Toy sahiblərinə, şadlıq evlərinə qənim kəsilənlər...


Toy sahiblərinə, şadlıq evlərinə qənim kəsilənlər...

Qapanma dönəmində uzun müddət bağlı qalan şadlıq evlərinin bir çoxu iflasın kandarındadır.

Əsas gəlir yerləri toylar olan şadlıq evləri sanki tilsimə düşüb. Bütün mərkəzlər, obyektlər, restoranlar tam rahat şəkildə fəaliyyət göstərməyə başlasa da şadlıq evlərinin fəaliyyəti hələ də əvvəlki kimi deyil, məhdudiyyətlərlə doludur. Belə ki, toyda iştirak edən qonaqlar üçün nəzərdə tutulmuş limit şadlıq evi sahiblərinin heç də ürəyincə deyil. Redaksiyamıza bu barədə çoxsaylı məktublar, müraciətlər gəlir və bu məktubların hər birində bu limitlərin şadlıq evlərini zərərə apardığı, zərərə düşməmək üçün qaldırılan qiymətlərin vətəndaşlara sərf etmədiyi bildirilir. Müraciətlərdə toylarla bağlı qərarın yenidən baxılmağa ehtiyacı olduğu bildirilir.
Həqiqətən də ölkədəki bir çox qanunlar, qadağalar bir-birini tamamlamır. Məsələn, toy etmək üçün yığışan qonaqların sayı 50-150 olduğu halda, digər restoranlarda, klublarda yığışan insanların sayına limit qoyulmur. Klublar, restoranlar insanlarla dolub daşır.
Toylardakı qonaq sayı ilə bağlı limit isə bu sahədə həddindən artıq bahalaşmaya səbəb olub və olmaqda da davam edir. Əvvəllər 250-300 qonaq qəbul edən şadlıq evləri restoranın, işçilərin və s. pulu çıxarda bilmək üçün bir stul üçün dəfələrlə yüksək qiymət tələb edirlər. Bu da toy sahiblərinin cibinə, büdcəsinə uyğun gəlmir.
Qeyd edək ki, klublara, restoranlara, şadlıq evlərinə covid masportu ilə girilir. Bəs onda bu ayrı-seçkiliyə nə ehtiyac var? Xəstəlik yalnız toy məclislərinəmi gəlir? Yoxsa, bu toy biznesini batırmaq üçün kimlərinsə planıdır?
Bu barədə dəfələrlə yazmışıq, amma dəyişən heç nə yoxdur. Ümidvarıq ki, qarşıdakı aylarda bu məsələ ilə bağlı yeni qərarlar veriləcək.
Tarix: 1-11-2021, 14:45
Xəbəri paylaş





Xəbər lenti