Güzgüdən bizə baxan heç kimdir


Eldəniz Quliyev

Mark müәllim: “Tәkrarsız gününüz tәkәrsiz maşın kimidi…”

Qətrə-qətrə, çimdik-çimdik, damcı-damcı… Beləcə, simamızı, adamlığımızı, ardınca ləyaqətimizi, abır-həyamlzı itiririk… Elə itirə-itirə də baş alıb heyy harasa gedirik…
Lənət şeytana! Dünənəcən burnu qanayan yad bir uşaq görəndə özündən gedən bizlər, bu gün insan başlarının kəsilməsinə,diri-diri yanan insan cəsədlərinə tamaşa edirik – özü də maraqla, bəzənsə hətta ləzzətlə (?!). İynə ucu boyda günahı olmayan insanlara atılan camura, böhtanlara, şər-şəbədələrə, onların təqib, təhqir, həbs edilməsinə,işgәncәlәrә mәruz qalmasına biganəlik göstəririk. Ağzımızı kilidləyir, qulaqlarımızı bərk-bərk tıxayır, gözümüzü yumuruq: “Bizə dəxli yoxdu! ” deyirik. “Şükür ki, güllə məndən yan keçdi!..” deyirik. “Nə yaxşı ki, tutulan, əzilən, döyülən, öldürülən mən deyiləm!..” deyirik. “Az aşım-ağrımaz başım!” deyirik.
Haramı, yalanları, saxtakarlıqları, yaltaqlıqları, dəyyusluqları, haqsızlıqları görə-görə susuruq! Susuruq və susa-susa da… öyrəncəli oluruq!.. Nəticədə, ürəyimiz buz bağlayır, gözümüz şüşәlәşir, özümüz isə laqeydləşir, keyləşir, həyasızlaşır, sırtıqlaşırıq – yavaş-yavaş, damcı-damcı, qətrə-qətrə, çimdik-çimdik, zərrə-zərrə!.. Bu azmış kimi,: “Lənət sənə, kor şeytan!” deyirik və öz elədikləriimizi , yəni öz eyibli-suçlu “şələ-küləmizi” həmin şeytanın belinə yükləyirik. Doğrudan da, hamımızın vəziyyəti, necə deyərlər, “uruscadı”… bəlkə də elə ingiliscədi!.. Nə işıq gələn, nə də it hürən tərəfi seçib ayırd eləyə bilmirik ki, bilmirik. Elə bil azmışıq, yol-yolağanı, səmti itirmişik… Lap nağıllarda olduğu kimi: sağa getsən – öləcəksən, sola getsən – sağ qalmayacaqsan, qabağa getsən ‘- ölməyinə ölməyəcəksən, amma sağ da qalmayacaqsan! ( Bircə qalır arxa tərəf… ora da tərs kimi, həmişə “zanit” olur).
…Və günlərin bir günü ayılıb da güzgüyə baxacaq və görəcəyik ki, güzgüdən bizə baxan… HEÇ KİMDİR!
İlahi, bizi HEÇ KİM olmaq dəhşətindən qoru! Amin!

Tarix: 26-05-2019, 16:40
Xəbəri paylaş





Xəbər lenti