“Rusiyadakı oktyabr çevrilişi alman xəfiyyəsinin köməyi ilə reallaşıb”

“Rusiyadakı oktyabr çevrilişi alman xəfiyyəsinin köməyi ilə reallaşıb” Fəzail İbrahimli: “Oktyabr olaylarını inqilab kimi xarakterizə etmək yanlışdır”
Bu günlərdə 1917-ci ildə Rusiyada baş verən və qısa müddət sonra bir çox ölkəyə əsaslı şəkildə təsir edən oktyabr hadisələrinin 100-ci ildönümü tamam oldu. Cumhuriyyet.az saytı olaraq bəzi tarixçilər tərəfindən ənənəvi qaydada inqilab, bəzi mütəxəssislər tərəfindən isə çevriliş kimi dəyərləndirilən oktyabr olaylarına, bu hadisələrin gerçək mahiyyətinə Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq:
-Fəzail bəy, 1917-ci ilin oktyabr hadisələri həm inqilab, həm də çevriliş kimi xarakterizə edilir. Sizcə bu iki yanaşmanın hansı oktyabr olaylarının əsl mahiyyətini daha dəqiq ifadə edir?
-Istərdim ki, oktyabr ifadəsindən sonra inqilab ifadəsini deyil, çevriliş ifadəsini işlədəsiniz. Vaxtiylə bu hadisələr inqilab kimi təqdim edilsə də, tarixi həqiqət üzə çıxıb. Bu prosesi həyata keçirən qüvvələrin mahiyyəti bəlli olub. Bəlli olub ki, bu, çevriliş idi. Rusiyada müvəqqəti hakimiyyətin devrilməsi, bolşeviklərin hakimiyyətə gətirilməsi xarici qüvvələrin köməyi ilə rus bolşeviklərinin rəhbərliyi altında həyata keçirilib. Bu, inqilab yox, çevriliş olub. İnqilab latın sözüdür. Mənası vaxtı keçmiş siyasi üst qurumun cəbr yolu ilə dağıdılmasıdır.
Tarixdə inqilablar olub. Böyük Fransa Burjua İnqilabı, İngiltərə Burjua İnqilabı və s. buna nümunədir. Bu inqilablar zamanı böyük qüvvələr üz-üzə dayanıb. Biri digəri ilə vuruşub. Nəticədə tərəflərdən biri qalib gəlib. Xalq ayağa qalxaraq sevmədiyi hakimiyyəti devirib. Bu, inqilabdır. Çevriliş isə müəyyən bir qrupun ayağa qalxıb hakimiyyəti devirməsi, hakimiyyətə gəlməsidir. Biz görürük ki, ayrı-ayrı ölkələrdə hərbi qüvvələr çevrilişə cəhd edir. 2016-cı ilin yayında Türkiyədə də çevrilişə cəhd oldu. Bunları necə inqilab adlandırmaq olar?
Çilidə Pinoçed dövlət çevrilişi edib hakimiyyətə gəldi. İraqda vaxtiylə Səddam Hüseyn bu yolu seçmişdi. Kubada F.Kastro bu cür addım atmışdı. Odur ki, 1917-ci ilin oktyabrında Rusiyada baş verən prosesləri də məhz çevriliş kimi xarakterizə etmək lazımdır.
-Oktyabr çevrilişinin hansısa miqyasda Azərbaycana da təsiri olubmu?

-Oktyabr çevrilişi Azərbaycanın tarixi taleyində ilk mərhələdə ciddi ictimai-siyasi mühit yaratdı. Çar hökuməti devrilmişdi. Müvəqqəti hakimiyyət də devrildi. Nəticədə çarın devrilməsindən sonra çar Rusiyasının ərazisində olan dövlətlərdə müstəqil düşüncə meyilləri ortaya çıxdı. Imperiyanın tərkibindəki dövlətlər müstəqillik haqqında düşünməyə başladılar. Zalımın başı qarışdığı üçün məzlumlar öz istəklərinə nail olmağa çalışırdılar. Nəticədə, bolşeviklər hakimiyyətə gəlməmidən öncə müəyyən siyasi proseslər getdi. Cənubi Qafqazda üç respublika yarandı. Bunlar Gürcüstan, Azərbaycan və Ararat respublikası idi. Bu dövrdə bolşeviklər hakimiyyətə gəlmişdi. Lakin onların hakimiyyətə gəlməsi ilə Rusiyada vətəndaş müharibəsi başladı. Bu müharibə 1917-ci ildən 1920-ci ilə qədər davam etdi. Bu müharibə bütün siniflərin mahiyyətini üzə çıxartdı. Bolşeviklər hakimiyyətə yiyələnmək üçün bütün qüvvələrini səfərbər etdilər. Bolşeviklərə qarşı silahlı mübarizənin getdiyi 1918-ci ildə Azərbaycan xalqı öz tarixi taleyini həll etdi.
