Deputat AFFA-ya səsləndi: “Bu nə futboldur belə...”


Azərbaycanın futbol millisi Dünya Çempionatının qrup oyunlarını biabırçı nəticə ilə başa vurdu. Son oyunda öz meydanında cırtdan ölkələrdən sayılan Lüksemburqa boyun əydi. Cəmi 1 xalla sonuncu yeri tutduq. İndiyədək belə nəticə olmamışdı. Hətta Avropanın ən zəif komandalarından olan Lüksemburq da bizdən 6 xal apardı. Millinin bu nəticələri ölkə ictimaiyyətinin sərt təpkisi ilə üzləşib. “Qarabağ” komandası tarix yazırkən millimiz nədən belə biabırçı gündədir? Səbəb nədədir - uğurlu baş məşqçinin olmaması, yoxsa? Futbolla yaxından maraqlanan deputat Aqil Abbas “Yeni Müsavat”a sərt danışdı: “İlk növbədə Azərbaycanda çempionat keçirilməlidir. İndi bizdə Bakı Çempionatı keçirilir, ölkə çempionatı yox. ”Qəbələ" klubunu çıxandan sonra hamısı Bakı klublarıdır. “Sumqayıt” klubunu da Bakı saymaq olar. “Keşlə”ni aparıb Şamaxıda oynatmaqla çempionat qurmaq olmaz. İndi “Keşlə”nin adını dəyişib, qoyacaqlar Şamaxı. Nə mənası var? Adı nə istəyirsən qoy. Kənar rayonlarda futbol olmalıdır. Bakıdan aparmaqla futbol olmur. Şamaxıya bir saatlıq Bakıdan yoldur, səhər get oyna, sonra da qayıt.
 
Bununla çempionat olar? Nə vaxt ki, Tovuz, Şəmkir, Mingəçevir və digər rayonların klubları olacaq, o zaman futbolumuz inkişaf edəcək. Lüksemburqun əhalisi Gəncənin əhalisindən cəmi yüz min nəfər artıqdır. Amma ölkəmizin ikinci ən böyük şəhərinin komandası yoxdur. Birinci divizion yaradıblar, lağlağı bir diviziondur. Əsas komandaların əvəzediciləri həmin divizionda oynayır. Təsəvvür edin ki, əvəzedicilərin öz aralarında yarış keçirilir. Baş məşqçi də baxıb həmin əvəzedicilərdən oyunçuları əsas heyətə seçir. Acınacaqlı hal odur ki, I divizionda çempion olanlar əsas liqaya maddi problem səbəbindən çıxa bilmirlər. O zaman nəyə görə oynayırlar? Tovuzun “Turan” komandası niyə olmasın?
 
Bir dəfə yazmışdım ki, olmayan Ağdamın komandası və olan Tovuzun komandası. “Qarabağ” komandasını Ağdam camaatı silinməyə imkan vermədi, pul yığırdıq, klubu saxlayırdıq, maaş, geyimlə təmin etməyə çalışırdıq. Mən o klubun üzvü və təsisçilərindən biriyəm. Olmayan, qaçqın Ağdam camaatı bu fədakarlıqları etdi. Düz “Azersun”a verilənə qədər bu belə davam etdi. Hələ o vaxt çempion da olduq, Avropaya da getdik. Tovuzun təxminən 30-40 milyonçusu var. İndi onlar “Turan” klubuna maliyyə yardımı edə bilmirlər? Yevlax kimi şəhərin əhalisi bir manatdan komandaları olan “Karvan”a 136 manat yığmışdılar. Bu sadəcə rüsvayçılıqdır. Bununla ölkədə futbol olar? Futbol öncəliklə regionlarda inkişaf etməlidir. Zaqatalanın “Simurq” klubu var idi. İndi hardadır? Göz dəydi? Problem çox, bununla məşğul olan isə yoxdur. İndi məşqçi axtarışına çıxıblar. Elə adamların adlarını yazıblar ki, heç Türkiyənin özündə onları tanımırlar. Məşqçi gətirirlər, yanında 5-6 tərcüməçi gəlir. De Byaze son oyundan sonra bizimlə məzələnirdi. Sən bilmirdin ki, 8 klubu olan ölkəyə gəlirsən? Hələ 4-5 futbolçu milliləşdirmişik. Bununla nə ola bilər ki?"
 
Azərbaycanda gənc idmançılar niyə uğur qazana bilmir? - Prezidentin  tənqidindən nəticə çıxarmaq lazımdır » Azxeber.com Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
 
