi. Ona görə də abunə olmuşdu, pul verirdi ki, birdən Rəsul Quliyev prezident seçilsə, ayaq yeri qoysun. Bu məqsədlə qəzetə pul verib. Mən özüm bu adama dəfələrlə kömək eləmişəm. Seçki kampaniyalarında dəstəyim olub".

Zakir Hüseynov isə İkram Rəhimovun bu çıxışına kəskin etiraz edib. Bildirib ki, ömür boyu hakimiyyətə sadiq olub:"Mən daim Heydər Əliyevin siyasətini dəstəkləmişəm. Gəncədə YAP-ın qurucularından biri olmuşam. Cənab prezidentə sədaqətlə xidmət eləmişəm. Bu gün də bu xidmətimi davam etdirirəm. "Hürriyyət" qəzetinə abunə olmamışam. Bunu xatırlamıram".

İkram Rəhimov isə deyib ki, arxivdən Zakir Hüseynovun qəzetə abunə olmasını sübut edən sənədi almaq mümkündür. Vəkil Elçin Sadıqov zərərçəkmişə sual verərək soruşub ki, maşını xarab olduğu üçün İkram Rəhimovun ondan pul istəməsi hədə-qorxu ilə tələb etmədirmi?

Z.Hüseynov cavab verib ki, İkram Rəhimov həmin hadisədən əvvəl də, sonra da onu hədələyərək, şantaj edərək pul tələb edib. Vəkil Zakir Hüseynovdan soruşub ki, 17-18 il şantaj olunduğunu dediyi halda hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib? Zərərçəkmiş bildirib ki, o zamana qədər şəxsi nüfuzunu düşünüb, amma sonda hədələrdən bezərək özü şikayət edib.

Elçin Sadıqov növbəti sualında zərərçəkmişdən soruşub: "Siz özünüz DTX-ya müraciət etdiniz? DTX-ya gedəndə digər zərərçəkmişləri gördünüz?"

Zakir Hüseynov bildirib ki, DTX-ya özü müraciət edib və digər zərərçəkmişləri görməyib. Vəkil qeyd edib ki, zərərçəkmişlərin hamısı eyni gündə DTX-ya gələrək şikayət edib. Müdafiəçi Zakir Hüseynovdan bunun təsadüf olub-olmadığını soruşub. Z.Hüseynov təsadüf ola biləcəyini, zərərçəkmişləri görmədiyini və tanımadığını deyib.

Suallara cavab verən Zakir Hüseynov bəzi epizodlarla bağlı deyib ki, pulu şəxsən İkram Rəhimovun özünə verməyib. Zaur adlı nümayəndəsi gəlib alırmış. Zərərçəkmiş şikayət və tələbinin olmadığını deyib. İkram Rəhimova veriləcək cəzanı məhkəmənin səlahiyyətinə buraxdığını bildirib.

Zakir Hüseynov ifadə verən zaman İkram Rəhimov müdaxilə edib. Buna görə hakim ona xəbərdarlıq edib. Hakim bildirib ki, söz verilmədiyi təqdirdə danışmaq olmaz. İkram Rəhimov isə hakimə "siz tərəf kimi çıxış edirsiniz" deyib. Hakim Rəhimova xatırladıb ki, əgər məhkəmədə qaydalara əməl etməsə, zaldan çıxarılacaq və proses onun iştirakı olmadan davam etdiriləcək.

Məhkəmənin davamında zərərçəkmiş Rafiq Əbilov ifadə verib. Rafiq Əbilov Ekologiya və Təbii Sərvətlər Nairliyinin Şabran rayonu üzrə 5 saylı ərazi şöbəsinin direktoru olub.

Zərərçəkmiş söyləyib ki, İkram Rəhimovu şəxsən tanımır: "Bir dəfə Nabranda yanğın baş vermişdi. Dəqiq tarixini xatırlamıram. O zaman bu şəxsin saytında yazı getmişdi. Təxminən başlıq belə idi ki, yanğın baş verən zaman Rafiq Əbilov harda olub? Mənə nazirlikdən dedilər ki, bu nə yazıdır? Heç bir əsası olmayan yazı idi. Sonra bir iş yoldaşıma dedim. O, İkramı tanıdığını bildirdi və məsələni həll elədi. 200 manat, ya da 300 manat verdi ki, yazı çıxarılsın".

Rafiq Ədilov şikayətinin olmadığını bildirib. Deyib ki, pulu verilsə, alacaq, verilməsə, istəməyəcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb, dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-da araşdırılıb. Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işində 6 zərərçəkmiş var.


Tarix: 18-04-2019, 14:20
Xəbəri paylaş





Xəbər lenti