Ermənistanda vəziyyət nəzarətdən çıxır-tələbələr orduya getməkdən imtina edir

Ermənistanda vəziyyət nəzarətdən çıxır-tələbələr orduya getməkdən imtina edir İşğalçı ölkədə gərginliyin artması Azərbaycan üçün əlavə şans yaradır; politoloq: “Erməni xalqı seçim imkanını 1999-cu ildə itirib”

Həftənin ilk günündən etibarən işğalçı Ermənistanda başlayan tələbə aksiyaları yeni mərhələyə adlayıb. Tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə qarşı etirazlarını dayandırmaq niyyətində olmadıqlarını noyabrın 14-də start verdikləri aclıq aksiyası ilə də nümayiş etdiriblər.


Həftənin ilk günündən etibarən işğalçı Ermənistanda başlayan tələbə aksiyaları yeni mərhələyə adlayıb. Tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə qarşı etirazlarını dayandırmaq niyyətində olmadıqlarını noyabrın 14-də start verdikləri aclıq aksiyası ilə də nümayiş etdiriblər.

Qeyd edək ki, tələbələrin möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsi noyabrın 14-17-si arası parlamentin plenar iclasının müzakirəsinə çıxarılacaq. Oktyabrın 27-də o, artıq 1-ci oxunuşda qəbul edilib. Bununla belə, 5-ci gündür davam edən etirazlar müəyyən nəticə də verib. Belə ki, musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, müdafiə nazirinin müavini Artan Zakaryan deyib ki, qanun layihəsinə bəzi düzəlişlər edilib. Həmin düzəlişlərə görə, yeni qanun müstəsna istedadı olan tələbələrə şamil olunmayacaq. Yəni onların möhlət hüququ saxlanacaq. Tələbələr isə bunu yetərli saymırlar.

Ötən gün İrəvan Dövlət Universitetinin informatika və tətbiqi riyaziyyat fakültəsinin binası qarşısında tələbələr oturaq aksiya qərarı verib. Onlar bununla fakültənin auditoriyalarından birində qapını bağlayaraq aclıq aksiyasına başlayan yoldaşlarına dəstək veriblər. Məlumata görə, aksiyaya dəstək verənlərin sıraları getdikcə genişlənir. Belə ki, İrəvan Dövlət Konservatoriyasının onlarla tələbəsi də oturaq aksiyaya qoşulduğunu bəyan edib.

Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq sazişini imzalamağa hazırlaşdığı ərəfədə ölkədə başlayan aksiyalar təsadüfə bənzəmir. Hesab olunur ki, işğalçı ölkədə hansısa qüvvələr İrəvanı Avropaya inteqrasiya xəttindən uzaqlaşdırmaq üçün hərəkətə keçib və hərbi xidmət haqqında qanuna etiraz əslində bəhanədir.

Yeri gəlmişkən, düşmən ordusunda da acınacaqlı vəziyyətin hökm sürdüyünə dair növbəti məlumatlar yayılıb. Belə ki, təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açıldığı təsdiqlənib.

Bu arada işğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb. Azvision.az ttp://www.azvision.az/ xəbər verir ki, Ermənistan tərəfindən işğal edilən Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb. İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəblərini qərargah zabitləri özləri araşdırırlar.

İşğalçı ölkədə baş verənlərin səbəbləri barədə müxtəlif fikirlər var. Hesab olunur ki, Ermənistanda gərginliyin yaranması, vəziyyətin nəzarətdən çıxması Azərbaycana torpaqlarını azad etmək şansı yaradır.



Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda sosial gərginlik heç vaxt səngiməyib: “Proseslərdən asılı olaraq aktiv, yaxud passiv fazada olub. Ötən illərdən fərqli olaraq hazırda Ermənistanda prosesləri siyasi müstəvidə irəli apara biləcək real qüvvə yoxdur. Belə gərginliklər isə adətən hakimiyyətdaxili qüvvələr arasındakı rəqabətdən qaynaqlanır. 1999-cu ildə Ermənistan parlamentində baş verən qətliamdan sonra bu ölkədə Moskvanın iradəsindən kənar mövqe sərgiləyə biləcək qüvvə qalmayıb. Erməni xalqı seçim imkanını 1999-cu ildə itirib və yaxın perspektivdə bu imkanın bərpa oluna biləcəyi real görünmür”.

E.Mirzəbəyli 2018-ci il aprelin 9-da Ermənistan prezidentinin səlahiyyət müddətinin başa çatacağını xatırlatdı: “Ermənistan konstitusiyasına edilən dəyişikliyə əsasən, prezidenti parlament seçəcək və Sərkisyan da bu seçkidə iştirak edə bilməyəcək. Onun hakimiyyətə qalmasının yeganə yolu baş nazir kürsüsünə sahiblənməkdir. Ermənistanda keçirilən aksiyalarda sosial şüarların səsləndirilməsi və əsasən hökumətin və baş nazir Karen Karapetyanın hədəfə alınması Sərkisyanın əsas rəqibindən xilas olmağa çalışdığı ehtimalını yaradır. Qənaətimə görə, Ermənistanda baş verən son aksiyalar idarə olunan aksiyalardır”.

Bu vəziyyətin Azərbaycan üçün nə dərəcədə faydalı olub-olmadığına gəldikdə isə, politoloq bunları söylədi: “Kimsəyə sirr deyil ki, Azərbaycanın hərbi potensialı nəinki Qarabağı, hətta Ermənistanın özünü belə hərbi-cinayətkar xuntadan xilas etmək üçün yetərlidir. Əgər mövcud reallıqlar əsasında Ermənistan cəmiyyəti seçim etmək imkanında olsaydı, şübhəsiz ki, Azərbaycanın ən minimal təzyiqindən sonra münaqişənin həlli istiqamətində ciddi addımların atıldığının şahidi olardıq. Lakin münaqişənin həll edilməməsində aparıcı mövqedə dayanan güc mərkəzi var. Bu güc mərkəzi və onun oyuncaq rejimi münaqişənin indiki vəziyyətdə - nə hərb, nə də sülh - vəziyyətində qalmasını istəyir”.

Cavid TURAN
Tarix: 15-11-2017, 09:50
Xəbəri paylaş





Xəbər lenti