Əkrəm Həsənov: “Əhalinin əksəriyyəti idiotdur, bu, təhqir deyil, diaqnozdur”


“Əhalimizin əksəriyyəti idiotdur. Bu, təhqir deyil, diaqnozdur. Özü də tibbi yox, sosial. “İdiot” yunan mənşəli sözdür və qədim Yunanıstanda ictimai idarəetmədə iştirak etməyən şəxsi ehtiva edirdi. Niyə iştirak etmir? Sadəlövhcəsinə düşünür ki, cəmiyyət və idarəçilər həmişə onun maraqlarına uyğun qərarlar qəbul edəcək”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.
 
Ə.Həsənov təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda vətəndaşların çoxu belə düşünür (“Necə məsləhətdir” prinsipi ilə yaşayırlar): “Söhbət yalnız seçkilərdən getmir. Hətta bələdiyyə seçkilərindən də getmir. Halbuki, bu da önəmlidir: deputatlarımızı heç olmasa başlarına qalmaqal gələndə tanıyırıq, bələdiyyə üzvlərini isə cəmiyyət heç tanımır. Amma yenə də bunu hardasa başa düşürük. “Mən siyasətlə məşğul olmuram” şüarından irəli gəlir. Halbuki, siyasət onsuz da onlarla məşğul olur. O cümlədən cibləri, yəni əmlakları, pulları ilə. Maraqlısı da elə budur ki, bizim vətəndaşların çoxu heç dövlət idarəedilməsi ilə əlaqəsi olmayan və birbaşa onların maddi maraqlarına toxunan məsələlələrdə belə idiotluq edir. Məsələn, hansısa heç 100 manatlıq kapitalı olmayan tikinti şirkəti gəlib binanı sökür, sakinlər birləşib müqavimət göstərmir. Hər kəs məsələnin ona aid olmayacağını və ya fərdi qaydada həll edəcəyini düşünür. Nəticədə hamısı qalır küçədə və həmin tikinti şirkətinin ümidində. Və ya Mənzil Məcəlləsinə görə çoxmənzilli binalar sakinlər tərəfindən idarə edilməli olsa da, əksər hallarda tikinti şirkəti və ya ona məxsus olan qondarma qurumlar tərəfindən idarə olunur. Bu da sakinlərə xeyli baha başa gəlir. Amma birləşərək qanunla nəzərdə tutulmuş mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmırlar. Başqa misal: müflis banklarda vəsaitləri qalmış on minlərlə kreditor (həm vətəndaşlar, həm də şirkətlər) illərlə oturub gözləyilər ki, ləğvedici onların pullarını qaytaracaq. Özləri isə heç bir təşəbbüs göstərmirlər. Kreditorlar komitəsi yaratmağa, onun işində iştirak etməyə, ləğvedicinin fəaliyyətinə nəzarət etməyə heç cəhd də etmirlər. Uzaqbaşı, vəsaitlərini qaytarmaq üçün korrupsion yollar axtarırlar. Mən hələ onu demirəm ki, işsizlikdən şikayətlənən, dövlətdən yardım gözləyənlər birləşərək gedib regionlarda kənd təsərrüfatı yaratmırlar. Niyə? Çünki bilirlər ki, birləşmək, nəyisə birgə idarə etmək keyfiyyəti bizdə zəifdir. “Şərikli arvadın olsun, şərikli malın olmasın” prinsipi hökmrandır bizdə. Dövlət başçısı da dəfələrlə xalqı ictimai nəzarəti təmin etməyə səsləyir. Amma təəssüf ki, insanlarımız çox passivdir. Vətəndaş cəmiyyəti idiotlardan ibarət ola bilməz. Vətəndaş odur ki, haqqını bilir, tələb edir, başqa vətəndaşlarla maraqları naminə birləşə bilir. Yalnız əksəriyyəti belə vətəndaşlardan ibarət olan cəmiyyət inkişaf edir, o cümlədən iqtisadi cəhətdən. Məmur da belə vətəndaşları idiot yerinə qoymur...”
Tarix: 18-12-2021, 21:52
Xəbəri paylaş





Xəbər lenti