Fuad Qəhrəmanlı gömrükdə başına gələnlərdən yazdı


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 

Bu gün bir aylıq Gürcüstan səfərindən sonra ölkəmizə geri döndüm.
Sərhəd Gömrük məntəqəsindən keçərkən pasportumu yoxlayan əməkdaş gedəndə olduğu kimi, məni camaatdan ayırıb yarım saat gözləməli olacağımı dedi. Bir neçə dəfə səbəbini soruşsam da “müəllim belə lazımdır” deyib məlumat verməkdən imtina etdilər.
Bu zaman gömrükçülər bir neçə dəfə harasa zəng edib, nəsə məsləhətləşdilər, daha sonra isə yüksək rütbəli başqa bir məmur gəlib vəziyyətlə bağlı maraqlandi. O da saxlanılma səbəbimlə bağlı sualıma “aydınlaşdırırıq” deyə cavab verdi.
Nəhayət pasportumu özümə qaytardıqdan sonra, əşyalarıma baxış kecırildi. Bu dəfə də gömrükçülər Gürcüstandan həkim möhürü ilə alıb gətirdiyim dərmanlardan birinin pisxatrop olmasına görə buraxa bilməyəcəklərini bildirdilər. Açıq şəkildə, möhürlü həkim resepti ilə gətirdiyim bu dərmanı buraxmamaq üçün heç bir əsasın olmadığını bildirsəm də gömrük əməkdaşları ” müəllim biz də bilirik qanunsuz deyil, səbirli olun, gərək sizinlə bağlı yuxarı məruzə oluna ki, icazə verək” cavabını verdilər. Tələbimdən sonra nəhayət ki, özünü rəhbərlik kimi təqdim edən mülki geyimli bir şəxs ətrafında bir neçə nəfərlə təşrif buyurdu. Bu zaman maraqlı bir vəziyyət yarandı. Ondan hansı əsasla möhürlü resept əsasında yazılmış dərmanı buraxmadıqlarını soruşdum. Cavab bu oldu ki, biraz səbirli olun, indi aydınlaşacaq. Bu dəfə də ondan soruşdum ki, əgər bu dərmanı keçirmək qanunsuzdursa, o zaman yuxarı buraxın desə də, buraxmaq olmaz, yox əgər qanunidirsə nəyə görə qanunu qoyub, yuxarının razılığını gözləyirsiniz?. O da cavabında mənə “guya özünüz bilmirsiz ki, bizdən soruşursuz”dedi.
Aramızdakı bu mübahisəli dialoqdan sonra, rəhbər kimi təqdim olunan bu şəxsə zəng gəldi. Bundan sonra o, yanındakına çönüb “ə vur, o internetdə bax gör bu dərmanla bağlı nə yazıblar’. Mən etiraz edib “belə işləmək olmaz, sizə tibbi rəy lazımdırsa bunun üçün həkim olmalıdır” dedim. O da sanki öz gördüyü işi başqası edirmış kimi danışaraq “ay müəllim, savadlı adamsız, niyə şərait yaratmırsıniz bu cavan işçilər işləyib öyrənsinlər”. Açığı bu situasiyada belə bir cavab eşidəcəyimi gozləmədiyimdən, gülməkdən başqa çarəm qalmadı. Öz işlərini müstəqil və qanuna uyğun şəkildə görə bilməmələrini etiraf etmək yerinə, o məni gömrük işçilərini düzgün işləməyi öyrənmələrı üçün şərait yaratmamaqda günahlandırdı. Ona bu fikirlərimi deyəndən sonra, nəhayət ki, yaxşı müəllim get deyib ayrıldı.
Məsələ bununla da bitmədi, bəlli oldu ki, avtobusdan nəsə qaçaqmal çıxıb, ona görə də, bizi yaxınlıqdakı çayxanaya göndərib, avtobus sahibi ilə 4 saat çəkən danışıqlardan sonra razılığa gələ bildilər. Və beləcə yağışlı, çiskinli havada Bakıya doğru yol aldıq.

Tarix: 6-05-2019, 23:12
Xəbəri paylaş





Xəbər lenti