SƏUDİYYƏNİN VARİS ŞAHZADƏSİ HƏBSLƏRDƏN VƏ İSLAHATLARDAN DANIŞDI:“Ölkəmiz 40 ildir korrupsiyadan əziyyət çəkir” – Təhlil

SƏUDİYYƏNİN VARİS ŞAHZADƏSİ HƏBSLƏRDƏN VƏ İSLAHATLARDAN DANIŞDI:“Ölkəmiz 40 ildir korrupsiyadan əziyyət çəkir” – Təhlil Tomas Fridman

"The New York Times" (ABŞ)



Heç haxt düşünməzdim ki, bu sətirləri yazacağım günə qədər yaşayacağam: bu gün Yaxın Şərqi bürüyən daha əhəmiyyətli islahat prosesi Səudiyyə Ərəbistanında görünür. Bəli, düz başa düşmüsünüz. Səudiyyə qışının lap əvvəlində bura gələrkən aşkarladım ki, ölkə özünün “Ərəb baharı”nı yaşayır.


“Ərəb baharı”nın digər variasiyalarından fərqli olaraq – Tunis istisna olmaqla – hamısı aşağıdan yuxarı başlayıb və uğursuzluğa düçar olub – bu, 32 yaşlı varis şahzadə Məhəmməd ibn-Salmanın təşəbbüsü ilə yuxarıdan keçirilir və hər şey uğurla getsə, nəinki təkcə Səudiyyə Ərəbistanının xarakterini dəyişəcək, həm də bütün dünyada islama yeni yön verəcək. Yalnız axmaq adam bu islahatları uğurlu zənn etməyə girişər və bununla yanaşı, yalnız axmaq adam buna görə həyəcan keçirməz.

Baş verənlərdən baş çıxarmağı qət edərək Ər-Riyada uçdum ki, “M.B.S.” kimi ad çıxarmış varis şahzadədən müsahibə götürüm. O, burada noyabrın əvvəlində hökumətin korrupsiya ittihamı üzrə onlarla səud şahzadəni və biznesmeni həbs edərək improvizə olunmuş altun həbsxanaya – "Riyadh Ritz-Carlton" otelinə qatıb və onlar şərəfsiz yolla qazanılmış sərvətlərindən imtinaya razılaşmayanadək burada qalacaqları fövəladə xarakterli hadisəni hələ şərh etməyib. Belə şeyi hər gün görməzsən.

Biz ər-Riyaddan şimala Oucda gil divarlı, zəngin bəzədilmiş ailə iqamətgahında gecə görüşdük. Şahzadə Məhəmməd ingiliscə danışır, şahzadə qardaşı, Səudiyyə Ərəbistanının ABŞ-da yeni səfiri Xalid və bir neçə yaşlı nazir quzu ətindən müxtəlif təamlara qonaq edilir və söhbətə özəl çalar verirlər. Demək olar, dörd saatlıq müsahibədən sonra səhər saat 1:15-də, nəhayət, təslim oldum, şahzadənin yadına saldım ki, yaşca ondan düz iki dəfə böyüyəm.

Ölkəni kökündən dəyişdirmək üzrə ərəb liderlərin hansındansa qaynaqlanan yeni ideyaların bu qədər şiddətli axını artıq çoxdan, lap çoxdan mənim üzərimə gəlməmişdi.

Biz bəlli bir sualdan başlayırıq. Ritzdə nə baş verir: xəstə atası, kral Salman krallığın açarını ona verənədək şahzadə ailə daxilində və iqtisadiyyatın özəl sektorunda rəqiblərdən qurtulmaq üçün bununla öz gücünümü sərgilməyə cəhd edir?

O deyir: “Bu antikorrupsiya kampaniyasının hakimiyyəti ələ keçirmək olduğunu güman etmək boş sözdür”.


Şahzadə qeyd edir ki, Ritzdə saxlananların içindəki bir çox görkəmli xadimlər artıq açıq şəkildə ona və islahatlara sadiqliyini bildirib və “kral ailəsi üzvlərinin əksəriyyəti” onu dəstəkləyir. Onun sözlərinə görə, bu, baş verib: “Ölkəmiz 1980-ci ildən bu günə qədər korrupsiyadan əziyyət çəkir. Ekspertlərimizin hesablamalarına əsasən, hər il bütün səviyyələrdə dövlət xərclərinin, təxminən, 10 faizi hissə-hissə oğurlanır. Hökumət bu müddətdə dəfələrlə “korrupsiyaya savaş” elan edib və bütün cəhdlər uğursuzluğa düçar olub. Niyə? Çünki bunların hamısı aşağıdan başlanıb”.

