Aqil Hümbətov feodal idarəçiliyin qurbanıdır

Hüquq müdafiəçisi Anar Məmmədli
Təxminən il yarım öncə sosial şəbəkələrdə video müraciət yayıb ölkə başçısından uşaq pulu tələb edən Aqil Hümbətov adlı Xəzər rayon sakini 10 il müddətinə azadlıqdan məhrum edildi.
O əvvəlcə Psixatriya xəstəxanasına, daha sonra isə qondarma cinayət işi üzrə İstintaq Təcridxanasına göndərilmişdi. Bir neçə gün öncə məhkəmə onu bıçaqla başqasına xəsarət yetirməkdə “təqsirli” bilərək, 10 il müddətinə azadlıqdan məhrum etdi.
Aqil Hümbətov 3 uşaq atasıdır və ailəsini zibbiliklərdən topladığı plastik əşyaları təhvil verib cüzi ödəniş almaqla dolandırıb. Onun yaydığı videolarda maddi sıxıntılardan əziyyət çəkən, gündəlik qayğılarının öhdəsindən gələ birlməyən insanın fəryadı və gərgin psixoloji rahatsızlığı vardı.
Bəlkə də çoxumuz öz dərdimizi onun kimi emosional və kəskin şəkildə dilə gətirməzdik. Amma o cür emosional və kəskin fikirlər belə onu cinayətkara çevirmir.
Aqil Hümbətov dövlətdən görmədiyi sosial qayğını tələb etdiyi, dilinə gətirdiyi üçün “cinayətkara”ə çevrilib. Yəni sosial siyasəti tənqid etdiyi, sosial dəstək tələb etdiyi üçün həbsdədir. Amma onun həbsinə sifariş verən də, istintaqını aparan da, hökmünü imzalayan da bu ölkənin ən əxlaqsız, ən qəddar və ən vicdansız insanları sırasındadır. Təbii ki, ölkəmizdə belə naqislər yetərincə çoxdur. Və problem onların ölkədə çox olmasında deyil, vəzifə başında olmasındadır.
Bəli, biz Aqil Hümbətovun şəxsi faciəsində ölkəmizin murdar məhkəmə-hüquq sistemini və yaşadığımız dövrün faciəli mənzərəsinin şahidi oluruq.
Üç azyaşlı uşağın atasına qondarma cinayət olayı düzəltmək, əclafcasına onu 10 il azadlıqdan məhrum etmək bizim milli reallığımızdır. Bu elə bir reallıqdır ki, milli birlik, vətəndaş həmrəyliyi, siyasi dialoq kimi çağrışların üstündən xətt çəkir, ölkənin feodal qaydalarla idarə olunmasını göstərir. Belə bir ölkədə multikultiralizmdən, mədəni inkişafdan, ciddi ədəbiyyatdan, humanizmdən bəhs etmək ironiyadır. Çünki yaşam şərtləri ibtidai, idarəçilər mağara təfəkkürlü, həyatın özü isə incəsənət və ədəbiyyatdan daha heyrətli və gerçəkdir.
Tarix: 20-11-2021, 09:28
Xəbəri paylaş





Xəbər lenti