Mənasız hoqqalar, qadağalar sistemi


İctimai fəal Bəxtiyar Hacıyev
Səhər Bakı Şəhər Baş Polis İdarəsinə gedərkən küçədə PPX əməkdaşının vətəndaşları saxlayıb, hara getməklərini tək-tək soruşmasının anormal olmasını, buna görə idarədə mübahisəmiz olmasını yazmışdım. Orada olduğum bir neçə saat ərzində dostlar narahat olublar, çoxlu mesajlar yazıblar. ona görə daha geniş yazım.
Onsuz da dövlət qurumları öz işlərini normal qurmurlar, sistemli idarəetmə yoxdur deyə vətəndaş narazı qalır, üz tutur dövlət qurumuna, hüquq-mühafizə orqanına. Amma küçədə PPX saxlayır ki, əmoğlu, hara getdiyini deməlisən. hara gessən? Salamməleykim! Cavabında “marketə”, “stadiona”,”idarəyə”, “Ucara”, “Nyu-Yorka” cavabından asılı olmayaraq səni buraxacaqlarsa, bunu soruşmağın mənası nədir? Parkinqə görə soruşursa, polis parkinq işinə baxmalı deyil, dövlət büdcəsindən PPX əməkdaşına parkinqi tənzimləmək üçün maaş verilməməli, bir əməkdaş səhərdən-axşama küçə başında ayaq üstə gözləməməli, hər keçən maşın Şimali Koreyadakı kimi saxlanmamalıdır.
Bakı Şəhər Prokurorluğuna gedirsən, aşağıdan telefonla zəng edirsən kiməsə. Getmək istəyirsən, bir kabluklu xanım nazlana-nazlana qucağında qırmızı dəftərlə enir aşağı, deyirlər vəsiqəni ver, dəftərə qeydiyyata salaq. Verirsən, deyir qeydiyyat ünvanını da de. Deyirsən. Sonra faktiki yaşadığın ünvanı soruşurlar. Sabahın xeyir! Guya, “Ucar rayonu, Manhattan qəsəbəsi, Heydər Əliyev prospekti, Brooklyn döngəsi” desəm, nə isə dəyişəcək. Adres alana qədər də dirəşirlər, vətəndaşın zəhləsini tökürlər, çünki, rəhbər belə tapşırıb.
Nə bilim, H.Əliyev Mərkəzinin qarşısında, İçərişəhərdə, dövlət qurumları qarşısında min nəfər telefonla tik-tok videoları çəkəndə normal olur. Amma hansısa tanınmış xarici bloqer gəlib ştativ qoyan kimi polislər tökülüşürlər ki, çəkiliş aparmaq olmaz, strateji binalardır, terror törədə bilərsiniz və s. Bərəkallah! Guya, terror törətmək istəyən adamlar eynəyində, saatındakı kamera ilə orada dayanıb çəkiliş apara bilməzlər, terror çəkilişi üçün mütləq ştativ lazımdır.
Lənət şeytana, AZAL Amerikadan Boeing, Avropadan Airbus alır, eyni anda təkcə göydə minlərlə təyyarə uçur, amma qələt edib təyyarənin içində bir dostunla selfie edirsən. O dəqiqə yaxınlaşırlar ki, təyyarə strateji obyektdir, şəkil çəkmək olmaz, dərhal silin! Ay maşallah! Sənin istehsalın olmayan təyyarənin kreslosunun başı fotoya düşübsə, ölkəmizin təhlükəsizliyi təhdid altındadır!
Prezident ailəsi ilə zooparka gedir, günün ən qaynar vaxtında saatlarla vətəndaşlar tualet ehtiyacı düşünülmədən, xəstəsi, hamiləsi, acı, susuzu fikirləşilmədən yolda saxlanılır. Amma biri boş yolun fotosunu çəkən kimi aləm dəyir bir-birinə! “1 nömrəli dövlət tədbiridir, prezidentin keçəcəyi yolu çəkmək qadağandır!” Prezident keçəcək yolu bir saat sonra dolu çəkmək olar, amma keçməmişdən 1 saat əvvəl boş çəkmək olmaz. ABŞ gizli polisi gərək bu təcrübəni də öyrənsin.
Hər şey cəhənnəm, hansısa quruma gedirsən, görüşəcəyin adamın adını aşağıda oturan mühafizə polisinə deyirsən, gözləyirsən ki, əlaqə saxlayıb, məlumat verəcək. Amma o “nə məsələdir?” deyir. Qardaş, məsələ həll edən sən olsaydın, elə səninlə danışıb gedərdi də vətəndaş, daha kiminləsə niyə görüşsün ki? Amma yox, sən ona da deməlisən, yanındakı polisə də danışmalısan, sonra qabaqlarındakı dəftəri açırlar, qeyd etdirlər, vəsiqənin məlumatlarını, təvəllüdünü, qeydiyyat ünvanını, ayaqqabı ölçüsünü, sevdiyin yeməkləri, ən uğurlu rəngləri deməlisən, ondan sonra addım atırlar.
Bütün bunların bəlkə də bu hoqqa tapşırıqları verən rəhbər şəxslər üçün açıqlamaları var, hansısa problemin qarşısını almaq üçün edirlər. Belə hallarda qanunsuz və əsassız olaraq “olmaz, qadağandır” yolundan başqa min başqa üsulla tənzimləmək olar prosesi, elə etmək olar ki, problem də həll olunsun, vətəndaş da hoqqalarınızla üz-üzə qalmasın. Normal idarəçilik sistemləri olan ölkələrdəki kimi. Amma hamısı özləri üçün ən rahat olan, vətəndaşı narahat edən yolu seçirlər. Sonra da Şimali Koreya deyəndə inciyirlər.
Tarix: 12-01-2022, 09:06
Xəbəri paylaş





Xəbər lenti