Azərbaycanda vətəndaşların etirazları niyə səngimir-iki rəy


Elçin Mirzəbəyli: “Problemlər” deməklə real mənzərəni görmək mümkün deyil”; Tahir Kərimli: “Şükür etmək bizdə yoxdur”

Ölkə prezidenti İlham Əliyev uzun müddətdir ki, vətəndaşların sosial problemlərinin həlli istiqamətində fərman və sərəncamlar imzalayır. Sosial-iqtisadi sferada ciddi islahatlar aparılır. Həmçinin. dövlət başçısı  rayonlara tez-tez səfər edir, əhalinin problemləri ilə şəxsən maraqlanır və onların həllinə göstəriş verir .

Əvvəlki illərlə müqayisədə son illərdə nazirlər də bölgələrə daha çox səfər edir, vətəndaşların problemləri ilə maraqlanırlar. Deputatlar da tez-tez seçiciləri ilə görüşlər keçirirlər.

Amma bütün bunlar həyata keçirildiyi halda, yerlərdən yenə də şikayətlər eşidilir. Bölgələrdə yerli məmurlar problemlərin həllinə maraq göstərmir, vətəndaşlar yenə də icra strukturlarından, müxtəlif problemlərinin həll edilməməsindən şikayətlənirlər. Ekspertlər hesab edir ki, yerlərdə bir çox məmurların adekvat olmaması, işinin öhdəsindən gələ bilməməsi, yaxud da başı öz biznesinə qarışması səbəbindən vətəndaşların problemləri də həll olunmamış qalır.

Bu fikirlər də var ki, vətəndaşlar ən kiçik fərdi probleminin belə dövlət tərəfindən həll edilməsini istəyir.

BAXCP sÉdrinin müavini Elçin MirzÉbÉyli ile ilgili görsel sonucu

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli problemsiz cəmiyyətin olmadığını bildirdi: “Nə qədər ki, insan, cəmiyyət var, problemlər də, onların həlli yolları da olacaq. Azərbaycan prezidentinin bölgələrdə keçirdiyi görüşlərdə, Nazirlər Kabinetinin iclaslarında, müsahibələrində səsləndirdiyi fikirlər, imzaladığı fərman və sərəncamlar, ölkə həyatının bütün sahələrini əhatə edən islahatlar, həyata keçirilən yol xəritələri məhz bu problemlərin aradan qaldırılmasına, hüquqi dövlət quruculuğu prosesinin bir mərhələdən digərinə daşınmasına xidmət edir. Qənaətimə görə, ümumi şəkildə “problemlər” deməklə real mənzərəni görmək mümkün deyil. Öncə problemlərin təsnifatını aparmaq lazımdır. Təxminən 10-15 il öncə bizim problem kimi qəbul etdiyimiz bir çox məsələlər artıq öz həllini tapıb. Məsələn, infrastruktur, qaz, su, elektrik enerjisi və digər məsələlər. Təkcə ASAN xidmətin fəaliyyət dairəsinə nəzər salmaqla vaxtilə çox böyük problem kimi qəbul etdiyimiz önəmli məsələlərin öz həllini necə tapdığını, hətta gözləntilərimizdən daha yüksək səviyyəyə həll olunuduğunu görə bilərik. İndi problemlərin təsnifatını aparaq: 1. Fərdlərin problemi; 2. Sosial təbəqələrin problemi; 3. Qanunvericilikdə, dövlət idarəçilik sistemində, məhkəmə hakimiyyətində olan problemlər. Fərdlərin problemini məqsədyönlü şəkildə qeyd etdim. Çünki Azərbaycan cəmiyyətində əksər hallarda fərdlərin özündən, yaxud onların ailə-məişət qayğılarından və digər subyektyiv amillərdən qaynaqlanan problemlərin kölgəsi çox zaman məqsədyönlü şəkildə dövlətin üzərinə yönəldilir. Ölkəmizdə informasiya və kommunikasiya azadlığı imkan verir ki, hər hansı bir fərdin bəzən alt qatında yatan amillərin gizlədildiyi problemini cəmiyyətin problemi kimi qələmə verilsin. Azərbaycanda neqativ yayan və bundan həzz alan bəlli bir zümrə var ki, onlar da sosial şəbəkələrdə kifayət qədər fəaldırlar. Və təəssüf ki, bəzən bu fərdi, əksər hallarda məişət zəminində baş verən problemlər diqqəti fundamental məsələlərdən yayındırır. Sosial təbəqələrin probleminə gəldikdə isə, bu əksər hallarda kiçik və orta biznesin müəyyən bir zaman kəsiyində ləng inkişaf etməsindən, devalvasiyadan sonra baş verən problemlərdən qaynaqlanır. Artıq bu problemlərin də həlli istiqamətində ciddi addımlar atılır və görə bilməyi bacaranlar nəticəni görə bilərlər. Son zamanlar qanunvericilikdə olan boşluqların aradan qaldırılması istiqamətində də ciddi addımların atıldığını görə bilərik. Ən önəmlisi isə qəbul edilən qanunların, əlavə və dəyişikliklərin mahiyyəti islahat xarakterlidir. İdarəçilikdə olan problemlərlə bağlı ən böyük tənqidi prezident İlham Əliyevin özü səsləndirib, problemlərdən çıxış yollarını da göstərib, bu istiqamətdə çox ciddi qərarlar qəbul edib, konkret addımlar atıb. Məhkəmə hakimiyyəti ilə bağlı məsələyə gəldikdə isə, burada da islahatlar dərinləşdirilir və ölkə konstitusiyasının hakimiyyət bölgüsü ilə bağlı fəlsəfəsinə uyğunlaşdırılır. Bu sahədə olan problemlərin yolu isə, şübhəsiz ki. məhkəmə hakimiyyətinin tam müstəqilliyinin təmin olunmasından keçir. Əslində bütün problemlərin həlli yolu ədalət körpüsündən keçir. Bu körpü nə qədər möhkəm olarsa, digər sahələrdə olan problemlərin həlli də bir o qədər asanlaşar. Təkcə nazirlər, deputatlar deyil, Prezident Administrasiyasının nümayəndələri də mütəmadi olaraq bölgələrə gedir, vətəndaşlarla görüşürlər. Nəticədə isə müvafiq hesabatlar, arayışlar hazırlanır və bu da islahat prosesində nəzərə alınır. Bu gün ölkədə olan problemlərin böyük əksəriyyəti mərkəzi hakimiyyət orqanlarından yox, məhz yerli icra hakimiyyəti orqanlarından, onların rəhbərlərindən, əməkdaşlarından qaynaqlanır. Yerlərdə əlverişli biznes mühitinin yaranmasına, sahibkarlığın inkişafına mane olan da, vətəndaşları narazı salan da onlardır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında da bununla bağlı bizim görə bildiyimiz və bilmədiyimiz bütün məqamlara diqqət çəkdi. Düşünürəm ki, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini kökündən dəyişə biləcək islahatların ərəfəsindəyik. Mənim subyektiv qənaətimə gəldikdə isə, düşünürəm ki, yerli icra strukturları iqtisadiyyatın tənzimlənməsi və digər bu kimi proseslərdən tamamilə uzaqlaşdırılmalıdırlar. Onların aqrar sektor, sənaye, ticarət və digər bu kimi sahələrə müdaxiləsinə əsas verən boşluqlar aradan qaldırılmalıdır. Əvəzində isə yerli özünüidarə orqanlarının səlahiyyətləri artırılmalı və onların fəaliyyətinə şəffaf ictimai nəzarət təmin olunmalıdır”.

