Bakı Ağır Cinayətlər Məhkəməsi hakimi 165 ailəni aldatmış dələduza niyə "mərhəmət" göstərir? - Bir cinayətin "sirri..."


Bakının Yeni Günəşli ərazisində tikilmiş binada bir mənzili bir neçə nəfərə sataraq dələduzluğa görə həbs edilmiş "Sahil S İnşaat" şirkətinin rəhbəri Taley Alaverdiyev və şəriki Pənah Kərimovun məhkəmə prosesi altı aydır ki, yubadılır. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən proses son altı ayda cəmi 4-5 dəfə baş tutub. Lakin o da zərər çəkmişlərin iştirakı olmadan. Hakim Əli Məmmədov işə xəlvətcə baxaraq dolayısı ilə təqsirləndirilən şəxslərin tərəfini saxlamış olub. Çünki indiyə qədər olan məhkəmə prosesləri gizli keçirilib və binadan mənzil almış sakinlərə heç bir bildiriş göndərilməyib. Əslində məhkəmə istintaqının aparılması üçün zərər çəkənlərə bildiriş göndərilməli və onların iştirakı təmin edilməlidir. Hakim həm zərər çəkənlərin, həm onları aldatmış dələduzların ifadələrini dinləməlidir. Bu barədə Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, hakim Əli Məmmədov bir tərəfdən işə baxılmasını uzadır, 6 aydır ki, iki dələduzla bağlı qərar hökm çıxarmır, sanki üstü açılması çətin olmuş qətl hadisəsini araşdırır, həm də narazı sakinlərin məhkəmədə iştirakına şərait yaratmır. "İndiyə qədər bir neçə məhkəmə prosesi olub ki, sonradan xəbər tutmuşuq. Hakim Əli Məmmədov kimin "əmisi oğludur"? 165 ailənin başına oyun açan iki dələduzu hansı maraqlarına görə belə himayə edir? Biz məhkəmədə iştirak etməliyik, hər şeyin üstü açılmalıdır və hakim qərar verməlidir. Ancaq görünür ki, bu hakimin başqa niyyəti var: ya onlara yüngül cəza vermək, ya ev dustaqlığına buraxmaq, yaxud hansısa yumşaq qərar çıxarmaq. Biz Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə, Ədliyyə nazirinə səslənirik ki, hakim Əli Məmmədovun prosesi gecikdirməsinin və işə birtərəfli qaydada baxmasının səbəblərini araşdırsınlar" - deyə sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, bu da azmış kimi, hakim Əli Məmmədov tikinti şirkətinin möhür-ştampını həbs edilmiş sahibi Tale Alaverdiyevin qardaşı Şükür Alaverdiyevə verməyə çalışır. Onlar qeyd edirlər ki, dələduzluqda qardaşından geri qalmayan Şükür idarəçiliyi ələ keçirə bilər: "Əvvəla, kim zəmanət verə bilər ki, möhür-ştamp bu adamın əlinə keçəndən sonra mənzilləri təzədən bir də fırıldaq yolla başqalarına satmayacaq? İkincisi, hakim Əli Məmmədovun hansı marağı və məqsədi var ki, möhür-ştampı Şükürə vermək üçün dəridən-qabıqdan çıxır ? Hakim öz işini görməlidir, bu cinayət hadisəsini araşdırmalıdır və hökm oxumalıdır. Amma bizə gələn məlumatlara görə, hakim bu işdə vasitəçilik edir, iş düz-qoş edir, səlahiyyətinə aid olmayan işlərə girişir. Deməli, hansısa gözləntisi var ki, canfəşanlıq göstərir. Hər halda fakt budur ki, nə işə vaxtında baxılır, nə məhkəmə günü barədə bizə məlumat verilir, bir tərəfdən də hakim möhürü Şükürə verməyə çalışır. Bu adamın adı dələduz işlərdə hallanıb, Şükürə etibar etmək olmaz. Biz Baş Prokurorluqdan və Ədliyyə Nazirliyindən xahiş edirik ki, bu məsələlərə diqqət ayırsınlar".
Vətəndaşlar Ali Məhkəmənin sədri İnam Kərimovun da bu məsələyə diqqət yetirməsini xahiş ediblər. Sakinlərin sözlərinə görə, MTK rəhbərliyinin məhkəmə prosesi açıq keçirilməlidir, burada bütün tərəflərin, o cümlədən medianın iştirakı təmin edilməlidir: "Onlar terror törətmiş, yaxud vətənə xəyanət ittihamı ilə həbs edilmiş şəxslər deyil ki, hakim Əli Məmmədov işə qapalı iclasda baxır. Biz görmüşük ki, casusluq və ya terror ittihamı ilə tutulanların işinə qapalı iclasda baxılır. Bizim işimizdə dələduzluq əməlindən söhbət gedir, 165 ailə fırıldağın qurbanı olub və indi hüquqlarını tələb edirlər. Hakim Əli Məmmədov bizim iştirakımızı təmin etməklə yanaşı, həm də Taley Alaverdiyevin şirkət üzərində səlahiyyətlərinə xitam verməlidir. Biz tələb edirik ki, bu haqda məhkəmədə iştirak edəcəyimiz halda vəsatət qaldıraq və onun şirkət üzərində hüquqdan məhrum edilsin. Çünki istintaq altında olanda kreditlərin ödənişi ilə bağlı maliyyə arayışlarını qol çəkirdi, indi məhkəməsi gedir deyə möhür vurmaqdan imtina edir. Nəticədə biz sakinlər binanın yarımçıq qalmış işlərini Taleyin ucbatından tamamlaya bilmirik".
Azər Talıbov
 Anaxeber.info
Tarix: 22-06-2023, 10:35
Xəbəri paylaş





Xəbər lenti