Onun iki övladı var, yaşadığı ev gölməçənin içindədir, özü dəmir yığmaqla ailəsini dolandırır. Müharibə əlili olduğunu deyən Rövşən bəy nə işlə təmin edilir, nə sosial yardım verilir.

“Bu evin vəziyyətini görürsünüz. O vaxt “RTV”də bir veriliş varıydı, təmirinə onlar kömək elədi bir az, yarımçıq qaldı. Qapımız da yoxdur, olmayan qapımızı döyən də yoxdur.

Üç il əvvəl Yevlaxın icra başçısı Qoca Səmədov 40-50 manat verdi ki, gedin evə nəsə alın. Vəssalam. Yerdə gördüyünüz un kisəsini də dindar qardaşlar gətiriblər. Anamın pensiyası və dəmir yığmaqla sürünürük”.

Bu ailəyə sosial yardım ayrılması üçün nazir Sahil Babayevə müraciət edən Rövşən bəy və ailəsi Yevlax DSMF-nin gəlib araşdırma aparmasını xahiş elədi.

O, Yevlaxın icra başçısı Q.Səmədovdan da yardım istədi: “Mən inanclı adamam, namaz qılan qardaşlar arabir imkan daxilində kömək edirlər. Bu uşaqları məktəbə göndərə bilmirəm, imkansızlığın üzü qara olsun”.

Ailəyə sosial yardım verilərsə, Rövşənə ayda 300-400 manatlıq bir iş tapılarsa, birtəhər vəziyyətdən çıxarlar. Yevlaxın icra başçısının şəxsi imkanı da, İH-nin maliyyə fondunun da gücü çatar ki, ailəyə kömək olsun.

Q.Səmədovun rayonda obyektləri, restoranları fəaliyyət göstərdiyi deyilir. Ümidvarıq ki, cənab nazir S.Babayev də məsələyə münasibət bildirəcək.(Сahan.info)