"Kriminal aləmə qoşulub savadsız olacaqsa, elə 5 uşaq heç lazım deyil" - Ekspert danışır

"Kriminal aləmə qoşulub savadsız olacaqsa, elə 5 uşaq heç lazım deyil"
Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı əhaliyə 5 uşaq dünyaya gətirməyi tövsiyyə etdi. Bu 5 uşaq məsələsi uzun müddət sosial şəbəkələrdə müzakirə edildi. Azərbaycan uşaq pulunun verilməməsi, minimum əmək haqqının az olması və s. məsələlər gündəmə gətirildi. Belə hiss olundu ki, vətəndaş maddi cəhətdən 5 uşaq dünyaya gətirməyə hazır deyil… Bəs dövlət, buna hazırdımı?
SİAM.AZ-ın məlumatına görə, sosioloq Əhməd Qəşəmoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 uşaq tövsiyyəsi, əslində çox önəmli bir tövsiyyədir. Sosioloqun fikrincə, birdən-birə əhaliyə demək olmaz ki, 5 uşaq dünyaya gətirin. Bunun üçün ölkənin özündə xüsusi hazırlıq olmalıdır. Sosial müdafiə strukturları da buna hazır olmalıdır. Valideynlərin özü maariflənməlidir.

“Çünki bizə say deyil, keyfiyyətli 5 uşaq lazımdır. Bizə lazımdır ki, o 5 uşaq olanda, onlar böyüyəndə Vətən üçün, ölkə üçün bir vacib işlər görə bilən adamlar olsun. Yoxsa onların yarısı gedib, kriminal aləmə qoşulacaqsa, savadsız olacaqsa, ölkə üçün problem yaradacaqsa elə 5 uşaq heç lazım deyil. Bunun üçün isə, dediyim kimi əhali də maariflənməlidir.

Ölkədə ayrı-ayrı strukturlar inkişaf etməlidir. Bir ailədə doğulan doğulan 5 uşaq və ya 1 uşaq, təkcə valideynin deyil, o həm də dövlətin məsuliyyətindədir. Sabah həmin uşaq gedib torpaqlarımızı müdafiə edəcək, sabah həmin uşaq böyük alim olacaq, sabah həmin uşaq peşəkar siyasətçi olacaq”-deyə sosioloq bildirib.

Qəşəmoğlu hesab edir ki, ölkənin ən qiymətli sərvəti onun keyfiyyətli əhalisidir.

“Bəzən heç min roketin görə bilməyəcəyi işi, bir ağıllı adam görə bilir. Ona görə bizim təhsil sistemimiz də buna uyğun olmalıdır. Humanitar siyasət, sosial siyasət dəyişməlidir. Bu dəyişəndən sonra da görüləcək işlər üçün lazımlı kadrlar hazırlamalıyıq. Bunun üçün də bu ayları, illəri boş boşuna buraxmaq olmaz. Hər ay, hər il bu sahədə bizim boş buraxdığımız illər bizim üçün sonradan problem olur. Cəmiyyət günü-gündən mürəkkəbləşirsə və günü-gündən həssaslaşırsa, bu cəmiyyət elmin köməyi olmadan idarə oluna bilməz.

Elmin tövsiyələri olmadan bu problemlər bu saydığım problemlər həll oluna bilməz. Amma bizdə məmurlar sanki bunu yaxşı bilmir” – sosioloq belə hesab edir.

Sosioloqun sözlərinə görə, məmurlar sahədə də mütəxəssislərin dediklərindən də istifadə etmirlər. Dəfələrlə bu məsələ ilə bağlı qurumlara konkret təkliflər yazdığını deyən sosioloq əlavə edib ki, həmin təkliflərə cavab almayıb.

“Bəzən bir siravi gənc məmur özünü qat-qat ağıllı hesab edir. Çünki o, məmurdur və bir professordan özünü üstün hesab edir. Nazirliklərdə gənc məmurlarla söhbət edirsən, elə şəkildə danışır ki, sanki bu şeylərin hamısını bilir və bunun rəhbəri də bu şeyləri bilən ən ağıllı adamdır. Belə olduğu halda günü-gündən sosial problemlərimiz də çoxalacaq”-deyə sosioloq qeyd edib.

P.S. Bu gün də az da olsa, 5 uşaqlı ailələr var, amma 5 uşağı olan valideynlərin başı bu uşaqların qarnını doyurmağa o qədər qarışır ki, Əhməd müəllimin də dediyi kimi, uşaqlar normal insan olaraq yetişə bilmir. Çoxuşaqlı ailələrin uşaqları ya kiçik yaşlarında işləməyə başlayır, ya kriminal aləmə qoşulur, ya narkotik istifadəçisi və ya satıcısına çevrilir, ya küçələrdə dilənir… Bəzi 5 uşaqlı bir ailənin uşaqları savadlı millətə və dövlətə layiqli vətəndaş olaraq yetişir. Sizin ağlınız sovet dövrünə, kənd yerlərinə getməsin. O dörvlərdə cəmiyyət bugünkü qədər inkişaf etməmişdi. Və həmin dövrlərdə düzlük, təmizlik vardı… Bu gün nə var?
Tarix: 22-06-2023, 22:02
Xəbəri paylaş





Xəbər lenti