Şairə: “Deyirlər, bu qızın tutduğu yol əxlaqsızlığa gedir” – Müsahibə

 Teleqraf.com-un “Həyatdan suallar” rubrikasının qonağı Türkiyədə yaşayan azərbaycanlı şairə Aysel Abdullazadədir.
Onunla müsahibəni təqdim edirik:
- Həyat haqda düşüncəniz nədir? Bu yaradılış yalnız qalmış Tanrı üçün bir zərurət, yaxud təklikdən qaçış idi, ya...?
- Məncə də, bu, var olan Tanrının yalnızlıq sıxıntısının təzahürüdür. Həyat adlandırdığımız bu düzəni qurdu, insanları yaratdı. Sonra isə baş verənlər onun planları xaricində cərəyan etdi, yaradılanlar yaradana itaətdən imtina etdilər, ya da bunu unutmağa başladılar. Tanrının eqoistliyi isə görünəndir. Yoxsa niyə “yaratdım” dediyi insan oğlunu özünə itaətə məcbur qılsın?! Tanrı ilə insan valideynlə övlad kimidir mənə görə. Lakin övladın valideynə itaətkarlığı məcburi deyil. Məsələn, mən övladımı məndən asılı, mənə məcbur olmuş halda yaşatmaram. Həyat dediyimiz nəsnənin təməlinin “oynaması” da elə buradan qaynaqlanır. Tanrı yalnızlıq sıxıntısından qurtuldu, amma insan oğlu bu həyatın sıxıntısından yalnızca öləndə qurtulacaq, əlbəttə, başqa bir həyatda dirilməsə…
- Bəs siz nəyi bilməmək istərdiniz?
- Övlad ağrısını… Mənə görə hər şeyə dözmək olar, bütün itkilərə, hətta valideyn itkisinə də… Amma övlad itkisi bağrında qara daş asır və o daş insanı zərrə-zərrə, qram-qram məhv edir, hər gün ölürsən, amma ölə bilmirsən.
- Siz də şikayətçisiniz ki,” bu dünya mənim yaşamaq istdədiyim yer deyil”?
- Deyil. Əslində, dünya yaşamaq istədiyim yerdir, amma bu dünya yox. Tam başqa bir dünyada, çox dəyişik, sevgi və hüzurun bol olduğu bir yerdə yenidən doğulmaq istərdim. Çiçəklərin çox olduğu, körpələri sevən, heyvanları oxşayan, gülüşündən sevgi səpələnən insanların olduğu bir dünyada dirilmək istərdim.
- Ölmədən əvvəl nə etmək istərdiniz?
- Mümkün olsa, həyatdan tez gedən bütün körpələri diriltmək... Tanrı ilə savaşım bir az da bu səbəbdəndir. Ədalətsiz olduğunu düşünürəm. Niyə bu qədər lazımsız, insanlığa və bəşəriyyətə heç bir faydası olmayan biriləri yaşadığı halda, günahsız, daha həyatın nə olduğunu bilməyən körpələr ölür?

- Sizcə, niyə insan anlayışlı bir varlıq ola bilmir?
- Əslində, insan çox anlayışlı varlıqdır, hətta ikinci belə bir varlıq yoxdur. Sadəcə bu dövrdə - ədalətin olmadığı, sevginin maddiyata əsir düşdüyü, insanlığın iflas etdiyi zamanda anlayış qavramı insanlara sərf edəcək şəkildə istifadə olunur. Məsələn, 15 yaşlı bir qızın əks cins tərəfindən sevilməsinə anlayış göstərmək mümkündür, hətta bu insan haqları baxımından vacibdir. Amma buna 55-60 yaşlı bir qadın və ya kişi anlayış göstərməz. Niyə? Çünki o yaşda o qadın (kişi) sevginin nə olduğunu dadmadan məcbur biri ilə evləndirilib və bu travma bir yerdə partlamalıdır. Onlar deyirlər ki, bu qızın tutduğu yol əxlaqsızlığa gedir.
- Sevgidən söz düşmüşkən, niyə insanın əlçatmaz arzularının, xəyallarının yaratdığı boşluq sevgiylə daha tez dolur?
- Çünki hər arzunun, xəyalın içində sevgi yatır. Sevgisiz arzu olmur və bu arzular, xəyallar reallığa çevrilməyəndə içindəki o sevgi daha ön plana keçir, bir növ qönçə budaqda baş qaldırır və açılır. Xaricdən gələn fərqli bir sevgi ilə qapadılır və yara olmaqdan qurtulur.
- Bəs niyə insan keçmişinə ilişib qalır? Həyatı boyu demək olar ki, keçmişinin kölgəsindən çıxa bilmir…
- Gözəl şeylər də, pis şeylər də unudulmur. İstər xoş xatirə, istərsə də travma şəklində təzahür edən keçmiş hər an bir addım arxamızdadır. Keçmişi xatırladan bir şeylər qarşımıza çıxır və biz hafizəmizə uduzuruq. Keçmişin kölgəsi kömür qarası rəngindədir. Üzümüzə yaxılması üçün sadəcə bir saniyə kifayətdir, tək yolu alzaymer olmaqdır.

