Müharibə planı arxivə göndərildi: Sırada nə var?


Müharibə planı arxivə göndərildi: Sırada nə var?

Son günlər ABŞ İrana qarşı “yumşaldıcı” addımlar atır.

Prezident Trampın Yaponiyaya səfəri zamanı ABŞ-ın məqsədinin İranda rejimi dəyişmək deyil, nüvə proqramının ləğvi olduğunu bəyan etməsinin ardınca, Konqres Tehran rejiminə qarşı sanksiyaları təxirə saldı. ABŞ-ın dövlət katibi Mayk Pompeo isə heç bir şərt qoymadan İranla danışıqlara hazır olduqlarını bildirib. Vaşinqtonun bu isti mesajlarına münasibət  bildirən İran prezidenti Həsən Ruhani isə tərəflər arasında dialoqun mümkün olduğunu deyib. 

“Əgər düşmən bizimlə tam ehtiramla davranaraq, beynəlxalq qanunlar çərçivəsində danışıqlar masası arxasında otursa, biz onunla müzakirə edəcəyik. Çünki biz məntiq və müzakirə əhliyik. Yox, əgər danışıqların aparılması üçün bizə əmr etsə, biz ona tabe olmayacağıq.

Bir neçə ay əvvələ kimi, dünyanın ən böyük hərbi gücünə malik olduğunu iddia edən, İran silahlı qüvvələrini məhv etməyə qadir olduğunu deyən düşmən, indi deyir ki, o müharibə tərəfdarı deyil və bizim sistemə qarşı çıxmayacaq. Bir daha bildirirəm ki, biz özünün hərbi gücünə güvənən fövqəldövlətlərə təslim olmayacaq, yalnız bizimlə sayğı və hörmətlə rəftar edəcəkləri təqdirdə onlarla danışıqlar masası arxasında oturacağıq” - deyə, Həsən Ruhani vurğulayıb.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun fikrincə, ABŞ-ın yaxın vaxtlarda İranla danışıqlara başlayacağı inandırıcı görünmür. Pompeonun bəyanatı isə daha çox beynəlxalq ictimai rəyə  hesablanmış diplomatik jest kimi başa düşülməlidir. 

“Prosesi düzgün analiz etmək üçün son hadisələri nəzərdən keçirmək lazımdır. Birincisi, ərəb ölkələri Məkkədə toplaşaraq, İrana qarşı vahid mövqedən çıxış etməyin zamanı çatdığını bildirir. Hətta İraq və Suriya yumşaq mövqe sərgiləsə də, anti-İran əhval-ruhiyyəsi hökm sürür. İran çox kəskin şəkildə ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham olunur. Belə bir fikir bildirilir ki, Yəməndə, Bəhreyndə, Füceyrə limanı yaxınlığında baş verənlərə görə, İrana müəyyən təzyiqlər göstərilməlidir. İkinci mühüm məqam ABŞ-la Rusiyanın müəyyən razılıqlar əldə etməsidir.  Prezident Putinin “Biz yanğınsöndürən deyilik” bəyanatı fonunda Rusiya İrana “S-400” raketdən müdafiə sistemlərini satmaqdan imtina edir. Bunun fonunda Rusiya Suriyaya “İsgəndər” raketləri yerləşdirir. İranla bağlı ABŞ-ın maraqlarının nəzərə alınması qarşılığında Rusiyanın daha kənar mövqe sərgilədiyini görmək olar.

Üçüncüsü, prezident Donald Trampın Rusiyanın  və Türkiyə prezidentinin ünvanına müsbət mesajları  səsləndirilir. Trampla Ərdoğanın qarşıdakı görüşlərində də İranla bağlı müəyyən razılaşmaların əldə ediləcəyi istisna olunmur. Yəni ABŞ rəsmiləri danışıqlar barədə fikirlər səsləndirsələr də, baş verən hadisələr bunun tam əksini göstərir. ABŞ İrana heç bir hərbi müdaxilə etməyəcək. Amma dörd istiqamətdən həmlələr etməklə dini rejimi çökdürmək istəyir. ABŞ prezidenti İranda rejimi dəyişmək istəmədiklərini bəyan etməsinə baxmayaraq, atdıqları addımlar bunun tam əksini göstərir. İrana qarşı iqtisadi sanksiyaların tətbiqi, dini-məzhəbsəl münaqişələrin körüklənməsi, etnik qarşıdurmaların gücləndirilməsi, Yaxın Şərqdəki mövqelərinin vurulması, siyasi cəhətdən təcrid edilməsi ABŞ-ın 1979-cu il İslam İnqilabı nəticəsində qurulmuş rejimi çökdürmək planlarından xəbər verir”.

Ekspert onu da bildirdi ki, ABŞ İranla danışıqlara başlamaq üçün əvvəlcədən müəyyən şərtlər isəli sürüb. Ona görə də rəsmi Vaşinqtonun qeyd-şərtsiz Tehran rejimi ilə bir masa arxasına əyləşəcəyini söyləmək olmaz: “ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb. Yəni İranın əsas dövlət strukturlarından birini terror təşkilatı hesab edən dövlət onunla necə danışıqlar apara bilər? Burada neft amili də müəyyən rol oynayır. İranın Hörmüz boğazı istiqamətində tankerlərə qeyri-rəsmi hücumlar  etməsi ABŞ-ı müəyyən addımlar atmağa vadar edir. Amma biz münasibətlərin kəskinləşməkdə davam etdiyini görürük”. 

Müşfiq Abdulla

Cebhe.info

Tarix: 4-06-2019, 16:58
Xəbəri paylaş





Xəbər lenti