Ukraynada və Donald Trampın qərargahında Rusiya üçün çalışan qaranlıq adam - Pol Manafort

Ukraynada və Donald Trampın qərargahında Rusiya üçün çalışan qaranlıq adam - Pol Manafort Bu adamın Ukrayna dövlətçiliyinə və demokratiyasına vurduğu zərərin və Rusiyaya göstərdiyi xidmətlərin misli yoxdur

Pol Manafort - hazırda bu isim ABŞ televiziyalarının ekranlarında ən populyar şoumenlər qədər hallanır.

Əvvəllər Donald Trampın seçki qərargahına rəhbərlik edən P.Manafort hazırda məhkəmənin qərarı ilə ev dustağıdır. Onun haqqında Rusiyaya çalışmaqdan tutmuş , Ukrayna hökumətindən qeyri-qanuni yollarla pul almağa qədər ittihamlar təsdiq olunsa, bu ABŞ siyasi həyatında “Uotergeyt işi” qədər zəlzələ effekti yaradacaq.


ABŞ-ın “Time” jurnalının əməkdaşı Saymon Şuster Manafortun siyasi karyerasının bəzi qaranlıq məqamlarına işıq tutmağa çalışıb.
Burada diqqəti cəlb edən məqamlardan biri də heç şübhəsiz onun Ukraynadakı fəaliyyətidir.

P.Manafortun vəkili Kevin Dauninqin sözlərinə görə, müvəkkili 2005-ci ildə Ukraynaya Avropa Birliyinin təbliğ kampaniyasına rəhbərlik etmək üçün gəlib: “Onu məqsədi Ukraynada demokratiyanı təbliğ etmək və ukraynalıları ABŞ, həmçinin Avropa Birliyi ilə yaxınlaşdırmaqdan ibarət olub”.

Lakin jurnalist Saymon Şuster vəkilin yalan danşıdğını qeyd edir. Belə ki, hələ 2006-cı ildə, ABŞ-ın Kiyevdəki səfirliyindən Vaşinqtona göndərilən raportda Manafortun əsas işinin Kremlin, habelə Ukraynanın əksər korrupsioner oliqarxlarının və mafiya strukturlarının dəstəklədiyi Viktor Yanukoviçin beynəlxalq aləmdə imicinin tamamilə dəyişdirilməsindən ibarət olduğu yazılıbmış.

Çünki Yanukoviç 2004-cü ildə Qərbyönümlü və NATO tərəfdarı Viktor Yuşşenkoya məğlub olaraq seçkilərdə ağır zərbə almışdı.
Lakin məhz Manafortun və onunla əlbir olan Putin rejiminin dəstəyi ilə Viktor Yanukoviç və onun Regionlar partiyası siyasi arenaya qalib olaraq geri qayıda bildi. Bunun ən böyük kulminasiya nöqtəsi isə Yanukoviçin 2010-cu ildə Ukraynanın prezidenti vəzifəsinə gətirilməsi oldu.

“Sizə deyə bilrəm ki, bu adam işinin ustasıdır. O, Yanukoviçə Ukraynadakı seçkilərdə tam 3 qələbə qazanmasını təmin etdi. Manafort hansı vaxtda necə hərəkət edəcəyini gözəl bilir”, - ukraynalı milyarder, Kremlin qaz ticarəti üzrə keçmiş partnyoru Dmitri Firtaş məqalə müəllifinə bildirir.

Yazıda Yanukoviçin hakimiyyətdə olduğu ilk illərdə Kremlin istədiyi kimi davranış sərgilədiyi, Ukraynanın Avropa Birliyi və NATO-dan uzaqlaşdırdığı, habelə siyasi opponentlərinə qarşı təqiblərə başladığı qeyd olunur.

“Yuliya Timoşenkonun həbsi Ukraynanın Qərbdəki imicinə ağır zərbə endirmişdi. Manafort və onun komandasının əsas vəzifələrindən biri də bu problemi çözmək oldu. Regionlar partiyasından və onu dəstəkləyən maliyyə dairələrindən aldığı pulların köməyi ilə o, Vaşinqtonda lobbiçiləri hərəkətə keçirdi.

Bunun sayəsində ABŞ-da Yuliya Timoşenkonun həbsi qanunun aliliyinin təminatı olaraq təqdim edilə bildi və bir çox təşkilatların hesabatlarında Yanukoviçin ziyanına rəylərin verilməsinin qarşısı alındı”, - müəllif qeyd edir.

Ukrayna hüquq mühafizə orqanları Pol Manafortun Yanukoviçdən bu işlərə görə milyonlarla pul aldığını bildirirlər. Manafortun aldığı pullarla Nyu-Yorkun Manhetten rayonunda “Drake” otelini almaq istədiyi bildirilir. Manafortun vəkilləri də onun Yanukoviçə göstərdiyi xidmətlər müqabilində həm Ukraynada, həm də başqa yerlərdə bir çox layihələrdə pay sahibi olduğunu inkar edə bilmirlər.

Ukraynada 2014-cü il inqilabından sonra Pol Manafort Rusiyaya qaçmağa məcbur olub. Lakin o bundan sonra da Yanukoviçə yaxın olan “Müxalifətçi blok”a dəstək verməkdə davam edib.

Manafortun Ukraynadan qopardığı pulları kürəkəni Ceffri Yohay vasitəsilə əmlak biznesinə yatırdığı da ona qarşı irəli sürülən ittihamlardan biridir.

ABŞ mətbuatı Pol Manafortun Ukraynadan tam 18 milyon dollar pul çıxardığını qeyd edir.

Lakin nə işdirsə, bütün bunlar Donald Trampı Pol Manafortu özünün ən yaxın dairəsinə daxil etməsinə, hətta onun seçki qərargahının rəhbəri təyin olunmasına əngəl törətməyib. Yalnız Ukrayna hüquq-mühafizə orqanlarının sayəsində Manafort haqqında həqiqətlərin mediaya sızdırılmasından sonra D. Tramp könülsüz də olsa onu qərargah rəhbərliyindən uzaqlaşdırmağa məcbur olmuşdu.

“The New York Times” qəzetindən Kennet Vogelin yazdığına görə, Pol Manafort vəzifədən uzaqlaşdırılmasına rəğmən Trampın seçki strategiyasının hazırlamnasında yaxından iştirak edib.

Manafort barədə əsl ifşaedici məlumatlar Böyük Britaniya kəşfiyyatçısı Kristofer Stilin məruzəsində qeyd olunub. Burada Yanukoviçin Vladımir Putinə Manaforta verilən rüşvətlər barədə məlumatlandırdığı qeyd olunur. Buna görə Pol Manafort Trampın seçki qərargahı ilə Kreml arasında əməkdaşlıqla bağlı proseslərə rəhbərlik edirmiş.

Bütün bunlar isə ABŞ-ın hazırkı prezidentinin onsuz da bəsit sayılmayan vəziyyətini daha da müərkkəbləşdirir. Əgər P. Manafort deyildiyi qədər cinayət işlərində iştirak edibsə, bunun ən böyük zərbəsi şübhəsiz D. Trampa dəyəcək.

Musavat.com
Tarix: 5-11-2017, 20:28
Xəbəri paylaş





Xəbər lenti