- Bəzən sosial şəbəkədə kişilərə münasibətdə kəskin fikirlər səsləndirirsiniz. Bu, nədən irəli gəlir?
- Qətiyyən kişi düşməni deyiləm, amma seksist düşüncələri sevmir və dəstəkləmirəm. Məsələyə Şərq-Qərb kontekstindən yanaşaq. Bu konteksdə Şərq kişiyə daha çox üstünlüklər verib. Bu səbəbdən də Şərq qadını Qərb qadınına nəzərən çox əzilir, qırılır, üzülür və yorulur.
Dünən dostlardan birinin paylaşımını oxudum. Bir Azərbaycan kişisi yazır ki, birinci evliliyindən olan övladına ayda 500 manat aliment verir. İndi ikinci evliliyindən olan xanımının təkidi ilə bu məbləği azaltmaq, ya da analıqdan məhrum etmə ilə uşağı anadan almaq üçün hüquqşünaslardan fikir istəyir. Məbləği ödəməməsinə ipoteka ilə beşotaqlı ev almasını səbəb gətirir, çatdıra bilmədiyini söyləyir. Əlavə edərək bildirir ki, birinci həyat yoldaşı, rayonda evi olduğu halda paytaxtda kirayə qalır və guya bunun ödədiyi alimentin 300 manatını kirayə verir.
Belə halda necə əsəbləşməyəsən? Kişilər də bu kişini haqlı sayır. Qadın niyə gedib rayonda evində yaşamır, deyirlər. İndi sizə sual verirəm, qadın boşanıbsa, harda yaşamağıyla bağlı keçmiş yoldaşından icazə və ya məsləhət almalıdır? O qadın Bakıda yaşamaq istəyir və yaşayır. Bunun kişinin əmək haqqına görə dövlət tərəfindən təyin olunan aliment məbləğinə nə dəxli var? Sən 500 manatı övladının təminatına verirsən, sənə aidiyyəti yoxdur, övladının anası harda, hansı şəhərdə, necə yaşayır? Bizim kişilər həyat yoldaşından ayrılanda övladından da ayrılmış olur, çoxluq belədir. Əlbəttə, istisnaları gözardı etmirəm.


