Nazirlərin problemləri



İqtisadiyyat naziri deyir ki, inflyasiya problemlərinə görə narahatdır. Zəhmətkeşlərimiz dükan-bazara girəndə dərindən ah çəkərkən məhz iqtisadiyyat nazirinin narahatlığını düşünürlər. Biz gərək heç bir nazirimizi narahat eləməyək. İnflyasiyanı tutub, zindana salmaq mümkün olsaydı, çox yaxşı olardı. Bəlkə bunu Naxçıvanda, bütün islahat və dövlət proqramlarımızın ana laboratoriyasında ilkin sınaqlardan keçirək?

Vətəndaşlarda da günah çoxdur. Axı nə üçün biz dükanlardan çoxlu lazımsız şeylər alırıq, qiymətlərin qalxmağına səbəb oluruq? Çörək yoxdur, tort yeyin. Ancaq hardan... Məsuliyyətsiz insanlardır. Dünya bazarında taxılın, buğdanın, arpanın, darının bahalaşdığı məqamda hamısı daraşıb çörək yeyir. Nəticədə dövlət taxılın qiymətindəki fərqi kompensasiya eləməli olur. Buna görə kərə yağı qalxır. Kərə qalxanda qarğıdalı yağı da telini qabardır, deyir, kimdən əskik oğlanam?

Qısası, hər şey uçur. Şair demişkən: “Yıxıldım, Allah, yıxıldım, Gözüm yaşından yıxıldım. Hər şeyin başı sözdür, Sözün başından yıxıldım”. Bizdə ən böyük azadlıq verilən şey qiymətlərdir. Sərbəst şəkildə uçurlar.

Sözgəlişi, çox adamın xəbəri yoxdur, bizim Narxozda uzun illər “Qiymətin əmələ gəlməsi” kafedrasının müdiri Xanhüseyn Kazımlı olmuşdur. Keçmiş deputat. (Bəlkə indi də deputatdır, dəqiq bilmirəm). Bu saat respublikada əmələ gələn qiymətlərdə Xanhüseyn müəllimin zəhməti böyükdür. Təklif edirəm, Narxozun əmvatına bir salavat zikr eləyək.

Ancaq çox təəssüflər olsun, bizdə tək iqtisadiyyat naziri narahatçılığa düçar edilməyibdir. Təhsil naziri də açıb sandığı, töküb pambığı. Halbuki, bu fəaliyyətlə kənd təsərrüfatı naziri məşğul olmalıdır. Görünür quraq-muraq üzündən pambıq əkinləri yanmışdır. Nə isə, təhsil nazirimizin son açıqlamalarına qulaq asıb ağlaşma qurmağa bir dəstə qat-qat tumanlı kənd ağbirçəyi lazımdır. Deyir, orta təhsilin dərdi çoxdur, müəllimlər repetitorluğa, direktorlar pul almağa, uşaqlar dərsdən qaçmağa, valideynlər vızıldaşmağa məcburdur. “Dərin, köklü problemlər var” – elə bu cür də söyləmişdir.

Prokurorluq cinayət işlərini təzədən istintaqa qaytarır. Ədliyyə naziri məhkəmələrdəki problemlərdən danışır: neçə hakimə töhmət verdik, neçə vəkilə möhlət verdik... Mətbuatın müdiri jurnalistləri müzakirələrə dəvət edir. Hətta bu günlərdə bir qrup jurnalistika başbilənlərini parlamentoya dəvət etmişdilər. Ki, qarnınızın ağrısını bizə göstərin, dərman yazaq, bəlkə mədə-bağırsaq sistemində bakterioloji mühit pozulmuşdur, ya da xroniki qəbizlik yaranıb. Böyük ehtimalla qəzetləri imalə edəcəklər.

Əməllicə açılım var. Hökumət-cəmiyyət arasında sevgi-məhəbbət artmışdır. Artıq problemləri hökumət özü dilə gətirir deyə, şəxsən mən jurnalist-publisist-filan olaraq nəyə yaradığımı, özümü hansı sahədə sınaqdan çıxaracağımı dərindən düşünməyə məcburam. Yeni situasiyadır.

Öncələr biz problemlər haqda “dızıldaşardıq”, onlar qulaq ardına verərdilər. İndi onlar problemdən danışır, biz bilmirik neyləyək. Məsələn, mən məsuliyyətli vətəndaş olaraq bir-iki problemi həll edə bilərəm.

İlk növbədə, inflyasiyanı tənzimləyərəm. Çox çətin iş deyil. Bunun üçün inflyasiyanı monopoliyaya almaq lazımdır. Bütün iqtisadiyyat monopoliya altındadırsa, qiymətlər niyə sərbəstdir? Xeyir ola? Qiymətlərin daydayı, krışası kimdir? Təbii ki, heç kim. Sadəcə, qiymətlər yuxarıda yazdığım kimi (doğrusu sonradan yuxarıda bunu heç yerdə tapmadım, siz də üz vurmayın, əziz oxucular) respublikamızdakı demokratik şəraitdən sui-istifadə edir, qudururlar.

Təhsil sistemində problemlərin həlli üçün bütün məktəbləri bağlayıb həmin binaların içində kənd təsərrüfatı yarmarkaları açaram. Həm uşaqlar dərs olmadığı üçün sevinər, həm valideynlər evə yaxın ucuz bazarlar əldə edər. Məktəbi vaxtilə dövlət tikib, bunun nəzdində açılan bazarlarda piştaxtaları elə müəllimlərə, mümkün qədər ucuz, hətta pulsuz arendaya verməliyik. Qoy müəllimlər işləsin, pul qazansın. Onların evində də qazan qaynasın.
Bu gedişlə mən proqnoz edirəm, tezliklə hər bir nazir Yutub-da profil açıb verilişə başlayacaq. Özləri bir-birini canlı yayıma çıxaracaq. Nəyi pisdir? Hər şeyi yaxşıdır.
Tarix: 26-12-2021, 22:38
Xəbəri paylaş





Xəbər lenti