Rizvan Vahabovdan Qabil Hüseynliyə CAVAB: "Dedikləri ağ yalandır, onun iddia etdiyi torpaq sahəsi..."


 
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin Prezident İlham Əliyevə məktub yazaraq kömək istəməsi barədə məlumat vermişdik.
Qabil Hüseynli ona məxsus torpağın vaxtilə Dövlət Yanacaq Komitəsinin sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin rəisi, YAP-ın Səbail rayon təşkilatının idarə heyətinin üzvü olmuş Rizvan Vahabov tərəfindən zəbt edildiyini bildirir.
Rizvan Vahabov redaksiyamıza müraciət edərək haqqında səsləndirilmiş iddiaları təkzib edib. O bildirib ki, Qabil Hüseynlinin bəhs etdiyi torpaq sahəsi ilə bağlı məlumatlı olmayıb.
Musavat.com olaraq Rizvan Vahabovun mövqeyini olduğu kimi təqdim edirik:
"Musavat.com saytında “sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli”nin müraciəti olaraq verilmiş məlumatda mənim adım hallandırılıb, guya Q.Hüseynlinin torpağının mənim tərəfimdən zəbt edilməsinə dair həqiqətə uyğun olmayan, tamamilə yanlış informasiya yayılıb. Bununla əlaqədar olaraq mövqeyimi bildirirəm, barəmdə yayılmış qərəzli, yalan məlumata dair cavab haqqımın tanınmasını və mövqeyimin dərc olunmasını xahiş edirəm.
Bildirirəm ki, Qabil Hüseynli adlı şəxsi tanıyıram, vaxtilə Ulu Öndərimiz Heydər Əliyev ona etimad göstərib yüksək vəzifəyə təyin etmişdi. Sonradan elə Ulu Öndərimiz özü Q.Hüseynlinin əsl qiymətini vermişdi.
Q.Hüseynlinin mənim barəmdə həqiqətə uyğun olmayan, qərəzli məlumatlar yaymasının səbəbini bilmirəm, çünki onunla hər hansı münasibətim, mübahisəm olmayıb. Onun bəhs etdiyi torpaq sahəsi ilə bağlı isə, ümumiyyətlə, bugünədək məlumatım olmayıb. Guya ona məxsus torpaq sahəsinin tərəfimdən zəbt edilməsinə dair dedikləri ağ yalandır, onun iddia etdiyi torpaq sahəsi ilə bağlı yaxından-uzaqdan hər hansı əlaqəm yoxdur.
Q.Hüseynlinin yaydığı məlumatda bir həqiqət var ki, mən - Rizvan Vahabov, əvvəllər Dövlət Yanacaq Komitəsinin və Neft Kəmərləri İdarəsinin rəhbəri işləmişəm. Məni həmin vəzifələrə Ulu Öndər Heydər Əliyev təyin edib, mən də üzərimə düşən vəzifələri layiqincə icra etmişəm, Ulu Öndərimizə, Möhtərəm Cənab Prezidentimizə, Dövlətimizə sədaqətlə xidmət etmişəm. Bu gün də Yeni Azərbaycan Partiyasının üzvü kimi cənab Prezidentimiz YAP-ın sədri İlham Əliyevin siyasi kursunun dəstəklənməsi yolunda sıravi bir vətəndaş olaraq əlimdən gələni edirəm.
Qeyd etdiyim kimi, Q.Hüseynlinin “torpaq məsələsi”nə dair bu günədək mənə müraciəti olmayıb. Yalnız bu gün, məlumat yayılandan sonra, Q.Hüseynli özü mənə zəng etdi, “sabiq dövlət müşaviri”, politoloq statusuna uyğun olmayan tərzdə danışdı. Mən ona da izah etdim ki, danışdığı torpaqla bağlı mənim heç bir əlaqəm olmayıb, indi də yoxdur, əgər kimsə onun torpağını zəbt edibsə, dövlətimizin qanunlarına uyğun olaraq tədbirlərini görsün, məhkəməyə müraciət etsin və s.
Q.Hüseynlinin məlumatında digər həqiqət odur ki, mən Badamdar qəsəbəsində yaşayıram. Uzun müddətdir yaşadığım qəsəbədə qonşularım, sakinlər məni tanıyırlar, tanıdığım hər kəslə normal insani münasibətlərimiz var. Bu vaxta qədər Q.Hüseynli və ya onun adından digər kimsə mənə “torpaq iddiası” ilə bağlı müraciət etməyıb. Ona görə də mənə qarşı belə qərəzli məlumat yayılması məni təəccübləndirir. Ola bilər ki, Q.Hüseynlinin kiminləsə problemi var, bəlkə də həmin şəxsin ad-soyadında mənim adıma uyğunluq eşidib. Yaxud kimsə ona yanlış məlumat verib, mənim adımı kiminləsə səhv salıb, yəni, adımı yanlışlıqla hallandırıb. Bu gün telefon danışığında da ona bu barədə dedim, mənimlə əlaqəli hansısa probleminin mümkünsüzlüyünü ona izah etməyə çalışdım. O, mənim dediklərimi başa düşmək istəməsə də, yaşlı adam olduğunu nəzərə alaraq mənə qarşı bu qanunsuz hərəkətinə, uyğun olmayan davranışına səbr göstərirəm, yanlış yola düşmüş adamı anlayışla qarşılamağa çalışıram. Ümid edirəm ki, yanlış yoldan qayıdaraq mənə qarşı belə qərəzli məlumatı yaydığına görə həmin məlumatların yayıldığı saytlarda məndən və oxuculardan üzr istəyəcək".
Tarix: 22-06-2023, 21:55
Xəbəri paylaş





Xəbər lenti