Türkiyə dini dövlətə doğru daha bir addım atır

Türkiyə dini dövlətə doğru daha bir addım atır “The Telegraph” yazır ki, Türkiyədə müftilərə vətəndaş nikahlarını bağlamaq və ya kəbin kəsmək üçün icazə verən yeni qanun qəbul edilib.

Ölkənin liberal tənqidçiləri bildirirlər ki, bu qanun Türkiyənin dünyəvi konstitusiyasına ziddir.


Prezident Recep Tayyip Erdoğan tərəfindən bu həftə imzalanmış yeni qanun hökumət tərəfindən təyin edilmiş müftilərə, nikah rəsmiləri kimi vətəndaşların nikah qeydiyyatını həyata keçirmək icazəsi verir.

Bu qanundan əvvəl vətəndaşlara dövlət nikah qeydiyyatı ilə yanaşı, həm də də müsəlman kəbin ayinini icra etdirmək imkanı verilirdi.

İndiki qanun isə ümumiyyətlə dövlət nikah rəsmilərinin qeydiyyatı olmadan da evlənmək şəraiti yaradır.

Türkiyənin əsas müxalifət partiyası CHP bu qanunun qəbuluna kəskin müqavimət göstərirdi. Tənqidçilərin fikrincə qanun AKP hökumətinin ölkəni islamlaşdırmaq xəttinin davamıdır.

“Siz təhsildən nikaha qədər dövlətin bütün seqmentlərini dinləşdirmisiniz. Bu dünyəviliklə daban-dabana ziddir” – deyib CHP-dən millət vəkili Murat Bakan.

Liberal türklər həm də bundan narahatdırlar ki, nikah barədə bütün qeydiyyat sənədləri müftinin idarəçilyində qalcaq.

Vətəndaş haqları qrupları bildirirlər ki, müftilər nikaha daxil olan qızların azyaşlığına göz yuma bilərlər və beləliklə də azyaşlıların evləndirilməsi arta bilər.

Türkiyədə uşaq evliliyi (18 yaşından az) 15 faiz təşkil edir və bu bütün dünya üzrə yüksək göstərici sayılır.

Girls Not Brides (Qızlar Gəlin Olmamalıdır) kampaniyaçı qrupu bildirir ki, Türkiyədə uşaq evliliyinə dair göstərici rəqəm əslində daha yüksək ola bilər.

Müstəqil millət vəkili Aylin Nazlıaka deyib ki, qanun uşaqlara qarşı seksual təcavüzə birbaşa yol açır.

Türkiyə hökuməti isə bildirir ki, yeni qanun qeydiyyatsız nikahların sayını azaldacaq və dindar ailələrin dövlət nikahına daha çox can atmasına şərait yaradacaq.

“Bu qanun qeyri-rəsmiliyi ləğv edəcək” – deyib Erdoğan.

O bu qanun barədə danışarkən onu tənqid edən CHP-ni xalqdan uzaq düşməkdə ittiham edib.

Siam.az
Tarix: 5-11-2017, 22:25
Xəbəri paylaş





Xəbər lenti