MAYOR QARDAŞI İLƏ TƏHDİD EDƏN BAĞÇA MÜDİRƏSİ- ŞOK SƏS YAZISI



MAYOR QARDAŞINA ARXALANAN MÖHTƏKİR BAĞÇA MÜDİRƏSİ-
“Məktəbəqədər təhsilin ümumi təhsilin uzunmüddətli keyfiyyətinin artırılmasında müstəsna əhəmiyyəti var. Eyni zamanda tədqiqatlarla sübut olunmuş reallıqdır ki, məktəbəqədər təhsildə əhatəlilik ölkənin uzunmüddətli rifahının, yəni iqtisadiyyatının, əhalinin sağlamlığının, şagirdlərin nailiyyətlərinin və bu kimi digər müsbət təzahürlərin əsas fundamentidir” — bunu təhsil naziri Emin Əmrullayev ölkə Prezidentinin təhsillə bağlı sərəncamları barədə danışarkən dekabrın 21-də keçirilən brifinqdə çıxışı zamanı deyib.

O, bildirib ki, Azərbaycanda məktəbəqədər təhsildə son illər ərzində təbii ki, ciddi uğurlar əldə olunub: “Son illərdə məktəbəqədər təhsilin əhatəliliyinin artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Qarşıda duran əsas məqsədlərə gəldikdə isə bunları da iki hissəyə bölərdim. Birinci hissə daha çox texniki məsələlərdir ki, bu, məktəbəqədər təhsil müəssisələrinin idarə olunması, onların səmərəliliyinin artırılması, uşaqların düzgün tədris və tərbiyə mühitinin təşkil edilməsi, o cümlədən qayğı məsələləridir”.

Nazir Emin Əmrullayev ölkədə məktəbəqədər təhsil müəssisələri ilə bəzi statistik rəqəmləri də açıqlayıb: Ümumilikdə ölkə üzrə 2021-ci ilin əvvəlinə 1825 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib ki, onların da 1692-si dövlət məktəbəqədər təhsil müsəssisələridir. Bu müəssisələrdə ümumilikdə ölkə üzrə 126 509 uşaq oxuyur. Dövlət müəssisələrindən 121 385 və ilin əvvəlinə 133 özəl məktəbəqədər təhsil müəssisəsindən 5124 uşaq istifadə edib. Ümumilikdə, ölkə üzrə 17 218 nəfər məktəbəqədər təhsil sahəsində işçi olub. Yəni prinsipcə biz onminlərlə insanın əhatə edən bir sistemdən danışırıq”.

Məlum olduğu kimi, özəl məktəbəqədər təhsil müəssisələrində təhsil haqqı yüksək olduğundan, çox az sayda ailə uşaqlarını həmin müəssisələrdə yerləşdirə bilir. Üstəgəl, belə bahacıl müəssisənin rəhbəri həm də korrupsioner, etik qaydalarla hesablaşmayan, havadarına güvənən özündənrazı biri olanda uşaqların cəmiyyətə inteqrasiya yolunda ilk addımlarını atdıqları uşaq bağçaları onlara necə təlim verilməsindən asılı olmayaraq, təhsilin tərbiyə qanadından məhrum edir. Sonrakı mərhələdə uşaqlar artıq orta məktəbin ibtidai sinfinə keçid alanda bilirlər ki, məktəb demək — pul xərclənən yer, müəllim demək – pul istəyən şəxs deməkdir.

