TƏHLİL: Əsədsiz Suriya modeli: Əks təqdirdə…

TƏHLİL: Əsədsiz Suriya modeli: Əks təqdirdə… ABŞ dövlət katibi Reks Tillerson bəyan edib ki, Əsəd ailəsinin Suriyadakı hakimiyyəti sona yaxınlaşır. O vurğulayıb ki, Bəşər Əsədi hakimiyyətdən devirməyin yolunu bilməsə də, bunun mütləq baş verəcəyinə əmindir. Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri bu fikri Cenevrədə BMT-nin Suriya üzrə nümayəndəsi Stefan de Mistura ilə görüşündə söyləyib. Daha sonra Tillerson Suriya ordusunu tənqid edib və ordunun son qələbələrinin yalnız Rusiyanın hava dəstəyilə mümkün olduğunu deyib.

Reks Tillersonun qeyd edilən açıqlaması beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Çünki Vaşinqton hələ 2017-ci ilin aprel ayında Suriyanın "Əş-Şayrat" hərbi hava bazasına raket zərbələri endirəndə belə, əməliyyatları davam etdirərək Bəşər Əsədi hakimiyyətdən salmaq planını işə salmadı. Prezident Donald Tramp Bəşər Əsəd rejiminə son qoyulmasının vacibliyini bir neçə dəfə vurğulamasına baxmayaraq, bu istiqamətdə əməli addımlar atmaqda maraqlı olmadığını nümayiş etdirib. Ona görə də dövlət katibi Tillersonun Əsəd ailəsinin hökmranlığına son qoymaq çağırışı ABŞ-ın Suriya ilə bağlı siyasətində yeni məqam kimi qiymətləndirilə bilər. Əsəd rejiminə qarşı səslənən bu bəyanat şübhəsiz ki, səbəbsiz deyil və Suriyada, o cümlədən, Yaxın Şərqdəki siyasi situasiyanın ABŞ-ın maraqlarına cavab vermədiyini əks etdirir. Əlbəttə, ABŞ avqust ayından başlayaraq, Suriyanın şərqindəki ərazilərin, xüsusilə də Raqqa şəhərinin İŞİD-dən azad edilməsi istiqamətində ciddi irəliləyişə nail ola bilib. Lakin son həftələr baş verən hadisələr rəsmi Vaşinqtonu qane etmir. Bu da İŞİD-dən azad edilən ərazilərin Suriya hökumət qüvvələrinin nəzarətinə keçməsi ilə bağlıdır.

TƏHLİL: Əsədsiz Suriya modeli: Əks təqdirdə…

Suriya ordusu Rusiya hərbi hava qüvvələrinin dəstəyi ilə Deyr əz-Zor, Əl-Qəryəteyn, Əl-Bukamal şəhərlərini və Fərat çayı üzərindəki Sakr adasını İŞİD-dən təmizləyib. Lakin bu qələbələr taktiki baxımdan, ABŞ-ın maraqlarına cavab versə də strateji planda Ağ Evin planları ilə üst-üstə düşmür. Yəni terrorçulardan azad edilmiş ərazilər Suriya hakimiyyəti ilə yanaşı, həm də Rusiya və İranın nəzarətinə keçir. Üstəlik, Bəşər Əsədə tabe olan silahlı qüvvələrin Suriyanın şərqinə doğru irəliləməsi ABŞ hərbçilərinin dəstəyi ilə hərəkət edən və əksəriyyəti kürd terrorçularından təşkil olunmuş Suriya Demokratik Qüvvələrinin İraqın şimal-qərb sərhədlərinə sıxışdırılması ilə müşahidə olunur. Kürd silahlılarının artıq Fərat çayının sağ sahilindən cənuba doğru çəkilməsi həmin bölgələrdə Rusiyanın və İranın mövqelərinin möhkənməsinə səbəb olur. Eyni zamanda, İraq hökuməti ölkənin cənub-qərbində İŞİD-in əlində qalmış ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara başlayıb. Bu da öz növbəsində, İranın Tehrandan-Dəməşqə qədər qurduğu "şiə dəhlizi" boyunca Suriyanın ələvilər yaşayan Aralıq dənizi regionuna və Livan sərhəddinə çıxış əldə etmək, "Hizbullah”la birbaşa əlaqə qurmaq imkanı verir.

