"Medianı utanc verən qeyri-peşəkarlıq, yarınma və acizlik bataqlığından çıxarmağa yönələn addımlar ataq ki..."


Yeni bir dönəm başlasa da mediada yeni qanunlar, yeni islahatlar o qədər də hiss edilmir. Bəs görəsən mediamızda yeni qanunlara, islahatlara ehtiyac varmı?                   
Mövzu ilə bağlı media eksperti Zeynal Məmmədli təəssüratlarını Moderator.az-a bölüşüb: 
"Azərbaycan mediasında yeni qanunlara ehtiyacı qaçılmaz saymıram. Hərçənd, vaxtilə Venesiya Komissiyasının da bəyəndiyi müddəalar, təəssüf ki, söz və mətbuat azadlığıyla bağlı qanunlardan ard-arda çıxarılmağa və ya təsirsizləşdirilməyə başlandı. Halbuki buna demokratik zərurət yox idi və belə cəhdlər, ən yaxşı halda, kiçik zamanın doğurduğu və demokratiyanın deyil, siyasi hakimiyyətin və inhisarçıların ehtiyaclarını ödəyən əlavə və düzəlişlər idi. Azərbaycan mediasının sərbəst reklam bazarına olmazsa-olmaz ehtiyacı var və məncə, ilk növbədə bu baxımdan təsirli, səmimi, hər hansı alt niyyətsiz addımlar atılmalıdır. Müstəqil media ciddi ictimai müzakirələrə meydan verməli, vətəndaşları sanki xalq iclasçılarına və formalaşacaq ictimai rəyə önəm verəcək hakimə çevirməlidir. Həsən bəy Zərdabinin dediyi kimi, media gerçəkdən xalq həyatının aynası olmalıdır. İndi bu aynada nəyi görür və önəmli hansı cizgiləri sezirik? Hər bir vətəndaş bu suala öz cavabını versin və ardınca ortaq məxrəcə gələk. Daha sonra da medianı utanc verən qeyri-peşəkarlıq, yarınma və acizlik bataqlığından çıxarmağa yönələn addımlar ataq ki, yeri gəldi-gəlmədi, var olan qanunlara yamaq vurmaq vərdişlərini tarixin zibilliklərinə tullayaq".
Tarix: 14-11-2021, 12:49
Xəbəri paylaş





Xəbər lenti