Avropa İttifaqı Rusiyanı ABŞ-ın caynağından ala biləcəkmi...


 

“İtaliya, İspaniya və bir sıra Avropa İttifaqı üzvləri də Kreml-Ağ Ev münasibətlərinin düzəlməsində, sanksiyaların götürülməsində maraqlıdırlar”

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iyunun 5-6-da Avstriyada səfərdə olub. Putin Avstriyanın Federal prezidenti Aleksander Van der Bellenlə və kansler Sebastian Kurzla görüşüb.

Avstriya prezidentinin iqamətgahının yerləşdiyi Hofburq sarayında prezidentlərin təkbətək görüşündən sonra mətbuat konfransı keçirilib. Konfransda Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalara baxmayaraq, Avstriya və Rusiya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsi yüksək qiymətləndirilib. Rusiya prezidenti qeyd edib ki, sanksiyalar hamı üçün zərərlidir.

Vladimir Putin Vyanada keçirilən birgə mətbuat konfransında deyib ki, Rusiya Qərb sanksiyalarının yaratdığı çətinliklərin öhdəsindən gələ bilib.

Avropa İttifaqı sanksiyalarının Rusiyaya təsiri barədə suala cavab verən Putin deyib ki, cəzalandırıcı tədbirlər bütün tərəflər üçün ziyanlıdır və hamı bu məhdudiyyətlərin qaldırılmasında maraqlıdır.

Amma Van der Bellen vurğulayıb ki, Avstriya Rusiyaya münasibət məsələsində Avropa İttifaqı ilə həmrəy hərəkət edəcək.

Avstriyaya səfərindən əvvəl isə Putin demişdi ki, Moskva Avropa İttifaqı ilə münasibətlərin qaydaya salınmasına tərəfdardır. O, habelə qeyd etmişdi ki, “vahid və firavan” Avropa İttifaqı Rusiyanın marağındadır.

Kansler Sebastian Kurz isə əgər Ukrayna münaqişəsinin çözümü məsələsində inkişaf olarsa, Rusiya üzərindəki sanksiyaların mərhələlərlə qaldırılmasına tərəfdar olduğunu bildirmişdi.

Lakin Kurzun koalisiya hökumətinə daxil Azadlıq Partiyasının lideri Heinz-Kristian Strake Rusiya üzərindəki sanksiyaların qaldırılmasına çağırıb.

ABŞ-ın Rusiyaya qarşı hücumları artırdığı və bu ölkəni dizə gətirməkdə qərarlı olduğunu nümayiş etdirdiyi bir vaxtda V.Putinin Avropa İttifaqının üzvü olan ölkəyə səfər etməsi və yüksək səviyyədə qarşılanması dünyanın əsas müzakirə etdiyi mövzulardan biridir. Putinin bu səfəri Avropa İttifaqı-Rusiya münasibətlərinin yumşalmasına səbəb ola bilərmi? Avropa İttifaqının Rusiyanı ABŞ-ın caynağından almağa çalışdığını və buna nail ola biləcəyini söyləmək mümkünmü?

Politoloq ElÅÉn Mustafayev ile ilgili görsel sonucu

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Vladimir Putinin andiçmə mərasimindən sonra ilk səfərini Avstriyaya etməsi bu iki ölkə arasında iri həcmli iqtisadi münasibətlərin keçmişdən olması, Avropa İttifaqının, ABŞ-ın sanksiyaları olmasına baxmayaraq bir çox sahələrdə hələ də davam etməsi səbəbindəndir. Avropanın enerji təchizatınının böyük bir hissəsini Rusiya təmin etdiyi üçün arada olan bütün əngəllərə rəğmən bu istiqamətdə digər sahələrlə müqayisədə gərginlik yoxdur: “Səfər zamanı 2040-cı ilə qədər  Avstriyaya qaz nəqli ilə bağlı Qazprom və Avstriya konserni OMV arasında razılığın imzalanması bunu bir daha təsdiq edir. İndiyə qədər uzun müddətdir ki, Rusiyadan Avstriyaya birbaşa qaz kəməri vasitəsilə qaz daxil olur. Bütün bunlar onu deməyə əsas verir ki, bir çox Avropa İttifaqı dövlətləri ayrı-ayrılıqda Rusiya ilə özlərinə uyğun sahələrdə əməkdaşlıqları davam elətdirməkdə maraqlıdırlar və bunu edirlər”.

Politoloq vurğuladı ki, bu əməkdaşlıqlar ABŞ-ın və Avropa İttifaqının böyük dövlətlərinin  çızdığı çərçivədən kənara çıxmamaq şərtilə həyata keçirilir. Amma Avropa İttifaqı çərçivəsində isə Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyaların tətbiq olunması məsələsində açıq etirazlarını bildirmirlər, hətta bu sanksiyaların həyata keçirilməsində iştirak edirlər:“Odur ki, hesab edirəm Putinin Avstriya səfəri sırf hər iki dövlət üçün qarşılıqlı biznes maraqlarından doğan bir hadisədir. Bunun siyasi vəziyyətə təsir etməyəcəyini hər iki tərəf yaxşı bilir. Yəni istəsələr belə, Avstriya prezidenti və kansleri bütövlükdə Avropa İttifaqı-Rusiya münasibətlərini yumşaltmaq, ABŞ-ın sanksiyalarının qarşısını alması üçün bir iş  görmək iqtidarında deyillər. Heç Putin də onlardan bunu gözləmir. Ona qalsa, İtaliya, İspaniya və bir sıra Avropa İttifaqı üzvləri də Rusiya ilə ABŞ arasında münasibətlərin düzəlməsində, sanksiyaların götürülməsində maraqlıdırlar. Lakin bu istək maraqdan o yana keçə bilmir. Bu məsələdə əsas söz sahibi ABŞ olduğu üçün onun mövqeyi həlledici rol oynayır. Avropa İttifaqı ölkələri isə ABŞ-la ikitərəfli münasibətlərini hər zaman yaxşı saxlamağa çalışırlar”.

Etibar SEYİDAĞA

Tarix: 7-06-2018, 10:11
Xəbəri paylaş





Xəbər lenti