- Bəs yaşadığınız Türkiyədə vəziyyət necədir?
- Bu kimi hallar Türkiyədə də var. Amma bəyənmədiyimiz Avropada bir kişi, övladı haqda pul-para mövzusunu gündəm etmir. Əlindən gəlsə, daha çox yardım edir. Bu ölkədə boşanma zamanı qadınlar övlad yükü ilə təkbaşına qalır. Nə dövlət yardım edir, nə də kişilər. İnsanlarda cılız düşüncələr çoxalıb, mən bunlara qarşıyam, kəskin ifadələrim də bu səbəblərdən dolayıdır.
- Bəs kişilər qadınlarda ən çox nəyi anlamır?
- Kişilər qadın olmağı anlamır, anlaya bilmirlər. Kişilər çox vaxt ata olmağı da anlamırlar. Bioloji ata olmaq, hələ, atalıq yükünü çiyinlərinə almaq demək deyil. Kişilər anlamır ki, qadın təkcə qadın deyil. Kişilər anlamır ki, qadın qız, övlad, sevgili, ana, yoldaş, sənin arzu-istəyinin yaradıcısı və gerçəkləşdiricisidir. Kişilər həssaslığı, qadının həssas dönəmlərini, arzularını anlamır, kişilər təkcə qadını yox, qadınlığı anlamır.
- Bəs qadınlarımız haqda fikriniz nədir? İstər mədəni, istər elmi, istərsə də digər amillərlə müqayisədə kişilərlə qadınlarımız arasındakı fərq nədir?
- Qadınlarımız, belə desək, gözünü açıb, bunun üçün çox çalışdıq, hələ də çalışırıq. Haqqlarını tələb etmələrini, zülmə məruz qalanda baş əyib, situasiya ilə razılaşmamağı qışqıra-qışqıra izah edirik, əsərlər yazırıq, məqalələr dərc edirik. Nəticəsi də var. Bu gün Azərbaycan qadını oxumağa meyillidir, öz ayaqları üzərində durmağa cəhdlər edir. cəsurdur, bilgili və mədənidir, bu, qadınlığın zəfəridir.
Kişilərlə qadınlar arasında fərq yoxdur, mənə görə. Mən gender bərabərliyinin dəstəkləyicisiyəm. Mənə görə, fərd var, insan var. Amma elə bu günə qədər də bu bərabər(siz)lik qalmaqallıdır, qaranlıqdır. Çünki kişi fitrətən özünü daha güclü, daha öndə, daha ümdə bilir. Amma yanılır, bu yanlış anlamanı onlara Milli Məclisdə çıxış edən, məktəblərdə və universitetlərdə dərs deyən, xəstəxanalarda can qaytaran, məhkəmədə haqqını müdafiə edən, hava limanında uçuşa hazırlaşan pilot qadınlar izah etdi, edir. Bərabərlik və özgürlük vəhdətinə inanmalıdır kişilər, başqa yolu yoxdur.
- Sizcə, dinlər qadına qarşı niyə kəskin baxış bucağı ortaya qoyur? Hətta bu, özünü bir sıra fəlsəfi cərəyanlarda da göstərir.
- Mən Tanrının varlığını qəbul edirəm. Dinlər dünyanı idarə etmək üçün qurulmuş sistemdən başqa bir şey deyil. İnsanları bir yolla vahid bir yönə baxmağa öyrətmək lazım idi, bunu da din vasitəsilə ediblər. “İslam qadını uca tutur” deyimi ilə də razı deyiləm. Ümumiyyətlə, kökündə türkün dayanmadığı bir dini “ərəblərin bizə sırıdığı din”dən başqa bir şey hesab etmirəm. Ərəblər qadını hələ də ikinci sinif kimi görür. Qadınlara avtomobil idarə etmək icazəsini bu yaxınlarda verdilər. Din də ərəblərdən gəldiyi üçün qadını aşağı pillədə görməsindən təbii nəsə yoxdur.
- Bu sualları ona görə verirəm ki, sosial şəbəkdəki fəaliyyətinizin əsas istiqaməti qadınlardır. Yəni, bir qadın olaraq sizi narahat edən əsas məsələ nədir?
- Bəli, doğru analiz etmisiniz. Yazılarım, məqalələrim, esselərim, şeirlərimin mövzu ağırlığı əsasən qadındır. Çünkü bu məmləkətdə qadın haqları deyil, insan haqları bəyannaməsi istəyirəm. Qızların erkən nigaha məcbur edilməməsi, öz arzuları ilə oxumalarını, peşə sahibi olmalarını istəyirəm. On beş-on yeddi yaşında ərə verilən qızın cəmiyyətə heç bir yardımı olmur. Qadınlara sərhədsiz azadlıq, hörmət və insani duyğular istəyirəm. Qadınları qadın kimi xoşbəxt görmək istəyirəm.
Tarix: 1-06-2019, 10:19
Xəbəri paylaş





Xəbər lenti