Buna görə də Ər-Riyadın qubernatoru vəzifəsində, demək olar, əlli il ərzində bir dəfə də korrupsiyada ifşa olunmayan atası 2015-ci ildə (neft qiymətlərinin düşdüyü vaxt) taxta çıxanda bütün bunlara son qoymağa and içib. Şahzadə deyir: “Atam anlayırdı ki, korrupsiyanın bu cür səviyyəsində “Böyük iyirmilik”də qala və inkişaf edə bilmərik. 2015-ci ilin başlanğıcında onun öz komandasına ilk əmrlərindən biri korrupsiya haqda bütün məlumatları yuxarıdan toplamaq idi. Bu komanda sonradan, təqribən, 200 nəfərlik siyahını təqdim etmək üçün iki il ərzində ən dəqiq məlumatı toplayıb”.

Şahzadənin sözlərinə görə, materialların hamısı hazır olanda prokuror Səud əl-Mucib uyğun tədbirlər görüb. Şübhəli bilinən milyarderlər və ya şahzadələr seçim qarşısında qoyulub: “Əlimizdəki bütün sənədləri onlara göstəririk və bundan sonra onların, təxminən, 95%-i nəqd pulun və ya səhmlərin Səudiyyə Ərəbistanının dövlət xəzinəsinə silinməkdən ibarət olan sövdəyə razılaşır”.

“Bir faizə yaxını, – o, əlavə edir, – sübut etmək iqtidarındadır ki, qanun qarşısında təmizdir və onların işi yerindəcə bağlanır. 4%-ə yaxını iddia edir ki, korrupsiyaya bulaşmayıb və öz vəkilləriylə məhkəməyə müraciət etmək niyyətindədirlər. Səudiyyə Ərəbistanının qanunvericiliyi üzrə, prokuror müstəqil simadır. Biz onun işinə qarışa bilmərik, kralın prokuroru işdən çıxarmaq hüququ var, amma bu prosesi məhz o aparır… Bu prosesin gedişində heç bir biznesmenin müflisləşməməsini izləyən ekspertlərimiz var. İşsizlikdən yayınmaq üçün".

Mən soruşuram: “Onlar nə qədər pul qaytarırlar?”

Şahzadə məlumat verir ki, prokurorun sözlərinə görə, sövdələşmənin nəticəsində bu məbləğ “yüz milyard dollara yaxın ola bilər”.


Əlavə edir ki, aşağıdan yuxarı bütün korrupsiyanın kökünü kəsmək mümkün deyil, “buna görə də siqnallar göndərmək lazım gəlir və indiki siqnal bu cür səslənir: “Siz qaçıb gizlənə bilməzsiniz”. Və nəticələr göz qabağındadır, məsələn, adamlar sosial şəbəkələrdə “vasitəçiyə zəng edirəm, o isə cavab vermir” yazanda”.

Şahzadə izah edir ki, bürokratların göstərdiyi qulluğa görə rüşvət verən Səudiyyə biznesmenləri məsuliyyətə cəlb olunmur. “Bunlar hökumətdən pul çırpışdıranlardır” – qiymətləri yüksəltmək və “əlhaqqı” almaq yoluyla.

Şahzadə Məhəmmədin bu antikorrupsiya kampaniyasına ümidi yetərincə yüksəkdir. İctimaiyyət onun sistemi sarsıdan korrupsiya ilə həqiqətən mübarizə apardığı, prosesin şəffaflığına zəmanət verdiyi və səudiyyəli və əcnəbi gələcək yatırımçlara qanunun aliliyinin üstün gələcəyinə işarə etdiyini düşünürsə, sistemə inam xeyli möhkəmlənəcək. Lakin bu kampaniya son nəticədə özbaşınalıq, qeyri-şəffaf və qorxuducu, daha çox hakimiyyət xatrinə hakimiyyətin bir əldə cəmləşməsi və heç bir qanunun nəzarət etmədiyi proses olarsa, son nəticədə səudiyyəli və xarici yatırımçıları qorxudacaq və onları cürətdən məhrum edəcək. Ölkə isə bunu özünə rəva bilməz.

Lakin bir şeyi dəqiq bilirəm: bu günlərdə görüşməyə müyəssər olduğum istisnasız olaraq bütün səudiyyəlilər korrupsiya ilə bu mübarizəyə qızğın dəstək ifadə ediblər. Səudiyyədə susan çoxluq bu qədər çox sayda şahzadə və milyarder ölkənin var-yoxunu talayarkən ölkədə hökm sürən ədalətsizlikdən aşkarca boğaza yığışıb.

Mənim kimi əcnəbilər bu əməliyyatın hüquqi çərçivəsiylə maraqlandığı vaxtda söhbətləşdiyim səudiyyəlilər arasında bu cür əhvali-ruhiyyə hökm sürür: “Sadəcə, ciblərindən bütün pullar tökülüb səpələnənə qədər onların hamısını təpəüstə tutub silkələyin!”

Amma bilirsiniz, nədir? Bu antikorrupsiya kampaniyası şahzadənin önəmcə ikinci təşəbbüsüdür. Birincisi bundan ibarətdir ki, Səudiyyə islamı 1979-cu ildən aralandığı daha açıq və çağdaş istiqamətə dönsün. Yəni şahzadə Məhəmmədin burada bu yaxınlarda keçirilən dünya investisiya forumunda “dünyaya, bütün dinlərə və ənənələrə və xalqlara açıq, mötədil, balanslaşmış islam” kimi müəyyən etdiyi dinə qayıdış.

