Düşmən qardaşlar və müttəfiqlər

Düşmən qardaşlar və müttəfiqlər Qazaxıstan və Qırğızıstan arasındakı münaqişə əslində Avrasiya İttifaqının nə dərəcədə çürük təşkilat olduğunu nümayiş etdirir



Avrasiya İttifqına daxil olan iki türk dövləti - Qazaxıstan və Qırğızıstan arasında əsl düşmənçilik ruhu dolaşır.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, hər şey Qazaxıstan prezidentinin Qərğızıstandakı prezident seçklərində müxalifətin namizədini dəstəkləməsi ilə başlayıb. Xatırladaq ki, sentyabr ayında Qazaxıstan lideri Nursultan Nazarbayev Qırğızıstan müxalifətinin prezidentliyə əsas namizədi Omurbek Babanovu qəbul edərək rəsmi Bişkekin qəzəbini üzərinə çəkmişdi. Digər namizəd (seçkilərdə qalib gələn-red.) Sooranbay Jeenbekovu dəstəkləyən prezident Almaz Atambayev qazaxıstanlı həmkarını ölkəsinin daxili işlərinə qarışmaqda ittiham etmişdi.

Hesab olunurdu ki, tərəflərin söz atışması seçkilərdən sonra bitəcək. Lakin görünür qırğız liderinin hirsi soyumaq yerinə daha da artıb.

O, Nazarbayevin şəxsinə yönəlik sözlər sərf etməkdən belə çəkinmir.
Atambayev bu yaxınlarda Nazarbayevin 27 ildən çoxdur hakimiyyətdə qaldığını və qocalıb əldən düşdüyünü söyləyib.

Astana isə cavabında Qırğızıstana gömrük müharibəsi elan edib. İndi sərhəddə insanlar və maşınlar sutkalarla gözləməli olurlar. Lakin bu da qırğız liderini durdurmayıb.

Seçkilərdən sonra o, Qazaxıstan prezidenti haqqında əvvəl işlətdiyi sözlərin bir qədər “doğru olmadığını” söylədikdən sonra vəziyyəti daha da pisləşdirən cümlələr sərf edib: “Qazaxıstan prezidenti ətrafına çox inanır. Onun ətrafı isə ancaq oliqarxlardan ibarətdir. Görünür, o da mənim kimi çox sadəlövhdür”.

Qazaxlar üçün bu, üzr istəyərək təhqir etmək kimi qəbul olunub. Bundan başqa, Qırğızıstan dövlət sərhədlərinin Avrasiya İttifaqının normalarına uyğun hala gətirilməsi üçün Qazaxıstan tərəfindən verilən 100 milyon dollarlıq yardımdan imtina edib. Özü də bu imtinanın Qazaxıstanın pulu verməsindən sonra edilməsi Astanın xüsusi qəzəbinə səbəb olub. Qazaxıstan isə öz növbəsində Qırğızıstanı qaçaqmalçılıqda və oğurluqda günahlandırıb.

“Çin xarici ticarət nazirliyinin məlumatlarında ÇXR-in Qırğızıstana 4,3 milyard dollarlıq ixracatı olduğu göstərilib. Qırğızıstanın rəsmi statistikası isə bu rəqəmi 1 milyard dollar olaraq göstərib. Ortada 3,3 milyard dollarlıq boşluq var. 2016-cı ildə isə bu rəqəm hətta 4,1 milyard dollar təşkil edirdi”, - Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev bəyan edib.

Elə Qırğızıstan da qonşusunun sözlərini cavabsız qoymayıb.

“Qeydiyyata alınmayan idxal problemi Avrasiya İttifaqı ölkələrinin hamısında var. Ona qalsa, Çin Qazaxıstana 8,5 milyard dollar əmtəə ixracı olduğunu bəyan etdiyi halda, Qazaxıstanın rəsmi rəqəmləri bunun 5 milyard dollar olduğunu göstərir”, -Qırğızıstanın iqtisadiyyat naziri Artyom Novikov qeyd edib.

İş o həddə gəlib çatıb ki, Qırğızıstan yetkililəri artıq İttifaqdan çıxmağı belə düşündüklərini söyləyirlər.

“Bütün bu hadisələr onu göstərir ki, bizim özümüzü Aİİ ilə aldatmağa ehtiyacımız yoxdur. Çünki heç bir ittifaq, hətta dünyanın ən böyüyü olsa belə bir insanın şıltaqlıqlarından asılı qala bilməz”, - Atambayev bəyan edib.

Bişkek qonşusu ilə gömrükdə yaşadığı problemləri hətta Ümumdünya Ticarət Təşkilatının da gündəlyinə daşımaq niyyətindədir. Bunun üçün noyabr ayının 10-da təşkilata xüsusi məruzə təqdim olunacaq.

Bəzi ekspertlərə görə, bütün bunlar Avrasiya İqtisadi İttifaqının əslində nə dərəcədə çürük təşkilat olduğunu nümayiş etdirir.

“Deyəsən heç Avrasiya İqtisadi İttifaqını burda sayan da yoxdur. Onsuz da təşkilat Rusiya, Qazaxıstan və Belarusun simasında Krılovun “Xərçəng, durna və balıq” təmsilini xatırladır”, - politoloq Dosım Satpayev Rusiyanın “Novaya qazeta” saytına verdiyi müsahibədə bildirib.

Rusiyanın Mərkəzi Asiya üzrə eksperti Aleksandr Dubnov isə Atambayevin dekabrın 1-dən sonra vəzifədən getməsi halında problemin ancaq nisbətən səngiyəcəyini düşünür. O, iki ölkə arasındakı münaqişənin əslində İttifaq daxilindəki uçurumun nə dərəcədə dərin olduğunu nümayiş etdiridiyni bildirir. Başqa sözlə, “Avrasiya İttifaqının birinci qaydası belədir- “ittifaq falan yoxdur””, - ekspert qeyd edib.


Tarix: 29-10-2017, 23:05
Xəbəri paylaş





Xəbər lenti