“İnsan milli dəyərlərini qoruyub saxlamırsa, demək, özünü itirir” - Torontoda yaşayan Yeganə Cəfərova



Kanadada “İlin ən yaxşı müəllimi” seçilən azərbaycanlı  “Yeni Müsavat”a nələr danışdı; “İnteqrasiya etmiş şəxs həm də öz milli şüurunu, milli mənsubiyyətini qoruyub saxlamalıdır”
Dünyanın bir çox ölkələrində milyonlarla soydaşımız yaşayır. “Yeni Müsavat”ın əməkdaşı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il öncəsi onlardan biri - Yeganə Cəfərova ilə söhbətləşdi. Y.Cəfərova 18 ildir Kanadanın Ontario vilayətinin Toronto şəhərində yaşayır. Toronto şəhəri Təhsil Mərkəzinin xarici dillər bölməsində Azərbaycan dilindən dərs deyir. Eyni zamanda “Pharma-Medical Science” və “Canadore” kolleclərində məktəbəqədər təhsil işçilərinə müxtəlif fənlərdən mühazirələr oxuyur. Həmyerlimiz 500-ə yaxın kolleci özündə birləşdirən “Ontario Kolleclər Assosiasiyası”nın, eləcə də “Pharma-Medikal Science” kollecinin “İlin ən yaxşı müəllimi” seçilib.
Yeganə Cəfərova öncə həmyerlilərimizi qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi.
- Bizim ən böyük bayramımız olan Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə sizi, vətənimdə yaşayan soydaşlarımı, böyük Azərbaycan xalqını, ürəyi Azərbaycanla döyünən hər kəsi təbrik edirəm. Həmçinin yeni ildə onlara böyük uğurlar arzulayıram. Vətənimizi sevməyi, onu dünyada layiqincə təmsil etməyi diləyirəm.
- Sizin üçün milli mənlik şüuru nə deməkdir?
- Milli şüur mənim üçün insanın əqidəsini, öz milliliyini qoruyub saxlaması deməkdir. Xarici ölkədə yaşadıqda bu, daha da möhkəmlənir, insan öz milli soykökünə daha da bağlı olur. Kanada, bildiyiniz kimi, çoxmillətli ölkədir. Nə qədər inteqrasiya etsək də, öz milliliyimizi qoruyub saxlayırıq. Bu toplumda hamı öz milliliyini, milli şüurunu qoruyub saxlayır. Dövlətini təmsil edir. Biz görürük ki, hindlilər öz milli geyimləri geyinirlər. Ərəblər də milli adət-ənənələrini, milliliyi qoruyub saxlayırlar və s. Bayramlarda, tədbirlərdə hər bir detala qədər hər kəs öz ölkəsini təmsil edir. Bunu aşılamaq üçün də çox böyük işlər tələb olunur. Bunlar hamısı ailədən, ölkədə yaşayan insanların dünyaya baxışından irəli gəlir. Xalqı, ölkəni sevməyi, hətta bir ağacı cücərtməyi, əkməyi, becərməyi, onun kölgəsində dincəlməyi formalaşdırmaq lazımdır. Mümkün dərəcədə qoruyucu olmaq milli şüara da təsir göstərir. Böyük şəxsiyyət kimi yetişmək üçün universitet bitirmək lazım deyil. İnsanın görüb-götürdüyü böyük amillər var: ətraf  mühit, ünsiyyətdə olduğumuz insanlar bizə ağıllı, müdrik olmağı öyrədir.
   - Əcnəbi ölkədə milli kimliyi qorumaq bəlkə də asan deyil. Hansı çətinliklərlə qarşılaşırsınız?
- Milli kimliyin qorunub saxlanılmasında bir sıra çətinliklər yaranır. İnsan ailədə formalaşır. Öz soykökünü də elə ailədə öyrənir. İnsan soykökü, Vətəni, adət-ənənələri ilə bağlılığını, dilini itirərsə, çox böyük fəsadlar yarana bilər. Gənclərdə bunu çox görürəm. Bəli, onlar inteqrasiya etməlidirlər. Xaricdə yaşayıb, inteqrasiya etməmək mümkün deyil. İnteqrasiya etmiş şəxs həm də öz milli şüurunu, milli mənsubiyyətini qoruyub saxlamalıdır. Bu, onun şəxsiyyətinin formalaşmasına kömək edir. İnsan milli dəyərlərini qoruyub saxlamırsa, itirirsə, demək ki, özünü itirir. Bu, tək bizə aid deyil, bütün millətlərə məxsusdur. Bəzən yeniyetmələri müşahidə edirəm. Hansı millətə sığınmağı, yaxud nə etməyi bilmirlər. Çünki keçid dövrüdür. Xüsusilə Kanadada bunun şahidi olmuşam. Yeniyetmələr səhv yollara düşə bilirlər, aludəçiliklər yaranır. Əsəb sisteminin pozğunluğu, ailədən qaçma kimi hallar müşahidə olunur. Küçədə yaşayan, pis vərdişlərə qurşanan yeniyetmələr var. Bu, çox təhlükəlidir. İnsanlarımızı xilas etməliyik. Düşünürəm ki, ailələrdə təbliğatın güclü olması bunun qarşısını ala bilər. Bəzən valideyn düşünür ki, mən xaricdə yaşayıramsa, uşağıma milli dəyərləri qoruyub saxlamaq lazım deyil. Lakin bu, çox böyük fəsadlara gətirib çıxarır.