Zaman məsələni çox sərt qoymuşdu. Azərbaycan ya ayağa qalxıb öz müstəqilliyini elan etməli, ya da hansısa böyük dövlətin buranı işğal etməsini gözləməli idi. Bu tarixi missiyanı həll edə biləcək qüvvələr, Avropa və Rusiyanın qabaqcıl düşüncə tərzinə yiyələnmiş bir qrup insan Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Nəticədə, Azərbaycan müstəqil dövlət elan etdilər. Azərbaycan 23 ay müstəqil dövlət kimi yaşadı.
Bolşeviklər daxili mübarizədən qalib çıxandan sonra onların lideri Lenin köhnə Rusiyanın sərhədlərini bərpa etmək fikrinə düşdü. Baxmayaraq ki, bolşeviklər Azərbaycana müstəqilliklə bağlı təbrik də göndərdilər. Qarşılıqlı anlaşma əsasında iki dövlət arasında münasibətləri bərpa etmək niyyətində olduqlarını bildirdilər və s. Bunların hamısı kağız üzərində idi. Leninin, bolşeviklərin məqsədi keçmiş Rusiyanın sərhədlərini qaytarmaq idi. Nəticədə, 1920-ci ilin aprel hadisələri XI ordunun Azərbaycana gəlişi və ölkəmizin işğalı ilə nəticələndi.
-Bəzən belə bir fikir səslənir ki, sosializm reallıqla əlaqəsi olmayan, kapitazlizmə qarşı mübarizə məqsədi ilə süni şəkildə yaradılan bir ideologiya idi və onun uğur qazanmamasının əsas səbəbi də məhz bununla bağlıdır. Bu qənaəti bölüşürsünüzmü?
-Bu, çox ciddi və elmi cavab tələb edən sualdır. Bu suala cavab vermək üçün o dövrdə baş verən ictimai-siyasi proseslərin mahiyyətini bilmək lazımdır. Sosializm ideologiyasının baniləri K.Marks və F.Engels idi. Onlar 1848-ci ildə çapdan çıxan Kommunist Partiyasının Manifesti əsərində kommunizm ideologiyası ilə bağlı baxışlarını ortaya qoymuşdular. Onlar düşünürdülər ki, Avropada baş verən inqilablar, Fransada Lion fəhlələrinin üsyanı, İngiltərədə Çartizm hərəkatı və s. mühüm hadisələrlə nəticələnəcək. Onlar iddia edirdilər ki, Avropada kommunizm kabusu dolaşmaqdadır. Yəni gec-tez bu ölkələrdə proletariat ayağa qalxacaq və hakimiyyətləri devirəcək. Hesab edirdilər ki, kapitalizm öz iflas dövrünü yaşayır. Bu səbəbdən də onlar düşünürdülər ki, proletariat bunları devirərək öz hakimiyyətini quracaq. Bu, Marks və Engelsin alman cəmiyyəti və Avropada gedən proseslərdən çıxardıqları nəticə idi.
-Marks və Engelsin irəli sürdüyü bu ideologiyanı gerçəkləşdirmək istiqamətində Avropada hansısa cəhdlər oldumu?
-Avropada bu ideologiyanı reallaşdırmaq üçün ciddi bir səy olmadı. Bolşeviklər isə bu ideologiyanı ordan oğurlayıb Rusiya mühitində tətbiq etmək niyyətinə düşdülər. Orada əsas və həlledici olmaqla iki maddə var idi. Marks və Engels yazırdı ki, sosializm mədəni cəhətdən inkişaf etmiş ölkələrdə və eyni zamanda bir neçə ölkədə qalib gələcək. “Inkişaf etmiş ölkələrdə” və “eyni zamanda” ifadələrinə diqqət edin. Bunlar nə üçün belə deyirdi? Inkişaf etmiş ölkələrdə proletariat daha güclü, daha ayıq, daha şüurlu idi. Onlar eyni vaxtda bir neçə ölkədə qalib gələcəyini isə ona görə iddia edirdlər ki, kapitalist dövlətlər bu inqilabları yatırmaqda biri digərinə kömək edə bilməsin. Lenin bu ideologiyanı tamamilə alt-üst etdi.
