Səudiyyə Liberal Demokratik Respublikası

Səudiyyə Liberal Demokratik Respublikası Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd bin Salman qarşıya məqsəd qoyduğu kimi siyasi İslamı aradan qaldıraraq mülayim İslama keçidi təmin edə bilsə, bunun xarici təsirləri də olacaq. Məsələn, 2019-cu ildə Türkiyədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan məğlub ola bilər. Siyasi İslama dayanan teokratik rejimin ləğvi İrandakı dini hakimiyyətə qarşı daxili ictimai qüvvələri fəallaşdıra bilər. Əgər vəliəhd siyasi İslamı idarəetmə sistemi kimi aradan qaldıra bilməsə, o zaman Türkiyədə Ərdoğanın qələbəsi qaşılmaz olacaq, Səudiyyə Ərəbistanında və Yaxın Şərqdə sekulyar siyasi cərəyanlar ciddi zərbə alacaq, İranın bölgədəki mövqeyi daha da güclənəcək.

Ancaq Məhəmməd bin Salman mülayim İslama qayıdışı necə təmin edəcəyinə dair konkret mexanizm təklif ertmir. Daha doğrusu, onun belə bir mexanizmi və ya "yol xəritəsi" yoxdur. Hazırda ortodoksal İslama qayıdış demək olar ki, mümkün deyil. Bu da İslam dinində çoxsaylı təriqət və məzhəblərin mövcud olması ilə bağlıdır. "Mülayim İslam" anlayışını dünyəvi müsəlman dövlətlərinə xas olan dini modelə bənzədirlər. Dünyəvi müsəlman ölkələrində isə liberal İslam formalaşıb. Bunu mötədil İslam da adlandırırlar. Liberal İslamın ideoloji bazası olmasa da faktiki olaraq, bu gün müsəlman dünyası iki qütbə bölünüb-fundamentalist və liberal İslama. Müsəlmanların hansı təriqətə və məzhəbə inanması isə başqa məsələdir. İslam aləmində dini-siyasi güc mərkəzi kimi bu gün 3 əsas qüvvə çıxış edir.

1. Səudiyyə Ərəbistanı başda olmaqla vəhhabilik.
2. Mərkəzi İran olmaqla ideoloji mənbəyi "Cəfərilik" məzhəbinə dayanan, siyasi məzmununu isə Ayətullah Xomeyninin "Vilayəti-Fəqih" konsepsiyası təşkil edən radikal şiəlik.
3. İdeoloji mərkəzi Misir olan, siyasi mərkəzi Qətərə transfer etmiş "İxvanül-muslimin" (Müsəlman qardaşları). Son dövrlər Türkiyə "İxvan"ın dini-ideoloji təsiri altında olan məkanda siyasi lokomotivə çevrilməyə çalışır.


Bu qeyd edilənlər Yaxın və Orta Şərqin mövcud mənzərəsini əks etdirir.

Söhbət ondan gedir ki, İslam dininin müqəddəs mərkəzi hesab edilən Səudiyyə Ərəbistanında liberal İslamı tətbiq etmək mümkün olacaqmı? Məsələn, liberal İslamın olduğu ölkələrdə müsəlmanlara dini məcburiyyət yoxdur. Yüksək dini və məzhəbçi tolerantlıq olur. Dinə münasibət ictimai şüurda ümumi olsa da fərdi şüurda fərqlənir. İnsanlar dini normalara könüllü əməl edir. Məsələn, Azərbaycanda olduğu kimi. Müsəlman Ramazan ayında könüllü oruc tutur, orucluq müddəti başa çatdıqdan sonra isə spirtli içki qəbul edir. Kişilər İslamın vacib qaydalarından biri kimi sünnət olunur, amma hər sünnət olunan kişi namaz qılmır. Yas mərasimi dini ənənə əsasında həyata keçirilir. Amma din ictimai həyatın digər sferalarında fərqli mövqeyə malikdir, o cümlədən dövlətdən ayrıdır. Bu liberal İslamdır.

Səudiyyə Ərəbistanında isə İslam dini milli şüurun və milli mədəniyyətin tərkib hissəsidir. Siyasi idarəçilikdə teokratik rejimdən imtina oluna bilər, konstitusiyalı monarxiya rejiminə keçilə bilər. Amma əhalisinin 90 faizə yaxınını vəhhabilik təşkil edən bir ölkədə İslamın prinsiplərini Avropa dəyərlərinə transformasiya etdirmək mümkün olacaqmı?

Bu sualın cavabını hələ dəqiq verən olmayıb.

Cebhe.info
Tarix: 12-11-2017, 14:47
Xəbəri paylaş





Xəbər lenti