Məşhur vəkillərdən deputata cavab - ÖZÜ MƏSULİYYƏTƏ CƏLB OLUNSA, BİZƏ MÜRACİƏT EDƏCƏK

Məşhur vəkillərdən deputata cavab
Hökumətyönümlü deputat Bəhruz Məhərrəmovun siyasi fəalları müdafiə edən vəkillər haqqında açıqlaması birmənalı qarşılanmayıb.

Ölkədə vəkilliyin problemindən danışan deputat iddia edib ki, Azərbaycan vəkilliyinin daha ciddi problemi bəzi vəkillərin hədsiz siyasiləşməsi ilə bağlıdır: “Ya xarici qrantlar hesabına, verilən tezislərə uyğun olaraq, ya da cinayət təqibi orqanları və vəzifəli şəxslər ətrafında ictimai-siyasi təzyiq mühiti yaratmaqla onlara qanunsuz təsir etmək üçün bu tip vəkillər istənilən məsələni hüquq müstəvisindən çıxarırlar. Çoxsaylı nümunələr var ki, hansısa antimilli ünsürü müdafiə edən vəkil o ünsürün özündən çox siyasiləşir. Yaxud artıq vəkillər arasında milli suverenliyi hədəfə almaqdan çəkinməyən nihilist, xəyanətkar “hüquq müdafiəçiləri” meydana çıxıb. Bu artıq vəkillik deyil, bu fəaliyyətlərin insan hüquq və azadlıqlarının müdafiəsi ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur”.

Bəhruz Məhərrəmovun dediklərinə ciddi yanaşmayan vəkil Elçin Sadıqov Gununsesi.info-ya bildirir ki, onun söylədikləri ictimai əhəməyyət daşımır: “O şəxs öz aləmində ad çəkmədən barəmdə deməyə çalışıb. Getsin, saxta mandatından danışsın. Hüquq, xüsusilə də insan haqları onluq məsələ deyil. Adam vəkilliyin problemindən danışmaq istəyirdisə, aylardır ki, pandemiya bitməsinə baxmayaraq, vəkillər cəzaçəkmə müəssisələrinə və həbsxanalara COVİD testi verib girirdilər. Bu barədə səhv eləmirəmsə, bəzi deputatlar danışdı. Amma vəkilliyin “problemlərindən” danışan Bəhruz Məhərrəmov bunu görməzdən gəldi. Onun bu açıqlamasından sonra barəsində maraqlandım, qeyri-ciddi adam olduğunu dedilər”.

Vəkil Bəhruz Bayramov da saytımıza açıqlamasında bildirir ki, siyasi fəalları, jurnalistləri müdafiə etmək ilk növbədə cəsarət tələb edir: “Əvvala,onu deyim ki, mən ilk dəfədir ki, belə bir deputatın mövcudluğundan xəbərdar oldum. Görünür, yerində olan deputat deyil ki, biz onu tanımırıq. Həmin deputat əslində reallıqları gözəl bilir. Heç olmasa susa bilərdi. Mən öz adımdan deyim ki, müdafiə etdiyim əksər siyasi məhbuslardan qonarar almıram. Azərbaycanda siyasi fəalları müdafiə edən azsayda vəkillər var. Bircə onu bilirəm ki, yaşadığımız cəmiyyətdə ictimai – siyasi xadimin, jurnalistin, ictimai fəalın hüquqlarını müdafiə etmək, vətənimizin ərazi bütövlüyünə qəsd edən, vətəndaşlarımıza qarşı soyqırım törədən hal – hazırda qanunlarımızla mühakimə olunan ermənilərin hüquqlarını qorumaqdan daha cətindir. Elə, sizin saytınızın baş redaktoru Pərviz Həşimlini 2013-cü illərdə MTN müdafiə edəndə mənim və onun digər vəkillərin üzləşdiyi təzyiqləri hamı bilir. MTN-də kök salmış mütəşəkkil cinayətkar şəbəkə (bu gün onlar məsuliyyətə cəlb olundu) hər cür yaramazlığa əl atırdı. Sabah bu deputatın özü cinayət məsuliyyətinə cəlb olunsa, sizi inandırım ki, bizim xidmətlərimiz üçün müraciət edəcək”.

Gununsesi.info
Tarix: 30-08-2023, 22:39
Xəbəri paylaş





Xəbər lenti