“O, zır... psixi problemləri olan xəstədir”


Yaşlı adamlar mövzuya mühəqqəq belə girərlər: “Eh bizim vaxtımızın dəliləri başqaydı, indiki dəlilər fərqlidir”.

Əslində əsas fərq budur ki, indikilərə “dəli” demək olmaz, bu, insan ləyaqətinin alçaldılması anlamına gəlir. İndi o cür adamlara gərək “psixi xəstə” deyilsin. Hətta bunu da məqbul hesab etməyənlər var, deyirlər, humanizmlə bir araya sığmır.

Bəs psixikasında problemlər olan şəxsləri ağlı başında cəm olanlardan necə ayırmaq, fərqləndirmək olar, düzgün termin nədir - hərə bir termin işlədir, amma heç biri lakonik deyil.

Beləcə, gül kimi “dəli” sözü artıq sıradan çıxır, öz birbaşa mənasını itirir. Bir azdan “dəli” sözünə yalnız dastanlarda (“Koroğlunun dəliləri”, “Dəli Domrul” və s.) rast gələcəyik. Hələ bəlkə də səhifənin aşağısında belə bir zəruri qeyd qoyulacaq: “Burada Koroğlunun psixi xəstələrdən ibarət qanunsuz silahlı dəstəsi nəzərdə tutulur”.

Xalqımız isə lap qədimlərdən özünü cəmiyyət içərisində apara bilməyən adamların adını və diaqnozunu düzgün qoyub: “Filankəs zır dəlidir, ipləmədir”; “Ölüsü ölən bir gün ağlar, dəlisi olan -  hər gün”.

Hətta məhəllə arası münaqişələrdə kimisə döymüş və ya kiminsə tayasını yandırmış birini “dəlibaşdır” deyə müdafiə edən olanda, mütləq zərərçəkən tərəfin bir qeydi olur: “Dəlidirsə, aparın zəncirə vurun, ayağınıza bağlayın”.

Bu, bir az sərt və təhqiramiz ifadədir, amma gerçəkliyi əks etdirir. Əsəbləri pozulmuş adamların normal cəmiyyət içində işi olmamalıdır. Ona ya psixiatriya müəssisəsində baxmalıdırlar, ya da xüsusi baxıcısı varsa - evdə.

Çünki psixikası zədələnmiş adamlar aqressiv olurlar, heç nədən hirslənirlər, hirslənəndə gözlərinə heç nə görünmür, türkün sözü, cinnət keçirirlər və çox böyük ziyanlıq edə bilərlər. Məsələn, 3-4 il öncə şəhərin mərkəzində bir ortayaşlı şəxs DYP işçiləri tərəfindən avtomobilinin saxlanılması üzündən nə təhər cinnət keçirmişdisə, əlinə çəkic alıb cummuşdu DYP maşınının üstünə, əzik-əzik eləmişdi. Adamı tutdular, amma bilinmədi həbsxanaya basdılar, yoxsa psixatriya dispanserinə.

Dünyanın ünlü psixiatr həkimləri iddia edirlər ki, 50 il əvvələ nisbətən hazırda psixi xəstələrin sayı bir neçə dəfə artıb. Onların inandırmasına görə, əslində hər gün böyrümüzdən xeyli sayda dəli o tərəf-bu tərəfə keçir, sadəcə, biz onları tanımırıq, amma yüngülcə təmasımız, toqquşmamız olsa, o adamların necə bir potensiala malik olduğunu görərik. Məsələn, əgər maşınınız işıqforda dayanan avtomobilə arxadan yüngülcə toxundusa və ona 1 manat 20 qəpiklik ziyan dəydisə, zərərçəkənin psixi sağlamlığı barədə bilgi alacaqsınız. Həmin şəxs tam ağıllı adamdırsa, düşüb baxacaq, deyəcək, bir şey deyil, sürün gedin. Amma əsəbi oynamış adamdırsa, maşından ucu yonulmuş burğacla və ya beysbol ağacı ilə düşəcək, anqıracaq, söyəcək, deyəcək, bu maşına hələ “kraska” dəyməmişdi... Və yeni, “yağın içində” maşın tələb edəcək... Düzdür, axırda beləsini 2-3 manatla yola vermək olur, amma vaxt və dəmir əsəb lazımdır. Bundan ötrü hadisə yerinə gərək DYP əməkdaşları, qohum-əqrəba gəlsin və o xəstəni başa salsınlar ki, sənə dəyən ziyan 2 manatlıqdır, al, cəhənnəm ol, 2 min manatlıq əsəbiləşmə.

Tərs kimi, belə adamları psixiatriya müəssisəsinə götürmürlər. Elə bilirlər, ağıllı-başlı adamdır. Əslində isə elə deyil, adam zır psixdir. Ona görə də bu ölkədə həbsxanadan çox psixiatriya müəssisələri tikilməlidir. Məmləkətdə əsəbləri yerində olmayan on minlərlə adam var. Onlar hər dəqiqə qarşımıza çıxa bilərlər.

Hazırda 14 yaşlı məktəbli ilə qovğaya girən şəxsin əsəblərinin yerində olmadığını iddia edənlər çoxdur. Bax, bu həmin situasiyadır. Həmin şəxs o dərəcədə əsəbi deyil ki, onu psixiatriya dispanserinə yerləşdirsinlər, eyni zamanda o dərəcədə də sağlam deyil ki, küçədə azyaşlı uşaqla siyasət davasına çıxmasın. İkisinin ortasında bir şeydir.

İnsanın psixi pozuntularının olması, ayıb, qəbahət bir şey deyil, normaldır, hər kəsin başına gələ bilər. Burada qəbahət olan yeganə şey psixi problemləri olanlara dövlətin, ailənin yiyə çıxmamasıdır.

 

Samir SARI
Tarix: 20-04-2019, 08:22
Xəbəri paylaş





Xəbər lenti