Deputatların “kirayəpulu”nun artırılması təklifinə reaksiyalar: “Gərək qənddən, çaydan alıb baş çəkməyə gedim, savabdır...”



Ötən gün Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev mənzili olmayan millət vəkillərinə verilən aylıq 220 manat kirayə haqqının artırılmasını təklif edib. Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
Pravda.az xəbər verir ki, sosial şəbəkədə deputatlar tənqid edilib.
 
Mövzuya münasibət bildirən istifadəçilər “evləri yoxdursa, gedib “kupça”nı öz adlarına keçirsinlər, onda evləri olar”, “düz deyirlər, evləri yox, villaları var”, “yaxşı maşınları, bərkgedən obyektləri, hər ay aldıqları paketləri var”, “deputat olmaq üçün verdikləri pula 3 dənə ev ala bilərdilər”, “yəqin, onlarınkına ev demək olmaz, ona görə...”, “gərək qənddən, çaydan alıb baş çəkməyə gedim, savabdır”, “İmişlinin icra başçısı Vilyam da kirayə qalırdı” kimi şərhlər yazıblar.
 
Mövzu barədə bir sıra istifadəçilər isə həmin deputatların Bakıda yaşamasına etiraz ediblər. Vətəndaşlar Bakıda mənzili olmayan deputatların təmsil etdikləri dairənin yerləşdiyi rayonda qalmağı təklif ediblər.
 
Bəzi istifadəçilər isə mənzili olmadığı iddia edilən deputatlar barədə yox, məhz təklifi səsləndirən Razi Nurullayev barədə narazılıqlarını ifadə ediblər. Onun haqqında “Özünə görə deyir, çünki hələ millət vəkili olmamışdan əvvəldən də Azadlıq metrosunun yaxınlığında kirayə mənzildə qalır, amma həyat yoldaşının avtomobili, özünün də mühafizə edəni və sürücüsü var”, “sifarişlə seçilən deputatdan bundan artıq təklif gözləmək gülünc olardı” kimi rəylər yazılıb.
 
Yazılan şərhlərə əsasən, vətəndaşların əksəriyyəti həmin deputatların evinin olmadığına inanmır və xalqın şəhid verdiyi həssas dövrdə bu cür təkliflərin səsləndirilməsini mənfi qarşılayırlar.
 
Qeyd: Kirayədə yaşayan deputatlar Emin Hacıyev, Cavid Osmanov, Vüqar İskəndərov, Ramil Həsən, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kazımzadə və Naqif Həmzəyevdir.
Tarix: 18-11-2021, 21:18
Xəbəri paylaş





Xəbər lenti