 - Sizcə, vətənpərvərlik hisslərinin tərbiyəsi üçün nə etmək lazımdır?
- Mən hər dəfə deyirəm ki, vətənpərvərlik hisslərinin tərbiyəsi, aşılanması ilk növbədə ailədən gəlir. Sonra isə məktəbin çox böyük rolu var. Mühitin də həmçinin. Mən kollecdə uşaq psixologiyasından dərs deyirəm. Uşaq psixologiyasında biz çox ünsürlərdən danışırıq, bir çox tədqiqatçının metodlarından istifadə edirik. Məsələn, bir alimin mühit metodu var ki, beş hissədən ibarətdir. İlk növbədə uşağın ünsiyyətdə olduğu insanların onun şəxsiyyətinə təsirini qeyd etmək lazımdır. Sonra ailədə və yaxud başqa mühitdə baş verən hadisələrin də təsiri olur. Məsələn, ailə üzvünün həyatdan köçməsi, yaxud ata və ananın uzunmüddətli səfəri uşağa böyük təsir edir. Əgər uşaq bir valideynə daha çox yaxın olursa, həmin valideyn gedirsə, uşaq o biri valideyni günahlandırır. Başqa bir amil isə nikahın pozulmasıdır. Nəticədə uşaq sevgini itirir. Bunların hamısı insanın şəxsiyyətinə gələcəkdə, məsələn, onun həddi-buluğa çatdığı dövrdə  böyük zərər verən amillərdir. Sözügedən faktorlar gəncin inkişafına, onun həyatda özünə yer tapmasına, dünyagörüşünə, milli şüuruna, şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir. Bunun qarşısını almaq üçün ailələrdə gənclər arasında vətənpərvərlik mövzusunda və yaxud tərbiyəvi mövzuda iş aparmaq lazımdır.
- Belə bir fikir var ki, qloballaşan dünyada milliliyi qorumaq asan deyil.
- Mən bu fikirlə razı deyiləm. Biz harada yaşamağımızdan asılı olmayaraq, inteqrasiya etməliyik. Çünki insan başqa mədəniyyətləri gördükcə daha da kamilləşir və öz milli adət-ənənələrinə, milliliyinə daha da yaxınlaşır. Məsələn, mən Kanadanın Ontario əyalətinin Toronto şəhərində yaşayıram. Bu şəhərdə bir çox millətin nümayəndələrini görmək olur. Çünki bura sənaye şəhəridir. Burada iş çoxdur. Toronto Kanadanın ən böyük şəhəridir. Burada hər millət öz adət-ənənələrini, geyimlərini, öz dəst-xəttini, dilini qoruyub saxlayır. Hətta dükanlardan öz məhsullarını alırlar. Öz restoranlarına gedirlər. Hətta elə ərazilər var ki, orada yalnız bir millətin nümayəndələri yaşayır. Məsələn, elə rayonlar var ki, orada çinlilər daha çox cəmləşib. Bu da istər-istəməz insanı öz milliliyini qorumağa, milli şüuruna daha yaxın olmağa sövq edir. ABŞ-da da belə şəbəkələşmə nümunələri var. Biz də əlbəttə, ki, öz milliliyimizi qoruyub saxlamışıq. Bayramlarımızı yüksək səviyyədə təşkil edirik. Məktəblərdə də şərait yaradırlar. Toronto şəhərində məktəblərdə 60-dan çox dildə dərslər keçilir. O dillərdən biri də Azərbaycan dilidir. Mən artıq on altı ildir ki, Azərbaycan dilini tədris edirəm. Dövlət hər millətə dilini qoruyub saxlamağa şərait yaradır. Bir daha vurğulayıram ki, milliliyi qorumamaq, öz milli mənsubiyyətini itirmək, özünü itirmək deməkdir.
Tarix: 30-12-2021, 08:50
Xəbəri paylaş





Xəbər lenti