Qərbin Türkiyədə hakimiyyətə gətirmək istədiyi qüvvə...

Qərbin Türkiyədə hakimiyyətə gətirmək istədiyi qüvvə... Ekspert: “Ərdoğanı, AKP-ni təkbaşına devirəcək nə lider, nə də siyasi qüvvə yoxdur”

Qərbin Türkiyədə 2016-cı ilin iyulunda hakimiyyət dəyişikliyi etmək planı baş tutmadı. Lakin Türkiyə iqtidarının bir sıra təmsilçiləri və qardaş ölkənin mediası Qərb hakimiyyət dəyişikliyi planlarının hələ də mövcud olduğunu bəyan etməkdədirlər. Bəyan edilir ki, Türkiyəni tamamilə ram etmək üçün Qərb özlərinə sərf edən fiquru hakimiyyətə gətirmək planından vaz keçməyib. Bəs Qərbin Türkiyədə hakimiyyətə gətirmək istədiyi qüvvə, lider varmı? Varsa, o, kim ola bilər?


Politoloq Əhəd Məmmədli bildirdi ki, Qərb üçün artıq fərqi yoxdur hakimiyyətə kim gəlirsə-gəlsin təki Ərdoğan getsin. Ona görə konkret siyasi qüvvə və liderin adını çəkmək bir az çətindir: “Çünki prezident Ərdoğanı, AK Partiyanı tək-başına devirəcək nə lider, nə də siyasi qüvvə yoxdur. Bunu ancaq birlikdə edə bilərlər. Lakin hələlik bütün bu cəhdlər iflasa uğrayıb. Keçən il belə bir cəhd edildi, lakin Ərdoğanla xalqın birliyi bu planı puç etdi. Plan baş tutsaydı, ehtimal edilirdi ki, Qərbin oyuncağı olan hansısa general və ya siyasi fiqur hakimiyyət başına keçiriləcəkdi. Lakin bu plan baş tutmadı. Ərdoğanın sabit 52 % elektoratı var. Və nə vaxta qədər bu sabit elektorat azalmamaq şərti ilə Ərdoğanda olacaq, Qərbin siyasi, iqtisadi, hərbi həmlələrinin qarşısını türk xalqı alacaq.

Növbəti prezident seçkilərində Qərb yeni partiya yaradan Meral Akşenerə dəstək verə bilər. Amma bu dəstək sona qədər olmayacaq. Akşeneri aldadıcı variant kimi göstərib başqa bir namizəd ortaya çıxarda bilərlər və o namizədə Kamal Kılıçdaroğlu da, Meral Akşener də dəstək verə bilər".

AMİP katibi Əli Orucov da hesab edir ki, Qərbin problemi təkcə prezident Ərdoğan deyil. Hədəf ümumilikdə Türkiyə Cümhuriyyətidir. Hazırda Türkiyədə elə bir güclü lider və siyasi qüvvə yoxdur ki, Qərb ona “stavka” etsin və onu hakimiyyətə gətirə bilsin. Nəzərə almaq lazımdır ki, Türkiyədə xalq faktoru da ciddi əhəmiyyət daşıyır.

Qərbin hakimiyyətdə görmək istədiyi şəxs xalq tərəfindən əhəmiyyətli səviyyədə dəstəklənən, sevilən deyilsə, onun iqtidara gətirilməsi elə də asan olmaz. Qərbdən olsa hakimiyyəti xeyli vaxt öncədən dəyişərdi. Sadəcə olaraq, stavka ediləcək, xalq tərəfindən qəbul ediləcək alternativ lider problemi var. Belə bir alternativ lider hazırda görünmür: “İkincisi, nəzərə almaq lazımdır ki, Ərdoğanın yerinə Qərbə daha yaxın və onun bütün istəklərini yerinə yetirən kim gəlirsə-gəlsin Türkiyəyə münasibət dəyişməyəcək. Türkiyəni 52 ildir Avrop Birliyinin qapısında gözlədirlər, baxmayaraq ki, Qərbin bütün şərtləri və tələbləri yerinə yetirilib. Noyabrın əvvəlində Norveçdə NATO Təlim Mərkəzində Atatürkün və Ərdoğanın şərti düşmən hədəf kimi göstərilməsi bir daha sübut etdi ki, sadəcə, Ərdoğan bəhanədir, Türkiyə və türk milləti məkrli planların hədəfindədir. Qərbin PKK-nın Suriya qolu olan PYD/YPG-nin ən müasir silah-sursatla silahlandırılması və hər cür dəstək verməsi Türkiyənin gələcəyi üzərində real təhlükələr yaradıb. Bir zamanlar iddia olunurdu ki, Ərdoğan da məhz Qərbin dəstəyi ilə hakimiyyətə gətirilib. Lakin Türkiyə prezidentinin yürütdüyü siyasət bu iddiaları alt-üst etdi. Mən Türkiyə siyasətində hazırkı durumda qardaş dövləti bu qarmaqarışıqlılardan çıxara biləcək lider hələ ki görə bilmirəm”.

Etibar SEYİDAĞA
Tarix: 23-11-2017, 08:41
Xəbəri paylaş





Xəbər lenti