VAQİF SULTANLININ “KULİKOVO DÖYÜŞÜ” KİTABI LONDONDA YAYINLANDI



Bu günlərdə Londonda yazıçı Vaqif Sultanlının “Kulikovo döyüşü” (“The 
Battle of Kulikovo”) adlı roman və hekayələrdən ibarət kitabı nəşr olunub.  
“Rossendale Books” nəşriyyatının yayınladığı kitabı ingilis dilinə professor 
Abbas Qurbanoğlu, Cavid Abbaslı və Pərvanə Paşa çevirmişdir. 

Qeyd edək ki, “Kulikovo döyüşü” Vaqif Sultanlının  ingilisdilli oxuculara 
təqdim olunan ilk kitabı deyildir. Belə ki, yazıçının roman və hekayələrdən 
ibarət  “İnsan dənizi” (The Human Sea), “Ölüm yuxusu” (The Dream of 
Death), “Tərs axın” (Reverse flow), “İlan əfsanəsi” (The Legend of Snack), 
“Kor düyün” (A Blind Tie), “Səhra savaşı” (Struggle in the Desert) kitabları 
müxtəlif dövrlərdə, ayrı-ayrı yayın evləri tərəfindən İngiltərə və Amerikada 
nəşr olunmuşdur. “Ölüm yuxusu” romanı Danimarkada, daha sonra 
professor Tamara Dragadzenin redaktəsi ilə Kembric Universiteti tərəfindən 
təkrar yayınlamışdır. Habelə Vaqif Sultanlının tərtibatında (Dr.İrəc İsmayılla 
birlikdə) “Müasir Azərbaycan nəsri” (Modern Azerbaijani Prose, 2012, 
2019) və “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s 
Prose, 2014) antologiyaları ABŞ oxucularına təqdim edilmişdir.
“Kulikovo döyüşü” kitabına müəllifin yaradıcılığında önəmli yer tutan 
“Səhra savaşı” romanı, çeşidli dönəmlərdə qələmə aldığı “Yarpaqsız 
budaqların yaşıl nəğməsi”, “Vətən”,  “Səhər dumanı”, “Mağara”, “Xurmayı 
saçlar”,  “Qütb gecəsi”, “Kor düyün”,  “İlan əfsanəsi”,  “İlğım”, “Nəvayi-
Qumru”, “Kufi xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə” və başqa hekayələri  
daxil edilmışdır. Kitaba ad olaraq seçilən “Kulikovo döyüşü” hekayəsində 
tarixlə müasirlik özünəməxsus şəkildə çarpazlaşdırılmış, Türk etnosunun 
keçmişi, bu günü və gələcək taleyi ilə bağlı düşüncələr canlandırılmışdır.
İngilis yazıçı və ədəbiyyatşünası Dr.Maykl Brannokun redaktəsi ilə nəşr 
edilmiş kitabdakı roman və hekayələri birləşdirən ümumi cəhət onların 
daxili-mənəvi ovqata köklənərək qələmə alınması, mövzu-problem 
baxımından aktuallıq daşıması, çağdaş dünyada insan taleyinə 
münasibətdə özünü göstərən və get-gedə dərinləşməkdə olan özgələşmə, 
yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz motivləri 
ilə seçilməsidir. 
Kitabı amazon.com, lulu.com, books.google.com, bookland.com, 
ebay.com, scribd.com, waterstones.com, barnesandnoble.com və digər 
saytlardan sifariş yolu ilə əldə etmək olar.

SİAM.AZ
Tarix: 28-06-2023, 08:40
Xəbəri paylaş





Xəbər lenti