Azərbaycanda məmur-vətəndaş münasibətləri niyə bu gündədir? - HƏQİQƏTƏN DƏ...

Azərbaycanda məmur-vətəndaş münasibətləri niyə bu gündədir?
Dəfələrlə şahidi olmuşam ki, prezident regionlara təyin etdiyi icra başçıları ilə görüşlərində onlara vətəndaşlarla düzgün davranmağı və vətəndaşlara düzgün davranmağı tövsiyə edir. Yeni təyinat almış, icra başçıları da başını aşağı endirib, sakit şəkildə ölkə başçısını dinləyir, bütün təklif və iradlarını qəbul edir, tövsiyələrinə əməl edəcəklərinə söz verirlər. Elə ki, bu şəxslər ölkə başçısının görüşündən çıxıb təyinat aldığı bölgəyə gedir, dönüb olurlar şir-aslan.
Vətəndaş kimdir? Vətəndaş sayan var? Haqlı da olsa, haqsız da olsa, bu şəxslər ancaq özlərini düşünürlər. Bir də həmin bölgələrə prezident gələndə vəzifələri yada düşür. Qısaca, əksər icra başçıları prezidenti aldatmağa "çalışır" və ancaq öz mənfəətləri üçün çalışırlar. Düzdür, DTX sonradan onlara dünyanın neçə bucaq olduğunu başa salır, amma bu da bəzən gec olur…

Niyə icra başçıları təyin olunduqları bölgəyə gedən kimi vəzifə və öhdəliklərini unudur?
Siam.az-ın məlumatına görə, “Ağ partiya”başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, buna səbəb odur ki, təyinat alan bu şəxslər xalqı tanımır, onlarla işləməyin yöndəmini bilmir, dövlətə də şirkət gözü ilə baxırlar. Təbii ki, vətəndaşlara da şirkətin işçiləri kimi baxırlar.

“Dövlətə dövlət gözü ilə, vətəndaşlara da vətəndaş gözü ilə baxmaq lazımdır. Şirkət və yaxud da işçi gözü ilə deyil. Bu səbəbdən də bu problemlər yaranır. Gənc kadrlara yer verirlər. Xaricdə oxuyan, xarici dil bilən. Bunlar müsbət hallardır, amma həmin o gənc kadrlar ilk növbədə vətənpərvər olmalıdırlar. İkincisi, xalqını tanımalıdırlar. Üçüncü, nəzakət qaydalarını bilməlidirlər. Və bütün bunlarla da paralel onların təyin olunduqları yerlə bağlı təcrübələri olmalıdır. Amma təyin olunan yerlərə təcrübələri yoxdur, siyasi təcrübələri yoxdur, insanlarla danışmağı bilmirlər. Onlar siyasətin nə olduğunu bilmirlər. Siyasət nədir? Siyasət bir ünsiyyət forması, publik bir peşədir. Yəni sən insanlarla danışmağı, insanları razı salmağı bacarmalısan. İnsanların problemlərini həll edə bilməsən də onların problemlərini başa düşməlisən, anlamalısan. Bütün bunlar təəssüf ki, indiki məmur kateqoriyasının bir qismində yoxdur. Ona görə də, bu problemlər yaranır, bu narazılıqlar var, bu etiraz səsləri var”-deyən Əhəd Məmmədli qeyd edib ki, hər zaman belə vəziyyət olub, amma bu da o demək deyil ki, həmişə öhdəsindən gəlmisinizsə, həmişə də gələcəksiniz. "Partlayış" bir dəfə olur, hamıya zərər verən "partlayış"ın olmaması üçün ciddi addımlar atılmalıdır.

“Yoxsa "bu gün məsələ sakitləşsin, sonra yenə verdiyim vədləri unudum", belə şey olmamalıdır”-deyə Əhəd Məmmədli qeyd edib.

P.S. Belə, Əhəd Məmmədlinin də dediyi kimi, bu, həmişə belə olub. Yəni Məmmədli deməsə də, hər zaman məmurlar vətəndaşa yuxarıdan aşağı baxıb, yuxarıdan aşağı baxıb və belə dəyərləndiriblər. Bəlkə də ürəklərində də düşünürlər ki, “əşi, sən kimsən ki, sənin problemin mənim nəyimə lazım”. Ən azından Orxan Mürsəlovun açıqlamalarına baxdığımız zaman bunu hiss etməmək mümkün deyildi…

Gədəbəyin Söyüdlü kəndində hadisənin kim tərəfindən planlaşdırıldığı, hansı məqsədlə planlaşdırıldığı məsələsinə biz qarışmırıq, bunu araşdırmaq məsələ üzrə məsul və səlahiyyətli dövlət qurumlarının işidir. Bizi narahat edən məmur-vətəndaş münasibətlərinin hazırkı durumudur. Ki, bunun da təzahürünə olduq...
Tarix: 29-06-2023, 15:35
Xəbəri paylaş





Xəbər lenti