Akif Çovdarovun “sağ əli” həbsxananı qarışdırıb



Səlim Məmmədov saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsində  “çöl”ə hansı mesajlar ötürür?
Ali Məhkəmədə ara qarışıb. Səbəb isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, Akif Çovdarovun “sağ əli” hesab olunan Səlim Məmmədovun saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsində Ali Məhkəmə hakimi Fərhad Kərimov barəsində dedikləridir. Bu haqda sosial şəbəkədəki hesabında Mahmud Rasimoğlu məlumat verib. Mahmud Rasimoğlu yazır ki, tanışı Orxan Bahəddin oğlu Əhmədov Səlim Məmmədovun da cəza çəkdiyi 9 saylı müəssisədə saxlanılır.
“Səlim Məmmədov məhkum olaraq Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində məhkumların gözündə yüksəlmək üçün bir müddət əvvəl oğlunun qazi olduğunu söyləmişdi. Sonra bəndəniz bu məlumatı yoxlayaraq, Səlim Məmmədovun yalanını üzə çıxarmışdı” - deyə Mahmud Rasimoğlu facebook hesabında yazır. O, fikirlərini bu cümlələrlə davam etdirir: “Bundan sonra Səlim Məmmədov əsəbiləşərək, hətta cəzaçəkmə müəssisəsində mənə qarşı təxribat törətməyə cəhdlər də etmişdi. Səlim Məmmədovun yalanlarının üzə çıxmağına baxmayaraq, o, öz üzərində yenidən çalışaraq, yeni yalanlar uydurmağa çalışmışdır. Onun son yalanı Ali Məhkəmənin hakimi Fərhad Kərimovun guya onun doğma xalası oğlu olduğunu məhkumlara söyləməyi olub. 9 saylı cəzaçəkmə müəssisəsinin məhkumlarından biri də həmkarım Əhmədov Orxan Bahəddin oğludur. Orxan Əhmədov Cinayət Məcəlləsinin 178.2.4 maddəsi ilə məhkum olunaraq, 2 il 10 ay müddətinə azadlıqdan məhrum olunub. Himayəsində 5 azyaşlı uşağın və ağır şəkərli diabet xəstəsi olmağına baxmayaraq 25.06.2021-ci il tarixdə dövlət ittihamçısı Bakı Apelyasiya Məhkəməsinin hökmündən kasasiya protesti verib. 26.10.2021-ci il tarixdə Ali Məhkəmənin hakimi Fərhad Kərimov prokurorun protestini təmin edərək, Orxan Əhmədovun cinayət işinin yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə göndərib. Bakı Apelyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimli birinci instansiyanın çıxardığı qərarı dəyişdirmədən qüvvədə saxlayıb. Apardığım araşdırmadan və Orxan Əhmədovla söhbət zamanı məlum oldu ki, Səlim Məmmədov Orxan Əhmədova yalan vədlər verərək onu inandırmağa çalışıb ki, guya Fərhad Kərimov onun xalası oğludur və Orxan Əhmədovun kasasiya işində ona Fərhad Kərimov köməklik edəcəkdir.  Lakin məhkəmədə hakim Fərhad Kərimov Orxan Əhmədova cavab olaraq bildirib: ”Səlim Məmmədov qələt edib, başını daşa döyüb, sənə yalan vəd verib. Səlim Məmmədov kimdir ki, mən onun sözü ilə qərar qəbul edim? Səlim Məmmədov mənim Pedaqoji Universitetdə dekan vəzifəsində işləyən qardaşımı bezdirib. Hər gün qardaşıma zəng elətdirərək, hansısa işlə bağlı ondan imdad diləyir" .
Fərhad Kərimov Səlim Məmmədovun məhkumlara yalan vədlər verdiyindən bezərək, Apelyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimliyə də tapşırıb ki, Orxan Əhmədovun işi ilə əlaqədar müsbət qərar qəbul olunmasın. Səlim Məmmədovun bu cür düşük hərəkətlərini qıraqdan seyr edəndən sonra görünən odur ki, onun cəzaçəkmə müəssisəsinin məhkumlarının gözündə yüksəlməyi yenə də bir müddət təxirə salınacaq".
Səlim Məmmədov MTN-də Akif Çovdarovun rəhbərlik etdiyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində işləyib. 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb, qurumda xüsusi əməliyyat keçirilib, 20-dən çox MTN-çi həbs olunub. Həbslər sonrakı dönəmdə də davam edib. Tutulanlar arasında Akif Çovdarovla yanaşı Səlim Məmmədov da olub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Səlim Məmmədov əmlakı müsadirə edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib. Səlim Məmmədov barəsindəki hökmdən verdiyi şikayətə bir neçə gün əvvəl Ali Məhkəmədə baxılıb. Hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə Səlim Məmmədovun şikayəti ilə bağlı qərar elan olunub. Qərara əsasən, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Səlim Məmmədov barəsində bəraət qərarı verilməsini və müsadirə edilən əmlaklarının geri qaytarılması istəyir. Qeyd edək ki, Səlim Məmmədov Cinayət Məcəlləsinin 179-cu - mənimsəmə və ya israfetmə, 145-ci - qanunsuz azadlıqdan məhrumetmə, 308-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə, 311-ci rüşvətalma və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb və həmin maddələrlə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılıb.“Yeni Müsavat”

Tarix: 31-12-2021, 08:48
Xəbəri paylaş





Xəbər lenti