Biometrik cibgirlik


Maliyyə nazirinin müavini deyir ki, rüsumların artırılması qiymətlərin qalxmasına təsir etməyəcəkdir. Mən onun yerində olsam, hətta daha kəskin deyərdim: “Rüsumları qaldırmağımız iqtisadiyyatın inkişafına səbəb olacaqdır”. Niyə də olmasın? Benzin, su, işıq, qaz qalxanda elə olmurmu? İndi milli pasport (rəhmətlik nənəm buna “başburut” deyirdi) və şəxsiyyət vəsiqələrimizdə rüsumların çoxalması lazımdır. Xüsusən ona görə ki, biz regionun lider dövlətinin vətəndaşlarıyıq. Biz ucuz pasport, vəsiqə daşıya bilmərik. Mayakovskinin ünlü şeirində deyilən kimi: “Alın a, yana-yana qalın a, mən sovet vətəndaşıyam”.
Sözgəlişi, dünən mən uşağın (adətən burada üzr istəmək lazımdır) yanında bir balaca biabır oldum. İçində yaşadığım dövlətə görə utandım. Günah əslində uşağın özündə idi, deyir oturduğum yerdən yazı taxtasını zəif görürəm. Bah. Rəhmətliyin oğlu, yazı taxtası sənin nəyinə lazımdır? Oxuyub alim olacaqsan? Bizə vətənpərvər oğullar lazımdır, qalanı boş şeydir. Xülasə, getmişik guya poliklinikada bunun gözünü yoxlatmağa. Balaca bir ərazidə düz 3 dənə andıra qalmış tibbi müəssisə var: 15 saylı poliklinika, 11 saylı uşaq poliklinikası, dəmir yolu xəstəxanasının poliklinikası. Bermud üçbucağıdır elə bil. Birinin qapısı o birinin həyətinə açılır. Hərə özünə bir bazar açıb rəsmən. Bu 3 bazarın birində normal həkimə, tibb bacısına, ümumiyyətlə, ağlı başında olan, əqli reaksiya verən hansısa subyektə rast gəlmək mümkün deyil. Deyirəm, uşağın gözünü yoxlatmaq lazımdır. Birində həkim “mən saat-2-yə qədər çalışıram, vaxtım bitdi” deyib aradan çıxdı, ikincisində dedilər biz uşaqlara baxmırıq, üçüncüsündə göz həkimini ümumiyyətlə ixtisara salmışdılar. Nəticədə pulsuz dövlət səhiyyəmizə görə uşağın yanında dövlətçiliyimiz biabır oldu. İndi mən buna hansı ölkədə böyüdüyünü necə izah eləyim? Basıb gözümü çıxarar. Onda da oxucular yazısız qalar.
Nazir müavini rüsumların artırılmasını həm də fəlsəfi-poetik şəkildə izah eləyib: “Evlilik həyatda bir dəfə olur, onun rüsumunu artırmağa dözmək olar”. Demək istəyir rüsumu qaldırdıq ki, camaat boşanmasın. Yoxsa adam var, rüsumun azlığı səbəbindən ayda beş dəfə evlənib boşanırdı. Mənəvi dəyərlərimiz aşınırdı. Vallah, ailə möhkəmlətməyin rüsum üsulu olduqca novator həlldir.
Ancaq pasportun biometrik olması üzündən bahalaşması izahı gülünc izahdır. Gərək hökumət nümayəndələri bunu etməzdilər. Misal üçün, hansısa yaddaş daşıyıcısını, xaricdə istehsal olunan çipi-zadı biz 15-20 manata ala bilirik. Bundan milyon dəfə az informasiya tutumu olan biometrik pasportun qiyməti 60 manata qalxdı (10 günə verilsə). 1 günə almaq istəsən, fantastik qiymət ödəməlisən - 210 manat. Sanki kağız parçası üzərinə yapışdırılan maqnit lenti yox, hansısa ağıllı telefon alırsan. Belə əcaib qiymətləri hardan çıxarırlar?
Kağız üzərində qoruma nişanlarının olması da onu bu qədər bahalı eləyə bilməz. Məsələn, 100 ABŞ dolları banknotunun istehsalı ABŞ büdcəsinə təxminən 6 sentə başa gəlir. Bir banknotun üzərində 18 qoruma nişanı var. Bizim biometrik pasportların qoruma nişanı neçədir, bu haqda heç məlumat yoxdur.
Üstəlik, elektron hökumətə keçiriksə, kağız pasport niyə bahalaşır? Eyni məntiqsiz hərəkət COVİD-19 pasportu adlanan kağız parçalarının verilməsində yaşanır. Bu kağızların faktiki heç bir əhəmiyyəti yoxdur, bütün yoxlamalar elektron aparılır. O zaman həmin kağızları niyə verirsiniz?
Poliklinikadan çıxanda uşaq mənə dedi ki, ilk fürsətdə bu ölkədən çıxıb gedəcəyəm. Məyus oldum, ancaq inandığınız haqqı, gopa basmıram. Görəsən, niyə belə dedi?

Zamin HACI
Tarix: 2-11-2021, 11:01
Xəbəri paylaş





Xəbər lenti