İdman mütəxəssisi Kənan Məstəliyev AFFA rəhbərliyini təlimlər keçməyə çağırdı: “Azərbaycan futboluna rəhbərlik edən tam heyətlə istefa verib, gedib başqa işlə məşğul olmalıdılar. Çünki bu işi bacarmadıqları aşkar şəkildə görünür. Tarixi rəzalət dövrümüzü yaşayırıq. Bundan pis, bundan qara, bundan utanc günümüz olmamışdı. Hətta 0:6, 0:7, 0:8 və başqa böyük hesablı məğlubiyyətlərə düçar olanda belə bu qədər faciəvi durum olmurdu. Bilirdik çətinliklər var, olanımız budur, işləyib, çalışıb gələcəkdə daha yaxşısına nail ola biləcəyik. Ancaq görünən odur ki, bu qədər vaxt və maliyyə boşa gedib. Biz 90-cı illərin əvvəllərində müharibə, aclıq, səfalət dövrümüzdə belə bundan yaxşı futbol oynamış, ən azından meydanda döyüşmüş, mübarizə aparmışdıq. İndi qalib ölkə olaraq daha yaxşı şəraitə, infrastruktura, maliyyəyə malikik, oyunçularımız legioner həyatı yaşayırlar, ancaq ”ayağımız boyda" olan Lüksemburqa uduzuruq. Məğlubiyyət normal bir şeydir, Almaniya da uduzur, İspaniya da, Türkiyə də, digərləri də. Ancaq sistematik şəkildə, göz görə-görə biabırçılıqla yox. Ölkədə futbol komadadır, “Qarabağ” adlı süni nəfəs aparatına qoşulub. O da nə vaxta kimi “darta biləcək”, məlum deyil. Futbolumuzu idarə edənlər Gözəl ailəsinə hər gün təşəkkür etməli, abırlarını örtdüklərinə görə minnətdar olmalıdılar. Oturub danışsınlar, klubdakılar AFFA-dakılara “doğru idarəetmə necə olmalıdır” mövzusunda təlim keçsinlər, bəlkə nəsə düzəldi".
 
İdman yazarı Natiq Muxtarlı rüsvayçılığın səbəblərini belə sıraladı:  “İki əsas səbəb var. Birincisi, yığma komandanın nəticələrinin baş məşqçi ilə heç bir bağlılığı yoxdur. Azərbaycan yığmasına kimi gətirirsən, gətir, nəticə dəyişməyəcək. Ola bilsin ki, hər hansı seçmə mərhələdə 5-6 xal toplaya bilsin, amma heç vaxt böyük turnirlərin final mərhələsinə vəsiqə qazana bilməyəcək. Niyə? Ona görə ki, Azərbaycanda o potensialda futbolçu yoxdur. Niyə yoxdur? Ona görə ki, Azərbaycanda heç vaxt futbolçu yetişdirməklə heç kim məşğul olmayıb. Bizdə uşaq futbolu yoxdur. Nə infrastruktur var, nə kadr. Biz uzun illərdir ki, bu problemi qabardırıq, deyirik ki, öncə təməli atmaq, futbolçu yetişdirmək lazımdır. Sənin əlində məhsul - oyunçu yoxdursa, əcnəbi mütəxəssisin birini göndər, birini gətir, nəticə olmayacaq. Deyirik ki, əcnəbi məşqçiləri gətirib onlara milyonlar sərf etməkdənsə, o vəsaiti uşaq futboluna yatırın, futbolçu yetişdirin. Amma özümüz deyib, özümüz də eşidirik. AFFA rəhbərliyi isə heç bir təklifi nəzərə almır, ictimai rəyə məhəl qoymur, öz bildiyini edir. Bildiklərinin də nəticəsi budur. İkinci əsas problem isə qeyri-peşəkar, naşı idarəçilərdir. ”Qarabağ" ona görə uğur qazanır ki, orda peşəkarlar çalışır. Klub rəhbərliyi işi peşəkarlara həvalə edib. AFFA-da isə diletantlar oturub. Təkcə bir faktı deyim, AFFA-da uşaq futbolunun inkişafına cavabdeh olan şöbəyə marketoloq rəhbərlik edir. Biz belə idarəetmə sistemindən nə gözləyirik? Bu iki problem həllini tapmayana qədər Azərbaycanda futbol olmayacaq. Tellur Mütəllimovun qırmızı vərəqə aldığı epizoda baxın, onda heç bir günah görmürəm. Çünki ona belə öyrədiblər. Və yaxud, Mahir Əmrəlinin rəqibə verdiyi “möhtəşəm” ötürməni xatırlayaq. Mahir Polşaya gedəndən sonra etiraf etdi ki, burda uşaq futbolunda öyrənməli olduqlarını öyrənir. Təsəvvür edirsiniz, 24 yaşlı futbolçu gedir xaricə və nə qədər geridə olduğunu anlayır. Anlayır ki, 24 yaşa çatıb, amma uşaq futbolunda mənimsəməli olduğu texniki, taktiki vərdişlərdən bixəbərdir. Niyə? Ona görə ki, uşaq futbolunda kadr yoxdur. Bax, bundan başlamaq lazımdır. Milli komanda söhbətini bağlamalıyıq. Birdəfəlik anlamaq lazım ki, bu yığmanın heç bir potensialı yoxdur. Ləngimədən uşaq futboluna yatırım edilməlidir, futbolçu yetişdirilməlidir. Bu proses ən azı 10-15 il çəkəcək. Əgər bu işi görə bilsək, hə, onda 10-15 ildən sonra yığma komandadan nəticə tələb edə bilərik".
Tarix: 13-11-2021, 10:28
Xəbəri paylaş





Xəbər lenti