Saleh Rüstəmli vətən boyda adamdır

Hüquq müdafiəçisi Anar Məmmədli
Siyasi motivlərlə həbs edilmiş Saleh Rüstəmli aclıq aksiyasının 24-cü gününə yaxınlaşıb. Bir insan öz haqsız və ədalətsiz həbsinə etiraz üçün sonuncu etiraz yolunu seçib – aclıq etməklə özünə qəsd edir.
Şəxsən mənim üçün aclıq aksiyası heç vaxt cəlbedici etiraz forması olmayıb. Amma bu cür etiraz formasını seçən insanların daxili durumu, hayqırtısı və etirazının motivini də yaxşı anlayıram.
Dövlət orqanları təcili olaraq onun azadlığı ilə bağlı zəruri addımlar atmalı, indiki durumda ən azı mülki xəstəxanaya yerləşdirərək, daimi tibbi nəzarət şəraitində onun həyatını xilas etməlidir.
Saleh Rüstəmli bu ölkədə vətənpərvərlik və ədalət anlayışlarını sınağa çəkən bir aksiyaya başlayıb.
Bu yolda onun yanında olmayanların vətənpərvərliyi mənim üçün şübhə doğurur. Çünki gəncliyinin ən gözəl çağlarını bir əlində silah vətən torpağının müdafiəsinə, bir əlində möhür icra başçısı kimi vətəndaşlara ləyaqətlə qulluq etmiş birisi elə vətənin özüdür. Saleh bəy elə vətən boyda adamdır.
Onun günahsız yerə həbsi ədalət anlayışına ölkəmizdə qəsbkar münasibəti göstərir. Ya ədalətli mühakimə hüququnu qəsb edənlərin yanında olacaqsız, ya da ədalətsizliyə qarşı etiraz edən Saleh Rüstəmlinin. Seçim edin. Mən seçimimi etmişəm.
Saleh Rüstəmlinin həyatını itirsə, onun üzünə duran, sanksiya verən, hökm oxuyan və siyasi sifariş verənləri deyil, susqun qalanları da bağışlamayacam.
Əgər ömrünüzü və hakimiyyətinizi Saleh Rüstəmli lənəti ilə bitirmək istəmirsizsə, onu azad edin!
Tarix: 29-11-2021, 15:24
Xəbəri paylaş





Xəbər lenti