Siyasi ekspertlərin açıqlamalarına görə, növbəti mərhələdə İranın planı "Hizbullah"la birləşərək Qüdsə ordu yeritməkdir. Artıq İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının döyüşçüləri İsrail sərhəddinin 40 kilometrliyinə çatıb. İranın 2000 kilometr irəliləyərək belə imkan əldə etməsi təbii ki, İsraili kifayət qədər narahat edir. Bu baxımdan, İsrailin ABŞ-ın siyasi, diplomatik və hərbi dəstəyinə ehtiyacı yaranıb. Yaxın Şərqdə Tehran rejiminə qarşı potensial güc mərkəzləri sayılan Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərinin axır vaxtlar Moskvanın Suriya siyasətində loyal mövqe tutması İranın bölgədə təsir imkanlarını artırıb. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudun Rusiyaya səfərinin ardınca, Misir prezidenti, feldmarşal Əbdülfəttah Əl-Sisi prezident Vladimir Putini dekabr ayında Qahirədə konsertə dəvət edib. Qahirəyə yola düşməzdən öncə, Rusiya prezidenti İrana səfər edəcək. Analitiklərin rəyinə görə, Rusiya Yaxın Şərqdə İranın əsas oyunçuya çevrilməsini arzulamır. Amma ABŞ-la birbaşa qarşıdurmadan çəkinən Rusiya bu məsələdə İranın imkanlarından maksimum istifadə etməyə çalışır. ABŞ-ın PYD/YPG qüvvələrinin vasitəsilə bölgədəki situasiyanı öz xeyrinə dəyişmək cəhdləri isə demək olar ki, baş tutmadı.

Eyni zamanda, Vaşinqton İsrailin təhlükəsizliyinin təmin edilməsini İranın şərq sərhədlərində bufer zona kimi müstəqil kürd dövlətinin yaradılmasında görür. Lakin Şimali İraqda müstəqil kürd dövləti yaratmaq cəhdlərinin bölgə ölkələrinin ciddi müqaviməti ilə üzləşməsi Rusiya-Türkiyə-İran üçbucağının Suriyada və İraqda əsas güc mərkəzi olduğunu bir daha təsdiq etdi. İraqın parçalanması planı mərkəzi Bağdad hökumətini İran və Türkiyə ilə bir qədər də yaxınlaşdırıb. Hətta Şimali İraqda və Suriyanın Deyr əz-Zor bölgəsindəki neft yataqları Rusiyanın nəzarətinə keçməkdədir. Rusiya neftin və təbii qazın gələcək hasilatı və nəqli məsələlərində, İraq, Suriya hökumətlərinin, eləcə bu regionda əsas geosiyasi aktora çevrilmiş Türkiyənin və İranın razılığı olmadan fəaliyyət göstərə bilməz. Şimali İraqda Bərzani hökuməti ilə neft müqaviləsi imzalamış Rusiya ABŞ hərbçilərinin yanında yer alan kürdlərlə əməkdaşlıqdan hazırda imtina edib. Bu da kürd separatizminə qarşı mübarizədə İran, Türkiyə və İraqın mövqeyini gücləndirir. Mövcud durumu təhil etdikdə, dövlət katibi R.Tillersonun Əsəd hakimiyyətinı son qoymaq barədə bəyanatı iki istiqamətdə başa düşülə bilər.