-Buna necə nail oldu?
-1915-ci ildə proletar inqilabının hərbi proqramı adlı bir əsər yazdı. Bir ildən sonra isə Avropa Birləşmiş Ştatları şüarı haqqında əsər yazdı. Bu iki əsərdən doğan ideyalar nədən ibarət idi? Marks və Engels deyirdi ki, sosializm inqilabı mədəni cəhətdən inkişaf etmiş ölkələrdə qalib gələ bilər. Lenin isə bunu dəyişdirdi. Bildirdi ki, hökmən deyil ki, mədəni cəhətdən inkişaf etmiş ölkələrdə qalib gəlsin. Bu inqilab geridə qalmış ölkədə də qalib gələ bilər. O, inqilabı Rusiyada tətbiq etmək istəyirdi. Rusiya isə geridə qalmış ölkə idi. Lenin bu yeni müddəa vasitəsi ilə bolşevik ideyasını Rusiyada yaymaq istəyirdi. Bundan başqa, Lenin iddia edirdi ki, bu inqilab bir neçə ölkədə deyil, bir ölkədə də qalib gələ bilər. Lenin yenə də Rusiyanı nəzərdə tuturdu. Nəticədə, Lenin bunu Rusiyanın ideologiyasına çevirdi. Lakin nəticə olaraq əlindən heç bir iş gəlmədi. Onlar öz niyyətlərini gerçəkləşdirmək üçün ayağa qalxsalar da, heç nəyə nail ola bilmədilər. Bolşeviklər hakimiyyətə gələ bilmədi. Çar onlara divan tutdu. Onlar Avropa dövlətlərinə qaçıb getdilər və öz fəaliyyətlərini orada davam etdirməyə başladılar. Trotski Amerikada, Lenin isə Almaniyada fəaliyyət göstərdi. O dövrün sənədlərinə diqqət etsək görərik ki, Lenin bütün bolşeviklərlə iş prinsiplərini Avropa dövlətlərində qururdu. Lenin Almaniya dövləti ilə iş birliyi qurmaq imkanı əldə edir. Almaniya tərəfindən maliyyələşdirilir. Belə bir məqamda isə hakimiyyətə can atır. Belə bir zamanda isə I Dünya müharibəsi baş verdi. Hansı ki, Rusiyada bu müharibənin iştirakçısı idi. “Antanta”da Rusiya, İngiltərə və Fransa təmsil olunurdu. Digər tərəf isə “Üçlər ittifaqı” idi. Burada isə Almaniya, Avstriya-Macarıstan və İtaliya qərar tutmuşdu. Rusiya bu müharibədə xeyli zəiflədi. Qalib gələ bilmədi. Orduda pərakəndəlik başladı. Ölkədə iqtisadiyyat zəiflədi. Əsrin əvvəllərindən Rusiya müharibə və inqilablar içərisində yaşamalı oldu. 1904-1905-ci illərdə Yaponiya ilə müharibə etdi və məğlub oldu. 1905-1907-ci illərdə ölkədə I rus inqilabı baş verdi. Ölkə vətəndaş müharibəsi gedişatında dağıdıldı, sonra isə irtica başladı. I Dünya müharibəsində isə iqtisadiyyatdakı böhran fəlakət həddinə çatdı. Xalq ayağa qalxdı. Fevral burjua inqilabı baş verdi. Nəticədə çar devrildi. Müəyyən dəyişikliklər edildi. Müvəqqəti hökumət yarandı. Bu hökumət də müharibədə uğur əldə edə bilmirdi. Belə bir vaxtda Almaniya Rusiyadakı ağır vəziyyətdən istifadə edib ölkədəki çevrilişə kömək etmək niyyətinə düşdü. Alman xəfiyyəsinin köməyi ilə 1917-ci ilin oktyabr ayının 25-də Rusiyada çevriliş baş verdi. Nəticədə, Lenin hakimiyyətə gəldi.
-Lenin hakimiyyətə gəlmək müqabilində Almaniyaya nə isə vəd etmişdimi?
( ardı var)
Seymur Əliyev
Tarix: 8-11-2017, 06:21
Xəbəri paylaş





Xəbər lenti