Sülhə mane olan 330 milyard: Alan da, satan da razıdır

Sülhə mane olan 330 milyard: Alan da, satan da razıdır ABŞ və Rusiya arasında Suriyada yeni bufer zonaların yaradılması istiqamətində yeni anlaşma əldə edilib.“Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson məlumat verib. O, bununla bağlı işlərin aparıldığını diqqətə çatdırıb: “Biz Rusiya ilə birlikdə ölkənin Cənub-qərbində bir zonanı uğurla yaratdıq. Növbəti bufer zonaların yaradılması üzərində iş gedir”. Tillerson qeyd edib ki, Amerika Suriyada bu zonaların yaradılması üçün diplomatik iş aparır: “ABŞ İranın Suriyadan çıxarılmasında uğur əldə edib”.

Suriya böhranının həllinə əngəl olan faktorlar

ABŞ və Rusiya arasında əldə edilən anlaşma Suriya böhranının həllinə təkan verəcəyinə ümidləri artırsa da bir sıra amillər var ki, bunlar 6 ildir bu ölkənin altını üstünə çevirən müharibənin başa çatacağına olan gözləntiləri puç edir.Həmin faktorlar daha çox Suriyanın hələlik dinclik dönəminə gec qayıdacağına inam yaradır. Məsələn, müharibənin davam etməsində daha çox görünən, lakin daha az müzakirə olunan bir məsələ var ki, bu da ayrı-ayrı dövlətlərə məxsus silah şirkətlərinin Suriyada açdıqları “qara bazar”la ilə bağlıdır. Yüz minlərlə insanın həlak olmasına, 2 milyondan çox insanın qaçqın düşməsinə səbəb olan müharibədən də həmin şirkətlər qazanırlar.Suriya müharibəsi bu şirkətlərə sahib olan dövlətlər üçün milyardlarla dollar kapital deməkdir. Müharibənin davam etdiyi 6 il ərzində Suriyada silah bazarı quran şirkətlərin qazancı 120% artıb. Bölgədə silah satışı həyata keçirən 5 şirkət 6 ildə 330 milyard dollar gəlir əldə edib. Bunlar “Lockheed Martin”, “Northrop Grumman”, “Raytheon”, “Boeing”, “General Dynamics” və digər şirkətlərdir. Suriyadakı müharibə bu şirkətlər üçün reklam da oldu və birjada özlərinə daha rahat müştərini də onlar tapırlar.

Geosiyasi faktorlar

Silah şirkətlərinin maraqları ilə yanaşı, Suriya, həmçinin ayrı-ayrı dövlətlərin maraqlarının kəsişdiyi strateji nöqtədir. Bu baxımdan Suriyadakı müharibə silahlı müxalifət və Bəşər Əsəd rejimi arasında gedən siyasi mübarizə, yaxud, vətəndaş müharibəsindən daha çox, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Rusiya, ABŞ və digər dövlətlərin də iştirak etdiyi qanlı geosiyasi mübarizəyə oxşayır. Məsələn, silahlı kürd peşmərgələrinin (YPG) Suriyanın Şimalındakı varlığı Türkiyənin qəbul etmədiyi bir mənzərədir. Nəzərə alsaq ki, YPG eyni anda həm Rusiya, həm də ABŞ tərəfindən dəstəklənir, bu, indiki məqamda çox su aparacaq “xəmir”ə oxşayır. Digər yandan, müstəqillik iddiasında olan kürdlərin Bəşər Əsədə qarşı savaşa girəcəkləri ehtimalı da var. ABŞ və Rusiyaya gəlincə, ruslar Bəşər Əsəd rejiminə qarşı silahsız etirazlarla başlayan savaşın ilk günündən bu rejimi dəstəkləyir. ABŞ isə böhranın Əsədlə birlikdə həllinin mümkünsüzlüyünə diqqət çəkərək, Rusiyaya qarşı əks mövqe seçib.İndiki halda da nə Rusiya, nə də ABŞ öz mövqeyindən geri çəkilmək niyyətindədir.Digər yandan, Moskva və Vaşinqton regional və Suriya daxilindəki qüvvələrlə anlaşma əldə etmədən, böhranın həlli mümkünsüz görünür. Başqa bir tərəfdə isə Suriyada məzhəb savaşının əsas ideoloqlarından biri olan və Suriyada şiələrin hegemonluğunu dəstəkləyən İranın qarşısında, bölgədə sünni mərkəzli bir dövlətin qurulması ideyasının daşıyıcısı olan Səudiyyə Ərəbistanı var. İran həmçinin, bu savaşda İsrailin Qolan Təpələrinə olan iddiasına da qarşıdır. İsrail də İran və Əsədə qarşı döyüşən bütün qüvvələri müdafiə edir.Başqa sözlə, Suriyada maraqları olan heç bir iştrakçı dövlət mövcud status-kvo ilə razılaşmır.Bu da o ehtimalı yaradır ki, müharibə tərəflərdən birinin maraqları tanınacağı vaxtadək davam edəcək.

“2018-ci ildə anlaşma əldə oluna bilər”

Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bundan əvvəl belə bir anlaşma vardı ki, atəşkəs zonalarına kənar ölkələr nəzarət etsin. Ekspert qeyd edib ki, bu anlaşmaya əsasən, Suriyanın Cənubunda - İordaniya ilə sərhəddə ABŞ atəşkəs rejiminə nəzarət etməliydi:


“Bundan başqa amerikalılar Suriya Demokratik Qüvvələri ilə birlikdə İŞİD-ə qarşı uğurlu əməliyyatlar aparırlar. Hazırda hökumətdən sonra Suriyada ən böyük əraziyə kürdlər, yəni, SDQ nəzarət edir.Bu da amerikalıların sayəsində əldə olunub.Suriyada sülh təbii ki, bütün tərəflərin, o cümlədən, böyük dövlətlərin razılığı və iştirakı ilə əldə oluna biləcək.Rusiyanın da taktikası bundan ibarətdir.Ruslar Türkiyə və İranla birlikdə terror təşkilatlarını müxaliflərdən ayırmaq, daha sonra terrora qarşı mübarizə aparmaq və müxaliflərlə işləmək niyyətindədir. Hazırda bu plan uğurla davam edir. Ruslar ehtimal edirlər ki, ilin sonuna qədər İŞİD tamamilə zərərsizləşdirilər, eyni zamanda, İdlibdə atəşkəsə nəzarət təmin edilər.Bundan sonra tərəflərin masa arxasında oturub danışması lazımdır”.
Sülhə mane olan 330 milyard: Alan da, satan da razıdır

Kənan Rövşənoğlunun sözlərinə görə, hazırda Moskva Suriyada etnik və dini-məzhəbi qrupların konqresini keçirməyə hazırlaşır:

“Çünki Suriya çoxmillətli və çoxdinli, çoxməzhəbli ölkədir. Burda sağlam sülhə nail olmaq üçün bütün tərəflərin bir masa arxasında oturub anlaşması lazımdır. Təbii ki, bunun üçün həm də ABŞ, Rusiya kimi ölkələrlə yanaşı, regionun Türkiyə, İran, Misir, Səudiyyə Ərəbistanı kimi güclü ölkələrinin də razılığı lazımdır.Əgər bütün sadalanan tərəflər münaqişənin həllində ortaq rəyə gələ bilsələr, yəqin ki, gələn ilin əvvəlində ciddi bir siyasi anlaşmaya nail olmaq mümkün olacaq”.

Mənsur Rəğbətoğlu
Tarix: 2-11-2017, 21:38
Xəbəri paylaş





Xəbər lenti