Bu ölkədə 1500 manat rüşvət alan kənd bələdiyyəsinin sədri həbs olunur…




…Mingəçevir Bələdiyyəsini çökdürmüş Coşqun Abdullayev isə azadlıqda dolaşır

Mingəçevir Bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayevin 2013-2020-ci il tarixlərdə yol verdiyi qanunsuzluqlarla bağlı daxil olmuş müraciətlər əsasında şəhər prokurorluğunda cinayət işinin başlandığı, iş üzrə toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edildiyi barədə məlumat vermişdik. Qeyd etmişdik ki, cinayət işinin materiallarında C.Abdullayevin sədr işlədiyi dövrdə bələdiyyə adından şəhər sakinlərinin istifadələrinə torpaq sahələrinin ayrılmasına dair saxta bələdiyyə qərarları tərtib etdiyi, həmçinin rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığına yol verdiyi iddia olunur.
Mingəçevir şəhər Məhkəməsində hakim Məhburə Kərimovanın sədrliyi ilə avqustun 23-də hazırlıq iclası, avqustun 31-də isə növbəti prosesi baş tutan məhkəmədə dövlət ittihamçısı Vidadi Cabbbarov çıxış edib. O, C.Abdullayevin 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Bundan sonra C.Abdullayevin vəkili məhkəmədən vaxt istəyib. Hakim vəkilin müraciətini qəbul edərək ona bir həftə vaxt verib. Növbəti məhkəmə prosesi sentyabrın 10-na təyin olunub. Lakin həmin proses hakim koronavirusa yoluxduğundan təxirə salınıb. Oktyabrın 8-nə təyin olunan proses bu dəfə də naməlum səbəblərdən baş tutmayıb.
Məhkəmənin bunca uzanması və hər dəfə təxirə salınması sanki ictimaiyyətin diqqətini bu prosesdən yayındırmaq cəhdi təəssüratı yaradır.
Xatırladaq ki, Mingəçevir prokurorluğunda cinayət işinin istintaqı şəhər prokurorunun böyük köməkçisi Rəmzi Lalayev tərəfindən aparılıb. Halbuki sıradan olmayan bu işi daha təcrübəli, peşəkar istintaqçılara da həvalə etmək olardı. Çünki sabiq sədrin qanunsuz əməlləri nəticəsində Mingəçevir Bələdiyyəsinə külli miqdarda ziyan dəyib. İbtidai istintaq zamanı isə bunların çoxu nəzərə alınmayıb. C.Abdullayevin hətta 2002-ci ilin bələdiyyə qərarlarında özbaşına dəyişikliklər etdiyini nəzərə alsaq, ibtidai istintaqa maliyyə, əmlak, torpaq və s. məsələlər üzrə ekspert və mütəxəssislərin cəlb olunması, torpaqların müvafiq dövr üzrə qiymətləndiriliməsi və s. zənnimizcə, daha doğru olardı. Bütün bunlar nəzərə alınsaydı, o zaman Mingəçevir Bələdiyyəsinə vurulan ziyanın həcmini və miqyasını təsəvvür etmək elə də çətin olmazdı.
Ümumiyyətlə, sual yaranır: necə olur ki, hansısa kənd bələdiyyəsi sədrinin xidməti səlahiyyətlərinin hüdudlarından kənara çıxmaqla bələdiyyəyə məxsus 2-2.5 sot torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmasını təmin etmək üçün vətəndaşın 1500-1700 manat pulunu rüşvət kimi tələb edərək almasına Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qarışır, şəxsə qarşı Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (Vəzifə səlahiyyətlərini aşma), 311.1 (Rüşvət alma), 313 (Vəzifə saxtakarlığı) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülür və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilir, amma ölkənin 4-cü şəhəri hesab olunan Mingəçevir Bələdiyyəsini faktiki olaraq çökdürmüş Coşqun Abdullayevə cəmi bir – CM-nin 308.1 maddəsi ilə ittiham elan edilir və o, əlini-qolunu sallayaraq azadlıqda dolaşır?
Yeri gəlmişkən, sözügedən əməli törədən şəxslər iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
C.Abdullayevlə bağlı prokurorluğa 90-a yaxın fakt təqdim olunduğu halda ibtidai istintaq zamanı nədənsə bu faktların çoxunun üzərindən keçilib. Sabiq sədr sələfi tərəfindən imzalanmış onlarla qərarın məzmununa bilərəkdən yalan məlumatlar daxil edərək xeyli sayda bələdiyyə torpaqlarını saxta sənədlər əsasında vətəndaşların icarəsinə verilməsinə dair təkbaşına qərarlar qəbul edib.
Bir sözlə, məhkəmənin baş verən qanunsuzluqlar, maliyyə pozuntularıyla bağlı araşdıracağı çox şeylər var.
Mövzunu diqqətdə saxlayacağıq.
Azər
Tarix: 12-10-2021, 09:52
Xəbəri paylaş





Xəbər lenti