Birincisi, Birləşmiş Ştatların bu çağırışı yalnız Əsəd ailəsinə deyil, həm də ona dəstək verən Rusiya və İrana xəbərdarlıq məqsədi daşıyır. Tillersonun bəyanatı ilə eyni gündə Amerikanın Suriya ordusunu və İranı silahlandıran Rusiyanın 33 müdafiə sənaye kompleksinə, eləcə də hərbi-kəşfiyyat orqanlarına qarşı sanksiyalar tətbiq etməsi məhz Kremlin Yaxın Şərqdə güclənməkdə olan mövqeyini zəflətməyə xidmət edir. ABŞ mediasının yazdığına görə, sanksiyalar haqqında qərar qəbul edilməsinə Vaşinqtonun hərbi müttəfiqləri olan Türkiyə və Səudiyyə Ərəbistanının Rusiyadan milyardlarla dollar dəyərində silah, o cümlədən, "S-400 Triumf" RMS-ləri alması da təsir göstərib.
İkincisi, dövlət katibinin sözləri ABŞ-ın Suriyada getdikcə zəifləməkdə olan geosiyasi mövqelərini bərpa etmək, xüsusilə də İranı bu bölgədən çıxmağa məcbur etmək üçün əsas dayaqlarından biri sayılan Bəşər Əsədi devirmək planı üzərində işləməsi kimi başa düşülə bilər. Ancaq Suriyadakı vətəndaş müharibəsindən qalib çıxmış durumda görünən diktatoru indiki şəraitdə güc yolu ilə hakimiyyətdən salmaq real səslənmir. Çünki Rusiya, İran, İraq və hətta Suriyanın parçalanmasını istəməyən Türkiyənin hazırda buna qarşı çıxacağı şübhə doğurmur. Ona görə də Birləşmiş Ştatlar Suriyada hakimiyyətin dinc yolla dəyişilməsinə nail olmaq üçün Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və hətta üçüncü ölkə vasitəsilə İranla diplomatik təmaslara keçə bilər. Yəni Bəşər Əsəd keçici hökumətin başçısı kimi müvəqqəti saxlanılır, sonra isə Suriyada marağı olan bütün tərəfləri qane edən yeni hakimiyyət qurulur. ABŞ Rusiyadan və İrandan siyasi asılılığı olmayan yeni fiqurun Suriya prezidenti seçilməsində maraqlıdır. Rusiyanı bu şərtə razı salmaq üçün getdikcə ağırlaşan sanksiyalar Vaşinqton üçün əsas təsir vasitəsidir.

Böyük Britaniyanın "The İndependent" qəzetinin yazdığına görə, kral Salman əs-Səud Moskvaya səfər edərkən ona Suriyada müharibədən sonra quruculuq-bərpa işlərini Səudiyyə Ərəbistanın maliyyələşdirməsini, Rusiyanın isə işlərin icrası ilə məşğul olması təklif edilib. Bunun üçün əsas şərtlərdən biri olan Əsədin hakimiyyətdə qalmasına isə Səudiyyə kralı etiraz etməyib. Beləliklə, iki nəhəng neft hasilatçısı Suriya məsələsində ortaq məxrəcə gələ bilib.

İsrail isə Əsədin hakkimiyyətdə qalmasını milli təhlükəsizliyi üçün ciddi təhdid hesab edir. ABŞ-ın müstəqil kürd dövləti yaratmaq planı İsrailin müdafiəsini təmin etmək baxımından, indiki vəziyyətdə reallıqdan uzaq görünür. Çünki İran ordusu İsrailə və Yerusəlimə getdikcə yaxınlaşır. Bu mənada, ABŞ-ın dağlarda kürd yaraqlıları ilə məşğul olmağa vaxt itirməsi Təl-Əvivi qane etmir. İsrail Vaşinqtondan İrana qarşı idealist deyil, daha praqmatik addımlar gözləyir. Tramp administrasiyası Suriya böhranının həllinə dair Astana danışıqlarında bəyan edib ki, İranın Suriyadakı fəaliyyəti qanuni olarsa, təhlükəsizlik zonalarının yaradılmasıında iştirak edə bilər. Bu isə Rusiya-İran ittifaqına qarşı mübarizədə ABŞ-ın İsrailə dəstəkçi olacağına zəmanət yaratmır. İsrail və Rusiya qarşılıqlı olaraq bir-birini düşmən dövlət hesab etmir. Lakin Moskvanın İrana Yaxın Şərqdə verdiyi dəstək İsrail üçün təhlükə yaradır. Bu təhlükənin qarşısını almalı olan ABŞ İranın Suriyadakı fəaliyyətinə qarşı sərt bəyanatlar səsləndirməsinə rəğmən, İsrailin müdafiəsinə təminat vermir.

Müşfiq Abdulla

Cebhe.info
Tarix: 29-10-2017, 22:52
Xəbəri paylaş





Xəbər lenti