Qorxu hissi nələrə səbəb olur?


Psixoloq Vəfa Əkbər
Qorxu məlumatsızlıqdan yaranan emosiyadır. Məsələn: qaranlıqdan yaranan qorxu hissi qaranlığın qeyri müəyyənliyindən irəli gəlir.
Yer üzündə elə bir insan yoxdur ki, bu hissə sahib olmasın. Hətta heyvanlar belə, qorxu ilə tanışdırlar. İnsanlar qorxu ilə doğulmur, bu, zamanla formalaşan duyğudur. İnsanlarda qorxu adətən 4-6 aylıqdan sonra, valideynlərdən ayrı qala bilməməklə başlayır. Zaman keçdikcə, ailə içindəki bu qorxular artaraq böyüyür və kənar dünyaya addım atdıqda bunlara yeniləri əlavə olunur.
Qorxu fərdə qarşı yaranmış təhlükəyə reaksiyadır. İnsanlar onları narahat edən hər şeydən qorxa bilər. Azyaşlılarla böyüklərin qorxuları bir qədər fərqlənir. Burada əsas fərqli cəhət odur ki, uşaqların qorxuları heç də həmişə gerçəkliyə uyğun səbəblərdən meydana gəlmir. Təxəyyülün oynadığı kiçik oyunlar yersiz qorxular yarada bilir. Məsələn, balaca uşaqlar çox vaxt gerçəkliyinə şüphə edilən görüntülərdən qorxuya düşürlər. Bunda bir qədər bizim də rolumuz var. Xatırlayın, körpəlikdən uşaqları “xoxan”, “əjdaha” kimi şeylərlə qorxudub yatırırıq.
Gözlərini qorxuyla yumduqdan sonra nələrlə mübarizə apardıqlarından isə xəbərimiz olmur. Uşaqlardan fərqli olaraq böyüklərin qorxuları çox vaxt real olur. Ölüm qorxusu, ağlını itirmə qorxusu, imtahan qorxusu, insanlarla ünsiyyət qorxusu, uğursuzluğa düçar olma qorxusu və s. gündəlik həyatda bizə ən tanış duyğulardır.
Qorxunun fiziki göstəriciləri bunlardır:
Gözlərdə. İşığın daha çox alınması üçün göz bəbəyi genişlənir. Bu vəziyyət daha ayıq və məlumatlı olmağı təmin edir.
Ağız və boğaz. Ağız boşluğunun quruduğuna görə həzm şirəsi mədəyə çatmır. Bədənin enerjisi qorunub saxlanılır. Boğazda olan əzələlər gərgin olduğundan udqunmaq çətin olur.
Ürək. Ürək daha tez döyünür ki, qan və oksigeni bütün bədənə ötürsün. Bu halda qan təzyiqi də artır.
Dizlər. Adrenalinin yüksək səviyyəsinə görə dizlər hərəkətsiz olur. Buna görə dizlərinizdə zəiflik hiss edirsiniz.
Sidik kisəsi və bağırsaqlar. Sidik kisəsi və bağırsağın əzələləri o qədər zəifləyir ki, siz dərhal tualetə gedib rahatlanmaq istəyirsiniz.
Əl və ayaq barmaqları. Əl və ayaq barmaqlarında sancma hissi yaranır belə ki onlar lazımi qədər qan almırlar.
Qaraciyər. Enerjinin artırılması üçün qlükogenin karbohidrat ehtiyatı qlükozaya çevrilir.
Mədə. Həzm şirəsinin kəskin olaraq kəsilməsi turşuluğun yaranmasına səbəb olur, o isə mədəyə diskomfort yaradır.
Börəküstü vəz. Məhz burada adrenalın istehsal olunur.
Tər vəziləri. Maddələr mübadiləsinin sürətinin artamsına görə bədən qızır, bədənin sərinləməsinə görə isə tər vəzləri daha çox tər ifraz edir.
Dəri. Qanın çəkilməsinə görə dəri solğun olur. Bu ağrı hissini duymazdan öncə orqanizmin verdiyi ən əsas instikdir.
Beyin. Beyin “qaçmaq və ya dayanıb müqavimət göstərmək”reaksiyasını təyin edir.
Qorxu heç də təhlükəli bir hiss deyil. Bunun sayəsində insan həyatda qala bilir. Təsəvvür edin, qorxularımız olmasaydı, müxtəlif riskli vəziyyətlərdə özümüzü təhlükəyə atmış olardıq. Alovun yandırıcı xüsusiyyətindən qorxmasaydıq, ona rahatca toxunaraq bədənimizin müxtəlif dərəcəli yanıqlar almasına şərait yaradardıq.
Belə desək, qorxu bizi təhlükədən uzaqlaşmaq üçün yönləndirir. Bəzən qorxumuzun yersiz olduğunu düşünüb onu önəmsəmirik. Ancaq bu halda gözləmədiyimiz anda riskli bir olaya hazırlıqsız yaxalana bilərik. Bunun əksinə, ola bilər ki, təhlükə qarşısında həddən artıq reaksiya verək. Bu hallarda qorxudan donub qalma hadisəsi baş verə bilər ki, bu da risklidir.
Qorxu dərəcəsinin artması bəzən xəstəliklərə yol aça bilər. Bu halda mütəxəssisə müraciət etmək lazımdır.
Tarix: 2-12-2021, 21:09
Xəbəri paylaş





Xəbər lenti