Bu cür ilk əyintinin təməlinin qoyulduğu özəl məktəbəqədər təhsil müəssisələrindən biri də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsindəki “Fidan” Usaq Bagçasıdır. Bu günlərdə redaksiyamıza fərdi kameraman fəaliyyəti ilə məşğul olan Nicat adlı şəxsin müraciətinə görə, müəssisənin müdirəsi Esmira xanım bağçada Yeni il şənliyi düzənləmək məqsədilə 29 uşağın valideynindən hərədən 20 (iyirmi) manatdan pul yığıb. Tədbirə də çox xərc çəkməyib: Belə ki, bir nəfər “Şaxta Baba”, bir nəfər fotoqraf, bir nəfər də operator (kameraman) çağırıb. Onlara da çox yox, hərəsinə 20 manat pul vəd edib. Əvvəlcə operator xidmət haqqı olaraq 50 (əlli) manat istəsə də, ona valideynlərin bayram şənliyini əks etdirən diskləri də istəyəcəklərini deyərək, əlavə pul vəd edib və çəkiliş haqqını 20 manata endirib. Nicata həmçinin məlum olub ki, Esmira xanım hətta disk xərci adı ilə də valideynlərin hərəsindən əlavə 5 (beş) manat toplayıb. Nicat çəkilişi aparandan sonra müdirə onun pulunu verməyib, hələ üstəlik, tələb edib ki, Nicat öz hesabına disklər alıb hamısına çəkdiyi video-materialı yazsın, axırda hesablaşsınlar. Təbii ki, bu şərt Nicatı qane etməyib və o, təklif edib ki, 29 uşağın heç olmasa, 25-indən disklərin pulu yığılıb ona verilsə, rahat montaj-reklam işinə başlaya bilər, hətta çəkilişə görə muzd olaraq ona vəd olunan 20 manatı da almaz. Müdirə bu vaxt Nicata qarşı şantaj üsuluna əl atıb, deyib ki, uşaqların 15 nəfərindən çoxu şəhid ailələrinin övladlarıdır və ona görə də Nicat israrla pul istəməli deyil. Nicat isə Esmira xanımdan xahiş edib ki, şəhid övladlarının adlarını, valideynlərinin telefon nömrələrini ona bildirsin, o da öz növbəsində həmin uşaqlara çatacaq diskləri öz adından, lap elə bağça adından hədiyyə edəcək. Əgər adlarını, nömrələrini vermək əziyyətdirsə, özü də soraqlaşıb həmin uşaqları tapa bilər. Bu cür konstruktiv təklif də nədənsə Esmira xanımı qane etməyib və o, bu dəfə Nicata bir də ona zəng edəcəyi, mesaj yazacağı halda hədə-qorxu gəlməyi məqsədəuyğun sayıb: “Mənlə baş-başa gəlmə, ağıllı otur yerində! Sən bilirsən, mən mayor bacısıyam. Quran haqqı, qoymaram səni bir də heç kəs çəkilişə çağırsın. Bir də mənə zəng eləsən, mesaj yazsan, mən Esmira sənin dizlərini yerə gətirməsəm, mənim üzümə tüpürərsən”.

Nicat istisna etmir ki, şənlikdə iştirak edən uşaqların valideynlərdən kimlərsə disk almaqdan imtina edib. Bu da yəqin ona görədir ki, Esmira xanımın yığdığı 600 (altı yüz) manat civarında pulun qarşılığında simiclik edərək heç də layiqli, rəngarəng, şirniyyatla zəngin süfrəli tədbir təşkil etmədiyi hamının diqqətini çəkib, təbii ki, video-materialın da sönük olacağı ehtimal edilib.

Nicat deyir ki, o, halal zəhməti ilə çörək qazanan sənətkardır və xeyriyyəçilik etməyə imkanı yoxdur. Bununla belə şəhid uşaqlarına güzəşt eləməyə hazır idi. Amma Esmira xanımın rəftarı onun heç də şəhid ruhuna hörmət edəcək bir mənəviyyata sahib olduğunu göstərmir. Məsələ burasındadır ki, Nicat redaksiyaya Esmira xanımın telefon danışığının, vatsap səs mesajlarının qeydlərini də göndərib. Həmin söhbətlərdən məlum olur ki, Esmira xanım Azərbaycan qadınına, bağça müdirəsinə yaraşmayan tərzdə mübahisə etdiyi şəxsə qarşı “tula”, “zibil” və başqa daha ağır təhqiramiz ifadələr işlədir. Belə birisi məktəbəqədər yaşlı uşaqlara hansı tərbiyəni verə bilər? Kim zəmanət verə bilər ki, sabah o, eyni kobud davranışı uşaqlara, valideynlərə, öz rəhbərliyi altında işləyən tərbiyəçilərə göstərməyəcək?

Deryaz.az
Tarix: 6-01-2022, 13:42
Xəbəri paylaş





Xəbər lenti