Kərpickəsən kişinin dastanı



“Kəfənsizin kəfəni, duvağıydı kərpici,
Günahkarın ağzının suvağıydı kərpici.
Bir gün yenə işiylə başını qatdı qoca,
Əldən-dildən düşərək qan-tərə batdı qoca".
(Bu sitat Nizami Gəncəvinin 880 illiyi münasibətilə dərc olunur)
Bu yaxında Avropa Şurasında, ya da Avropa İnsan Hüquqları Məhkəməsində - dəqiq yadımda qalmayıb - Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddialarına baxdılar və məzəli qərar çıxarıldı: gərək biz indən sonra bir-birimizə nifrət eləməyək. Doğrudan. Elə bu cür də yazmışdılar ki, azərbaycanlılar arasında ermənilərə qarşı, ermənilər arasında da azərbaycanlılara qarşı nifrət dili, düşmənçilik ritorikası yığışdırılmalıdır. Qısa izah eləsəm, bundan sonra kiməsə pis mənada “erməni balası” demək olmazmış. İrəvanda da “türkün törəməsi” (daha pis variantları özüm yazmıram - qərara əməl eləməyə başlamışam).
Prinsipcə, həmişə düşmənçilik sözdə, ideyalarda başlayır, sonra əməllərə keçir. Bu, ermənilərin 19-cu əsrin sonlarında Daşnaksütyun partiyasını qurub türk düşmənçiliyinə başlamasına da aiddir, Hitlerin “Mayn Kampf” kimi cəfəngiyyatı yazıb yəhudi soyqırımına əsaslar yaratmasına da. Ancaq “sözlü düşmənçilik” məncə qloballaşan dünyamızda daha çox siyasətçilərin, liderlərin işinə yarayır və onlardan asılıdır. (Bu yerdə müəllifini unutduğum bir müdrik fikrin yeri var: “Müharibələri bir-birini yaxşı tanıyan liderlər başlayır, döyüşdə isə bir-birini tanımayan əsgərlər öldürülür”). Nifrəti, düşmənçiliyi söz-söhbətdə aradan qaldırmağın ən qısa yolu sərhədləri açmaq, yolları, kommunikasiyaları bərpa etməkdir. Qalanı öz-özünə düzələcək. Əks halda, düşmən xalqlar bir-birini canavar, əcaib məxluqlar kimi təsəvvür edərlər.
Bu uzun girişdən, savadlı uşaqlar demişkən, preambuladan sonra yazını Əli İnsanovun Prezident Administrasiyasına dəvət edilməsinə həsr elədiyimi açıqlayıram. Dünən mən bu xəbəri oxuyanda o qədər ürəyim açıldı ki, qəh-qəh çəkib güldüm belə. Möhtəşəm addımdır. Bu münasibətlə Əli müəllimi idarəyə dəvət edən Ədalət Verdiyevə, həmçinin dəvəti yerə salmayan Əli müəllimin şəxsən özünə dərin təşəkkürümü çatdırıram. Bütün respublika ictimaiyyəti adından.
Bax, nifrət dilini aradan qaldırmaq üçün dialoq vacibdir. Əli İnsanov həm türməyə düşəndən öncə, həm türmə zamanı, həm azadlığa çıxanda Azərbaycanda nifrət, düşmənçilik lüğəti ilə danışan adamların başında durmuşdur. İndi isə görüşə gedir. Deməli, iqtidarın partiyalar üzrə siyasəti möhkəm dayaqlar üzərində qurulmuşdur. Deməli, bizi xoşbəxt gələcək gözləyir. Bircə bu dialoqa Tofiq Yaqublu ilə Əli Kərimlini də cəlb eləyə bilsək, düşünürəm bütün daşlar yerinə oturacaqdır. Tofiq bəyi Göz Xəstəlikləri İnstitutuna, Əli Kərimlini də Pasport İdarəsinə müdir qoymalıyıq. Məncə, sevinə-sevinə gedərlər. Əli müəllimin rəhbərlik etdiyi Haqq-Ədalət Partiyasının üzvlərindən Zəlimxan Məmmədlini isə Xətai rayonuna icra başçısı qoymalıyıq. O vaxtkı işini davam etdirsin.
Hə, az qala yadımdan çıxmışdı, bəs Əkrəm Əylislini niyə yaddan çıxarmışıq? Nifrət leksikonu aradan qalxıbsa, gəlin ona da sərbəstlik verək, növbəti ermənipərəst əsərlərini yazıb-yaratsın. Qayıtsın Naxçıvana, təzədən deputat olsun. Allah haqqı səmimi sözümdür, heç bir ironiya eləmirəm. Əkrəm müəllimi sərhədçini döymək maddəsi ilə ölkədən qırağa buraxmırlar, neçə ildir üzərində uydurma cinayət işi qalır. Eyni işdən Əli İnsanova açılmışdı - türmədə olanda. O da guya nəzarətçini karate fəndi ilə şikəst eləmişdi. Bəli, bizdə belə ağsaqqal idmançılar olmuşdur. Ancaq iqtidar Əli müəllimi bağışladı, azad elədi. Yaxşı olar Əkrəm müəllim də əfvə düşsün. 
Mən belə başa düşdüm ki, Əli müəllimdə ovaxtkı kərpiclərdən hələ qalırmış. Yerini öyrənə bildilərmi, görəsən?
 

Zamin HACI
Tarix: 16-12-2021, 10:05
Xəbəri paylaş





Xəbər lenti