Buna gücümüz çatacaqmı?

Araz Gündüz
Bütün müqayisələrdə qüsur olur, ancaq bəzən müqayisəsiz də ötüşmək olmur. Sərvəti 100 milyard dollar civarında olan YUKOS şirkətinin sahibi Mixail Xodorkovski bəyan edəndə ki, növbəti seçkilərdə və ümumiyyətlə siyasi proseslərdə Rusiya müxalifətinə maddi dəstək verəcək, Putin dərhal əks hücuma keçdi, ən müxtəlif şərləmələrlə YUKOS şirkətini qanundankənar elan edib müflis olmağa gətirib çıxardı, Xodorkovskini qondarma ittihamlarla həbsə atdı. Bir müddət sonra beynəlxalq təşkilatların və Qərb hakim dairələrinin təzyiqi ilə Xodorkovski həbsdən azad olundu. Həbsdən çıxandan sonra ilk müsahibəsində Xodorkovski təxminən belə bir söz demişdi: mənə hər cür pislik etməsinə baxmayaraq, ailə üzvlərimə və mənə doğma olan insanlara yamanlıq etmədiyinə görə Putinə minnətdarlığımı bildirirəm.
Qazandığı halal pulundan müxalifətə, xüsusilə də, qanunsuz həbs olunmuş siyasi məhbusların ailələrinə az bir miqdarda maddi yardımlar göstərmiş Saleh Rüstəmli İlham Əliyevin qəzəbinə gəldi: necə yəni, sən mənim məhv etmək istədiyim, çörəklə sınağa çəkib sarsıtmağa çalışdığım insanlara yardım edib onlara dayaq olursan? Və İlham Əliyev əlində olan şərləmə maşınını işə salıb Saleh Rüstəmliyə olmazın pisliklər etdi: halal qazancı ilə aldığı mənzil və kiçik miqyaslı obyektlərini əlindən aldı, qohum-qardaşının əlində olan bütün dolanışıq vasitələrini müsadirə edti, bir sözlə, talamağı-yağmalağı özünə peşə etmiş, Azərbaycanın sərvətlərini oğurlamada dünya miqyasında şöhrət qazanmış İlham Əliyev öz fərraşlarının əli ilə Saleh Rüstəmliyə qarşı ən əxlaqsız və mənəviyyatsız cəza üsullarından istifadə etdi. Yəqin çoxunuzun diqqətindən yayınıb: Saleh Rüstəmli aclıq aksiyasına başlamazdan 10-12 gün öncə, Saleh bəyin ata ocağı da, məhkəmə qərarı ilə müsadirə olundu. Mən bu xəbəri oxuyanda bir anlığına özümü Saleh bəyin yerində hiss edib dəhşətə gəldim: birdən mənim ata mülkümü müsadirə etsəydilər, mən buna necə dözərdim? Demək istəmirəm ki, Saleh bəy məhz bu hadisəyə görə ölüm aclığına gəlib çıxan bu aksiyaya başladı. Ancaq Saleh bəy görəndə ki, İlham Əliyev ümumiyyətlə onu cismən məhv etmək üçün əlindən gələn hər şeyi edir və dustaq həyatını məhkəmənin verdiyi saxta hökmün müddəti bitəndən sonra da müxtəlif bəhanələrlə uzadacaqlar və rejimin fikri onun ömrünün qalan hissəsini zindanda çürütməkdir, onda belə bir kəskin addımı atmaq zərurəti qarşısında qaldı.
İlham Əliyevi başa salıblar ki, sən müxalifətlə münasibətdə geriyə, hətta, yarım addım atsan, bu sənin hakimiyyəti itirməyinə gətirib çıxaracaq prosesin başlanğıcı olacaq: nə olursa olsun, ancaq müxalifətin üzərinə getmək, onu hər vasitə ilə əzmək, məhv etmək lazımdır, yoxsa, hakimiyyət dəyişikliyi və bunun ardınca iqtidarda olduğun dövrdə baş verənlərin hesabatının verilməsi qaçılmazdır. Qorxunun əcələ faydası olmasa da, iqtidarın canını bürüyən bu heyvani hiss indi onu ən rəzil addımlar atmağa sövq edir. Əslində, bu hadisədə iqtidarbaşı, insanı ölümə vadar etmə kimi ən ağır maddə ilə ittiham olunmalıdır və inanıram ki, nəvaxtsa olunacaq da.
Saleh bəyi yalnız arasıkəsilməz, güclü dinc aksiyalar vasitəsilə göstərilən dirəniş bu iqtidarın girovluğundan azad edə bilər. Buna gücümüz çatacaqmı?..
Tarix: 15-12-2021, 11:02
Xəbəri paylaş





Xəbər lenti