Mən həmin ili yaxşı xatırlayıram. 1979-cu ildə Yaxın Şərqdə reportyor kimi karyerama Beyrutda başlamışam və o gündən bəri məğul olduğum bölgə həmin ilin üç böyük hadisəsilə formalaşdırılıb: Səudiyyə Ərəbistanının hakim ailəsini korrupsiya və Qərb dəyərləri qarşısında alçalmaqda ittiham edən səudiyyəli puritan (əxlaq məsələsində özünü çox ciddi göstərən adam-tərc.) ekstremistlərin Məkkədə Böyük Məscidi ələ keçirməsi, İranda islam inqilabı və Əfqanıstana sovet müdaxiləsi. Bu üç hadisə o zaman Səudiyyə Ərəbistanı hakim ailəsini əməlli-başlı qorxudub və vəhhabi ruhanilərə cəmiyyəti daha ciddi islama məcbur etməyə icazə verməklə, həmçinin kimin daha təməlçi islam ixrac etməyə iqtidarlı olmaqda İran ayətullahlarıyla ümumdünya rəqabətinə başlamaqla öz legitimliyini möhkəmləndirməyə cəhd edib. Amerikanın bu tendensiya ilə silahlanaraq Əfqanıstanda Rusiyaya qarşı islamçı döyüşçülərdən istifadə etmək durumu yalnız ağırlaşdırıb. Yekunda islam bütün dünya üzrə sağa əyilib və 9/11-i (“əl-Qaidə”nin 11.09.2001-də Nyu-Yorkda Ümumdünya ticarət mərkəzində həyata keçirdiyi terakt-tərc.”) hazırlayıb.

Təhsilcə vəkil, təhsil və sosial təminata dəstək üçün fond yaratmış şahzadə Səudiyyə islamını mərkəzə qaytarmaq vəzifəsini üzərinə götürüb. O, təkcə Səudiyyə Ərəbistanının qüdrətli din polisinə öz dərilərinin hər bir nöqtəsini örtməyə görə qadınları danlamağı qadağan etməyib, həm də qadınlara sükan arxasına əyləşmək icazəsi verib. Həm də Səudiyyə Ərəbistanının əvvəlki bütün liderlərindən fərqli olaraq ideoloji mövqedən sərt xətt tərəfdarlarını tənqid edir. Səudiyyə Ərəbistanının ABŞ-da təhsil almış 28 yaşlı bir qadın sakininin mənə dediyi kimi, şahzadə Məhəmməd “başqa dildə danışır”. O deyir: “Biz ekstremizmi məhv etmək niyyətindəyik. O, heç nəyi bəzəməyə çalışmır. Bu, gələcək dəyişikliklərin gerçəkliyinə inam yaradır”.

Və doğrudan da, şahzadə Məhəmməd mənə belə nəsihət verir: “Yazmayın ki, biz islamı “yenidən mənalandırırıq” – biz islamı onun qaynaqlarına “qaytarırıq” və bizim ən başlıca üsullarımız Peyğəmbərin praktikası və Səudiyyə Ərəbistanında 1979-cu ilə qədərki adi günlərdir”.

O, iddia edir ki, Məhəmməd Peyğəmbərin dövründə musiqili teatrlar var idi, kişi və qadınların qarışıq cəmiyyəti mövcud idi, Ərəbistanda xristian və yəhudilərə sayğı bəslənirdi: “Mədinədə ticarət məsələləri üzrə ilk hakim qadın olub!”

Şahzadə sual edir: “Əgər Peyğəmbər bütün bunları qəbul edirdisə, belə çıxır ki, Peyğəmbər müsəlman deyildi?”

Sonra onun nazirlərindən biri mobil telefonunu çıxarıb Səudiyyə Ərəbistanında 1950-ci illərdə çəkilmiş fotoşəkil və videoçarxları göstərir: kişilərlə küçələrdə gəzişən başıaçıq qadınlar, həmçinin konsertlər və kinoteatrlar. Bu, əvvəlkitək ənənəvi və səbirli ölkəydi, lakin 1979-cu ildən sonra baş verdiyi kimi, əyləncənin qanundankənar elan edildiyi ölkə deyildi.

Səudiyyə Ərəbistanı onu 1979-cu ildə tərk edən bu antiplüralist, təriqətçi islam virusunu yenə bilsə, müsəlman dünyasında mötədil baxışlar yayılacaq və sözsüz ki, əhalisinin 65%-dən çoxunu 30 yaşa qədərki cavanlar təşkil edən ölkədə alqışlanacaq.

Tərcümə Strateq.az-ındır.
Tarix: 27-11-2017, 08:09
Xəbəri paylaş





Xəbər lenti