Günahsız yerə həbs yatmağın da bir həddi olmalıdır


Saleh Rüstəmlinin cinayət işi çox az sayda siyasi motivli cinayət işlərindəndir ki, adam cinayət hesab edilməyən əmələ görə cinayət məsuliyyətinə cəlb olunub, uzun müddətə azadlıqdan məhrum edilib. Saleh Rüstəmlinin “qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma” və “cinayət yolu ilə əldə olunmuş külli miqdarda pul vəsaitlərini leqallaşdırmadan” ibarət cinayət əməllərini törətməkdə təqsirli bilinib.
“Qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı”
Saleh Rüstəmli Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş qaydada fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, Azərbaycanda gəlir əldə edə biləcək hər hansı bir fəaliyyətlə məşğul olmayıb. Onun bütün biznes fəaliyyəti Rusiyaya bağlıdır. O, Rusiyadakı biznes fəaliyyətinə görə həbs edilməyib, azadlıqdan məhrum edilməyib, istintaq və məhkəmə orqanları öz qərarlarında bunu aydın şəkildə göstəriblər. Hətta əgər O, Rusiyada qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş olsaydı, Rusiya qanunvericiliyinə uyğun olaraq Rusiya hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilə bilərdi. Ancaq belə bir fakt da yoxdur.
“Pul vəsaitlərinin leqallaşdırılması ilə bağlı”
Saleh Rüstəmliyə məxsus pul vəsaitləri cinayət yolu ilə əldə edilməyib. Həmin vəsaitləri Saleh Rüstəmli Rusiya qanunvericiliyinə uyğun şəkildə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində əldə edib. Saleh Rüstəmli bankdan kənar pul köçürmələri ilə Azərbaycandakı qohumlarına hər hansı məbləğ göndərmiş ola bilər. Əgər bankdan kənar pul köçürməsi üçün cinayət məsuliyyəti müəyyən edilirsə, bu xidmətdən istifadə edən deyil, məntiqlə bu xidməti göstərən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli idi. Halbuki, Saleh Rüstəmlinin xidmətindən istifadə etdiyi bankdan kənar pul köçürmələri ilə məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb edilməyiblər, azadlıqdadırlar və cinayət işinə yalnız şahid kimi cəlb ediliblər. Digər tərəfdən əgər Saleh Rüstəmli bankdan kənar əməliyyatdan göstərmiş şəxslərin xidmətindən istifadə etmiş olubsa da, bu keçirilən vəsaətin cinayət yolu ilə əldə edilmiş vəsait hesab edilməsinə səbəb ola bilməz. Avropa Məhkəməsinin bununla bağlı presidenti də var. Avropa Məhkəməsi bir işdə bildirib ki, bir şəxsin pulu gömrük deklarasiyası vermədən sərhəddən keçirdiyi üçün pulun statusu “qanuni şəkildə əldə edilmiş”dən “cinayət yolu ilə əldə edilmiş”ə çevrilə bilməz. Çünki “cinayət yolu ilə əldə edilmiş” anlayışı vəsaitin cinayət fəaliyyəti nəticəsində əldə edildiyini nəzərdə tutur. Ancaq şəxs bu pulu qaçaqmalçılıq vasitəsi ilə deyil, qanuni ticarət yolu ilə əldə edib, cinayət yolu ilə əldə edilmiş vəsait qaçaqmalçılıq xidməti göstərən şəxsə verilən pul hesab edilə bilər.
Bütün bunlara baxmayaraq adam artıq 4 ildir ki, cinayət sayılmayan əmələ görə həbsdədir. Artıq günahsız yerə həbs yatmağın da bir həddi olmalıdır. Saleh Rüstəmli azad olunmalıdır.
Tural Ağayev, hüquqşünas
Tarix: 24-11-2021, 08:54
Xəbəri paylaş





Xəbər lenti