"İnternet üzərindən yayımlanan bəzi informasiyalara məhdudiyyət tətbiq edilməlidir"


"Özünə demokratik deyən istənilən ölkənin birini götürsək, orada hər hansı formada internet bloggerlərinə belə müəyyən məqamlarda hədd qoyulur. Yəni, onlar bu və ya digər həddi keçə bilməz. İndi gəlin, Azərbaycana baxaq; Azərbaycan şərq ölkəsidir. Biz müsəlman ölkəsi olmaqla yanaşı, dünyəvi dövlət qurmuşuq. Dünyəvi dövlət kimi Azərbaycan dünyanın bütün yeniliklərini özündə cəmləyib. Amma bizim bir sıra maddi, mənəvi dəyərlərimiz var. Bizim Şərq, müsəlman ənənələrimiz mövcuddur. Biz ailə institutumuz, dilimiz var. Yəni, bu dəyərləri qorumaq üçün bütün dövrlərin ən aparıcı ziyalıları müzakirə aparıblar. Onlar yekunda bu fikrə gəliblər ki, bu məsələlərdə hər hansı formada məhdudiyyət qoymaq lazımdır ki, bizim dilimiz, ənənələrimiz, mədəniyyətimiz, mənəviyyatımız, əxlaqımız qorunsun. Bizə qarşı olan mədəni, mənəvi terrorlardan özümüzü sığortalamalıyıq. Ona görə də Media haqqında" yeni qanunun qəbulu vacibdir".


Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Sona Əliyeva bildirib.

S.Əliyeva təəssüf hissi ilə qeyd edib ki, bunu istəməyən adamlar, əleyhinə çıxanlar mənəvi dünyanı dağıtmaq istəyənlərdir: "Bizim azərbaycançılıq ideologiyamızı dağıtmaq istəyən adamlar, müsəlman ənənələrimizin əleyhinə gedənlər bu gün onu istəyirlər ki, bu qanun layihəsi qəbul olunmasın. Axı, bizim ailəmizdə körpələrimiz böyüyür. Onların əxlaqi, mənəvi, psixoloji tərbiyəsini kim aparmalıdır?! Bu gün internetdə, internet üzərindən yayımlanan bəzi informasiyalar çağırılmamış qonaq kimi birbaşa həyatımıza, evimizə, ailəmizə daxil olublar. Bunlara məhdudiyyət tətbiq edilməlidir".
Tarix: 17-12-2021, 15:11
Xəbəri paylaş





Xəbər lenti