VÉhdÉt Partiyasının sÉdri, deputat Tahir KÉrimli ile ilgili görsel sonucu

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli bir çox insanların narazılıq etməyə vərdiş etdiklərini qeyd etdi:“Cəmiyyət insanların cəmidir. Xasiyyətləri, psixoloji amili önə çəkən çoxsaylı mütəfəkkirlər olub. Onların dedikləri hər zaman üzə çıxır. İnsanların narazılığını müxtəlif səbəblərdə görürəm. Əvvəlki zamanlarda vətəndaşları hakimiyyətdən narazı salan səbəblər olub. Bir sıra problemlər olub ki, son illərdə biz onları dilə gətirmişik və problemlərin çoxu həllini tapıb. Son olaraq qaz limitinin yuxarı qaldırılması təklifi ilə çıxış etmişdik və çox olmasa da, bu qaldırıldı. Amma bütün bunların müqabilində vətəndaşların narazılığı səngimir. Hesabladım, dövlət büdcəsindən vətəndaşların problemlərinin həlli üçün bir neçə milyard pul xərclənib. Cənab prezident çoxsaylı fərmanlar, sərəncamlar imzalayır. İndi həllini tapmayan problemlərin çoxunun kökü əvvəldə qoyulub. Problemlər yığılıb və bu günə gəlib çıxıb. İnsanlar artıq hər şeydən narazı qalmağa vərdiş ediblər. İnsanlarda o yoxdur ki, bir insanın əli, gözü yoxdursa, mən də varsa, buna şükür edim. Yaxud bir insan çörək tapmırsa, azacıq da olsa mən tapıramsa, buna şükür edim. Şükür etmək bizdə yoxdur. Zaman-zaman süni qiymət artımı, inhisarçılıq və digər hallar bu gün bizə miras qalıb. 10-15 il öncəyə baxanda çox şeylərin dəyişdiyini görürük. Amma insanlar yenə də narazı qalmağa davam edirlər. Sosial ədalətsizliyin qalması və bunun aradan qaldırılması üçün atılan addımların hələ tam bəhrəsini verməməsi də narazılığı qaldıran səbəblərdir. Məmursan, deputatsan, nazirsən, fərq etmir, nə deyirsənsə, narazılıqla qarşılanır. Bu narazılığı xaricdən və daxildən yaradanlar var. Cənab prezident və I vitse-prezident hər zaman xalqa daha yaxın olublar. Məmurların verilən tapşırıqlara əməl etməmələri, tamahlarının bəzən üstün gəlməsi halları çox olur. Bu da narazılıq yaratmaya bilməz. İstənilən halda əl-ələ verib, müsbət istiqamətdə işlərimizi görməliyik”.//“Yeni Müsavat”//



Tarix: 1-05-2019, 22:28
Xəbəri paylaş





Xəbər lenti