Rusiyaya qarşı müharibə üçün səlahiyyət verilir - QANUN LAYİHƏSİ

Rusiyaya qarşı müharibə üçün səlahiyyət verilir - QANUN LAYİHƏSİ Ukrayna Ali Radasının milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsi “Donbasın reinteqrasiyası haqqında” qanun layihəsinə Krımın qaytarılması məsələsini daxil edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda komitə sədri Sergey Paşinskiy bildirib.
“Qanunun konkret hədəfi Ukrayna Silahlı Qüvvələrindən istifadə ilə müvəqqəti işğal edilmiş Donbasın azad edilməsidir. Amma biz Krım və Sevastopolu unuda bilmərik, buna görə də onlar qanun layihəsinə əlavə edilib”, - Paşinskiy deyib.
Komitə həmçinin sənədin son adını təsdiq edib: “Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal edilmiş ərazilərində Ukraynanın dövlət müstəqilliyinin təminatı üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında qanun”.
Qanun layihəsində, xüsusi halda, yazılıb ki, Kiyev onun nəzarətində olmayan Donbas və Krım ərazisində verilmiş heç bir sənədi tanımır.
Ali Rada ikinci oxunuşda qanun layihəsinə baxmalıdır. Onun qəbulu halında prezident dövlət müstəqilliyinin təminatı üçün silahlı qüvvələrdən istifadə etmək hüququ alacaq. Bu, müharibə elanı olmadan Donbasda ordunun tətbiqini qanuniləşdirməyə icazə verəcək. Bundan başqa, qanun layihəsi Rusiyanı “təcavüzkar ölkə” kimi müəyyən edir.
Komitənin katibi İvan Vinnik bildirib ki, dekabrın əvvəlində qanun layihəsi Ali Radada qəbul oluna bilər. Onun sözlərinə görə, sənədi parlamentin 5 fraksiyası dəstəkləyəcək.
Vinnik əlavə etdi, qanun layihəsində Rusiya ilə diplomatik münasibətlərin qırılması haqqında düzəlişlər olmayacaq. Bu məsələ icra hakimiyyətinin səlahiyyətinə aiddir.
Xatırladaq ki, Ukraynanın cənubi-şərqində əməliyyatlar 2014-cü ilin yazında başlanıb. Moskva hərbi qarşıdurmanı vətəndaş müharibəsi kimi qiymətləndirsə də, Kiyev on minlərlə Rusiya hərbçisinin Donbasda olduğunu və müharibənin əslində Rusiya ilə Ukrayna arasında getdiyini bildirir. Hazırda Donetsk və Luqansk vilayətlərinin xeyli hissəsi Kiyevin nəzarətində deyil.
Ömər Dağlı
Tarix: 15-11-2017, 23:05
Xəbəri paylaş





Xəbər lenti