44 günlük savaşda DƏMİR YUMRUĞA çevrilən bu xalq deyildimi? - ACI MƏNZƏRƏ...



..Məlum olur ki, Bakıda restoranların birində ofisiant qız yüksək çinli bir məmurun qudurmuş qohumu tərəfindən söyüşün biri bir qəpik olmaqla kabinetdə döyülür, məlum olur ki, Qaradağ icra hakimiyyəti binası qarşısında qazi maşınını yandırır, Gəncədə İlkin Süleymanova heç bir sübut olmadan azyaşlı Nərminin ölümünə görə 18 il həbs cəzası kəsilir, adı azı 3 dəfə dəyişmiş, indi Rəqəmsal və Nəqliyyat Nazirliyi adlanan strukturun başçısı taksilərin ucuz olmasının dərsini çəkərək qiymətlərin bahalaşmasına bəraət qazandırmağa çalışır, (dövlət bundan niyə narahatdır bəllidir - monopoliya) deputatlar bir ağızdan xorla antixalq dəyişikliyi dəstəkləyir, istər ağcaqanad dərdi çəkən mandat sahibi olsun, istər süni mayalanmaya etiraz edib ginekoloqluq etməyə çalışan həmkarı və digərləri...Daha sonra nələr baş verir - ölkədə inflyasiya kosmik sürətlə artır, saatbasaat ərzaq məhsulları bahalaşır, əhali yoxsullaşır, orta zümrə bir sinif kimi ləğv edilməkdədir, artan maaşlar bu bahalığın qarşısında tab gətirmir, üstəlik, parlament 345 manat minimum əmək haqqı olan ölkədə sürücülərə 250-300 manat cərimə yazılması qərarını alqışlayır. Beləliklə, üç ildir ki, müharibədə qələbənin limitini xərcləyən, zəfərin barını yeyən hökumət indi xalqın gözündə yenə əvvəlkidir; hüquqsuzluq, sosial ədalətsizlik, məmur özbaşınalığı, işsizlik və qanunların işləməməsi. Heç birində köklü dəyişiklik yoxdur. Vətən müharibəsindən sonra xalq hakimiyyətin xarakterinin dəyişəcəyinə inanmışdı - sadəlövhcəsinə. Əhaliyə elə gəlirdi ki, əgər tarixi qalibiyyət olubsa, 200 ildə ilk dəfə torpaq azad etmişiksə, deməli, hökumət də mahiyyətini dəyişər, rifah səviyyəsi yüksələr, ədalətli və şəffaf idarəçilik olar. Amma xalq gördü ki, hökumət cəmi 44 günlük fasilə götürübmüş, sonra yenə öz "fəlsəfəsinə" qayıtdı: indi qulağına sırğa taxılan Azərbaycan təhsili, adı sığorta, özü işgəncə olan Azərbaycan səhiyyəsi, talan üzərində qurulmuş büdcə, maxinasiya və yığım davam edir. Yəni sistem mahiyyətcə acgöz, istismarçı və korrupsioner xasiyyətə malikdir. Vətəndaş nəyi qanuni yolla həll edə bilir ? - Ev tikdirir, icra rüşvət istəyir, Çıxarış alır, yenə pul, məktəb pul, xəstəxana pul, əsgərlik pul, enerji və petrol ölkəsində benzin, mavi yanacaq və elektrik baha, limitlə, məhkəmələr rüşvət və sifarişli qərarlar çirkabına bulaşıb, dövlət orqanlarında süründürməçilik, müharibədən sonra hər şeyin düzələcəyini gözlədiyimiz halda, üstünə bir də qazilərin etirazlarını əlavə etmək olar. Kəsəsi, hökumət postmüharibə dönəmində xalqa yaxşı həyat və ədalətli sistem bəxş etmədi. Hətta olan-qalan nüfuz xərclənir. Söhbət taksi bazarı kimi kasıb təbəqə üçün əlçatan olan sahənin də inhisara alınmasından gedir. Hökumət xarici siyasətdə nə qədər mükəmməldirsə, daxili siyasətdə bir o dərəcədə bərbaddır. Xalq isə soruşur - Qarabağ zəfərindən sonra sosial problemlər, rüşvətin tüğyanı, məmur haqsızlığı, məhkəmələrin qansızlığı niyə azalmadı ? Axı milli birlik, milli barış varsa, dövlət -xalq vəhdəti sayəsində həm döyüş meydanında, həm diplomatiyada irəliləyiş əldə olunursa, nə üçün bu özünü daxili idarəetmədə, sosial həyatda göstərmir?! Çünki Vətən müharibəsindən əvvəl də məmur necə idisə, indi də elədir. Amma biz bir məsələni əsla qulaqardı edə bilmərik - əgər Qarabağdakı ermənilərin reinteqrasiyası olacaqsa, onlara sosial ədalət, işlək qanunlar təqdim etməliyik. Amma İlkin Süleymanova bu cəza kəsilirsə, məhkəməyə necə inanmaq olar? Deputatlar yalnız cəza, cərimə, xalqa sanksiya qanun layihələrini dəstəkləyirsə, Millətin Məclisinə necə millət bel bağlasın ? Axı dərdimiz küçə itlərini Koreyaya satmaq, ağcaqanad deyil, dərdimiz əhalinin dolanışığı, iş yerlərinin və normal maaş olmasıdır. Axı dərdimiz süni mayalanma deyil, Ərdoğanın təklif etdiyi hər evdə 5 uşaq olsun da deyil, ailələrə uşaq pulu verilməsidir. Bir sözlə, əsl problemlərdən yayınmaq və boyun qaçırmaq üçün axırıncı dərəcəli mövzular gündəliyə gətirilir. Buna baş qatmaq deyilir. Ancaq hökumət və parlament fundamental dəyişikliklər üçün islahat paketi ortaya qoymalıdır. İmitasiya xatirinə yox. Misal üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi inflyasiyanın qarşısını almaq üçün hansı antiböhran tədbirləri həyata keçirir? Rüşvət və korrupsiyanın kökünü kəsmək üçün hansı böyük həbslər var? Təhsil, səhiyyə, sosial müavinətlərin təyin edilməsi və verilməsi, bank sektoru və bir çox sahələrdə hökumətin nə kimi asan xidmət planları var? Xalq üçün hər şey asanlaşdırılmalıdır, bizdə çətinləşdirilir. Deməli, real islahatlar üçün gerçək siyasi iradə və istək yoxdur..

Azər Talıbov
Anaxeber.info
Tarix: 19-06-2023, 11:47
Xəbəri paylaş





Xəbər lenti