Gələcək haqqında

İlham Hüseyn
Məsuliyyətdən yayınmaq istəyən, həmişə bəhanə axtaran, daşın altına əlini qoymaqdan yayınan adamların müxtəlif arqumentləri olur. Belə adamların bir hissəsi “gələcəkdə hər şey yaxşı olacaq” deyərək, missiyasını bitmiş hesab edir. Yəni, bu gün başverənlərə susmağını, sabah hər şeyin yaxşı olacağına əminliyi ilə haqq qazandırır. Belə fikir formalaşdırmaq istəyirlər ki, mübarizə aparmağa ehtiyac yoxdur, hər şey özlüyündə müsbətə doğru dəyişəcək. Səmimi şəkildə belə düşünənlər də ola bilər. Bəs, gələcək nədir? Niyə hər şeyi gələcəyin üstünə atırıq?
Yunan filosofu Zenon məhşur paradokslarından birində deyir ki, zaman ayrı-ayrı indilərdən əmələ gəlir. Yəni, gələcək əslində indilərdən ibarətdir. Bu gün dünənin gələcəyidir. Əgər sən bugün sınmış pəncərəni düzəltmirsənsə, sabah pəncərə öz-özünə necə düzələ bilər? Biz gələcək üçün bu gün körpülər tikməliyik. Əlbəttə, biz qələbəyə, haqqın qalibiyyətinə inanırıq, amma bu inamı bizim əməlimiz gücləndirməlidir. Əbu Turxan “insan gələcəyə öz keçmişinin çiynində gedir” deyirdi. Biz gələcəyə iradə, qürur, azadlıq, həqiqət, ədalət aparmasaq, dəyərlərin məhv edilməsinə seyrçi qalsaq, işıqlı gələcəyi necə təsis edə bilərik? Gələcəyə ümidi bugünün əməlləri formalaşdırır.
Malkolmun dediyi kimi, gələcək bu gündən ona hazırlananlara aiddir. Hər şeyi gələcəyin üstünə ata-ata 30 ildir geri gedirik. Bu gün 30 il əvvəlin gələcəyidir və bu gələcək hüquqsuzluğu, ədalətsizliyi, talançılığı möhkəmləndirib.
Ona görə də öz məsuliyyətimizi gələcəyin üstünə yükləməməliyik. Əslində avtoritarizm bu günün önəmsiz olduğunu beyinlərə yeritməklə məşğuldu. Bu günün önəmli olduğuna qərar verən və buna adekvat addım atan xalqlar azad olur, hüququn aliliyini hiss edə bilir, dövləti demokratiya relsinə salır.
Bir sözlə, biz bu günümüzü aktiv etmiriksə, gələcəyimizi bloklayırıq. Gözəl gələcək bizim əməllərimizdən doğulur.
Tarix: 10-01-2022, 15:58
Xəbəri paylaş





Xəbər lenti