Tereza Meyin 13 milyon dollarlıq “sevdası”

Tereza Meyin 13 milyon dollarlıq “sevdası” İngiltərənin baş naziri Tereza Mey dünən İraqa gizli səfər edib. İraq səfəri son ana qədər gizli saxlanılıb. Bildirilir ki, Mey səfər çərçivəsində İraqın baş naziri Heydər əl İbadi ilə görüşüb. İngiltərə İŞİD ilə mübarizə üçün İraqa 13 milyon dollarlıq əlavə yardım sözü verib.
Dünya mətbuatında bu barədə müxtəlif mənada müzakirələr aparılıb. Xarici siyasətçilər Meyin bu siyasətinin arxasında məkrli məqamların olduğunu bildirirlər. Azərbaycanlı siyasətçilər də məsələyə birmənalı yanaşmırlar. Politoloq Zərdüşt Əlizadə “Ölkə.Az”a açıqlamasında bildirib ki, Tereza Meyin siyasi kursu çox zəifdir. Onun fikrincə, Mey belə addımlarla özünü bir qədər təsdiqləmək istəyir.
“Meyin beynəlxalq arenada və daxildə hörməti çox deyil. Uğursuz seçkilər keçirtdi. İndi T.Mey öz mövqeyini möhkəmləndirmək üçün müxtəlif addımlar atır. Bunlardan biri də onun İraq səfəridir. O, İraqa 13 milyon dollarlıq əlavə yardım sözü verib. İraq özü kifayət qədər zəngin dövlətdir. Bu məbləğin İraq üçün elə də böyük faydası olmayacaq. T.Mey özünü mühüm beynəlxalq siyasi oyunçu kimi təqdim etmək istəyir. Lakin konkret siyasi məqsədə və əqidəyə xidmət etmir. Çünki hazırda İraqda hərbi vəziyyət sabitdir. ABŞ, İran və digər ölkələr İraqa yardım edir. Bir tərəfdən də İraq hökumətinin özünün mövqeyi sabitləşib. Yəni İraq dövlət kimi bərpa olunmağa başlayır. Bu vəziyyətdə T.Meyin İraq hökumətinə kömək etmək istəyi sadəcə gülünc görünür”, - deyə Zərdüşt Əlizadə bildirib.

Ziya Səccad
Tarix: 30-11-2017, 22:32
Xəbəri paylaş





Xəbər lenti